Əfqanıstan – imperiyaların məzarlığı

post-img

Yəqin hamının yadındadır. Ötən iki-üç əsr başdan-başa güclü dövlətlərin və maraqlı siyasi mərkəzlərin Əfqanıstan uğrunda mübarizəsi ilə müşayiət olunub. Elə son yüzillikdə də həmin tendensiya davam edib.  SSRİ “öz cənub sərhədlərinin qorunması” məqsədilə Əfqanıstanda mövcudluğunu sübut etməyə çalışırdısa, ABŞ bu müsəlman ölkəsinə “demokratiya gətirmək istəyini” deyirdi. Avrasiyanın başqa ölkələri də Moskva və Vaşinqton qədər olmasa da,  Əfqanıstana maraq göstərirdilər və təbii ki, hərəsinin öz bəhanəsi var idi. Hətta, bu ölkəyə müdaxilə etmək üçün müxtəlif koalisiyalar da yaradılmışdı. 

 Müxtəlif  çeşidli bəhanələrə baxmayaraq, məqsəd aydın idi. Belə ki, bu dağlar diyarının az qala bütün ərazisi təbii sərvətlərlə zəngindir. Burada kömür, dəmir, mis, qurğuşun, sink, natrium, maqnezium sulfat, xrom, sulfid, asbest, mərmər və sair faydalı qazıntı yataqları mövcuddur. Elmi mərkəzlər sübut edirlər ki, Əfqanıstanda çox zəngin təbii qaz yataqları vardır. Ancaq əhalinin böyük əksəriyyəti əkinçilik və heyvandarlıqla – qoyun – keçi bəsləyib satmaqla məşğuldur. Yəni heç kəs bu “kasıb ölkə”yə seyrə çıxmaq üçün gəlmir, necə deyərlər, “qara qız”ların dərdi var.  

Bildirilir ki, Əfqanıstanın  coğrafi cəhətdən Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq, beynəlxalq aləmdəki məlum aktorlar onu   Yaxın Şərq ölkəsi hesab edirlər.  Şərqdə və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəd olan Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. 

Alimlərin fikrincə, bu ölkənin strateji mövqeyi tarix boyu Böyük ipək yolu boyunca  Orta Şərq və Asiyanın digər bölgələri arasında mədəni əlaqələrin yaranmasında mühüm rol oynayıb. Bu ərazi daim  bir çox hərbi yürüşlərə məruz qalmışdır. Bütün bu hərbi müdaxilələrə  baxmayaraq, ölkə işğalçılara qarşı daim mübarizə aparmış və buna görə də “alınmaz qala” və “imperiyaların məzarlığı” kimi ad qazanmışdır.

Təəssüf ki, Əfqanıstan hazırda qeyri-sabit siyasi vəziyyətdədir. Əhalisinin sayı 35 milyon nəfərə çatır ki, bunun da əksər hissəsini etnik puştunlar, taciklər, həzaralar və özbəklər təşkil edir. Tarixçilərin fikrincə, ölkədə yeganə siyahıyaalma 1979-cu ildə – iyunun 5-dən iyulun 5-dək  aparılıb. Ölkə çoxmillətli olsa da, çoxluğu (yəni əhalinin əlli faizdən çoxunu) təşkil edən xalq yoxdur. 

Maraqlı faktlardan biri də odur ki, Əfqanıstan bu gün  Pakistan, İran, Almaniya, Hindistan, Böyük Britaniya, Belçika, Lüksemburq və  Çex Respublikası ilə ticari-iqtisadi əməkdaşlıq edir. Rəsmi Kabul həmin ölkələrə əkinçilik və heyvandarlıq məhsulları –  xaşxaş, buğda, meyvələr, fındıq, yun, dəri satır. Bundan başqa xarici ölkələr Əfqanıstanın qiymətli daş-qaş  və ləl-cəvahiratlarına da böyük maraq göstərirlər. 

Yeri gəlmişkən, bu ölkənin pul vahidi Əfqanıstan əfqanisi  – əhvədir. Bir Azərbaycan manatı  41 min 552 əhvəyə bərabərdir. Yəni imperialist ölkələrin maraqları böyük təbii sərvətlərə malik olan Əfqanıstanın iqtisadiyyatını bu günə qoyub. 

Azərbaycanın da Əfqanıstanla qarşılıqlı hörmət və ehtirama əsaslanan dostluğu, tərəflərin hər ikisinin maraqlarına cavab verən səmərəli əməkdaşlığı mövcuddur. Ölkələrimiz eləcə də, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq tribunalarda bir-birinin mövqelərini daim dəstəkləyirlər. Kabulda Azərbaycanın, Bakıda isə Əfqanıstanın səfirliyi fəaliyyət göstərir. 

İttifaq MİRZƏBƏYLİ 

 

Dünya