İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

post-img

İyulun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın rəsmi mətbuat qurumu olan “L’Osservatore Romano” qəzetinin jurnalisti Rossella Fabiani ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, R.Məmmədov qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin din siyasətinin prioritet istiqamətinə çevrilən tolerantlıq mühitinin qorunması və təbliği üçün həyata keçirilən tədbirlər haqqında danışıb. Qeyd edib ki, hazırda dinlərarası dialoqa töhfə verən Azərbaycanda müxtəlif dini icmaların hüquqları təmin olunmaqla yanaşı, onlara xüsusi diqqət və qayğı göstərilir. Bu yanaşmanı müxtəlif dinlərə aid tarixi-dini abidələrin bərpası və müvafiq istiqamətdə təşkil edilən beynəlxalq konfranslara münasibətdə görmək mümkündür.

Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bir sıra məscid və ziyarətgahlarla yanaşı, xristian və yəhudi abidələrinin bərpasına göstərdiyi dəstəyi vurğulayan Ramin Məmmədov bunun bəşəri dəyərlərə verilən önəmin təzahürü olduğunu deyib.

Rossella Fabiani bu səfərin onda Azərbaycan haqqında, ölkəmizin zəngin dini-mədəni irsi barədə daha dolğun təəssürat yaratdığını, xüsusilə Alban xristian abidələrinin tarixini öyrənməyə geniş imkanlar verdiyini qeyd edib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, quruculuq işlərinin əhəmiyyətinə toxunan qonaq qayıdış prosesinin uğurla icra edilməsini yüksək qiymətləndirib. O, səfəri zamanı canlı şahidi olduğu Azərbaycandakı birgəyaşayış, qarşılıqlı etimad mühitinin dünyada nadir nümunələrdən birini təşkil etdiyini bildirib.

Qeyd edək ki, Rossella Fabiani səfəri çərçivəsində Quba, Qəbələ, Oğuz, Şəki, Ağdərə, Xocavənd, Kəlbəcər, Laçın rayonları, həmçinin Şuşa şəhərindəki kilsə, sinaqoq və Azərbaycanın qədim Xristian irsi olan Alban abidələrini ziyarət edib. Qonaq Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-udi xristian dini icması, eləcə də qəsəbədə yerləşən “Müqəddəs Məryəm Ana”, Müqəddəs Yelisey (Cotari) kilsələri ilə tanış olub, Alban xristian irsi barədə ətraflı məlumat alıb.

Sosial həyat