Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib. Belə ki, əsən güclü külək nəticəsində şəhərin bir sıra ərazilərində iri gövdəli ağaclar aşıb, bəzi ağacların isə budaqları sınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bununla yanaşı, Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Güclü külək, eyni zamanda, bir neçə evin də dam örtüyünü dağıdıb. Şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Şəhər icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq, Mənzil–Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları küləyin fəsadlarının aradan qaldırılması istiqamətində çalışırlar.
***
Güclü gülək səbəbindən Goranboy rayonunun 85 yaşayış məntəqəsi üzrə 22 min 514 abonentin elektrik enerjisi və rabitə ilə təchizatında fasilələr yaranmış, bir neçə fərdi yaşayış, bina evləri və yardımçı tikililərin dam örtüklərinə, şəxsi avtomobillərə ziyan dəymişdir. Bununla bağlı, rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq ərazilərdə olmuş, baş vermiş fəsadların aradan qaldırılması istiqamətlərində, aidiyyəti xidmət sahələri ilə birgə, əməli tədbirlər görülmüşdür.
Hazırda elektrik enerjisi və rabitənin bərpası üzrə tədbirlər davam etdirilir.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri