Qərb Rusiya–KXDR yaxınlaşmasından narahatdır

post-img

Hazırda Qərb mediasında ən çox şərh edilən beynəlxalq mövzulardan biri Rusiya Prezidenti Vladimir Putinin Koreya Xalq Demokratik Respublikasına (XDR) səfəridir. KİV, ilk növbədə, Pxenyanda imzalanmış strateji əməkdaşlıq haqqında Rusiya–Şimali Koreya sazişinə diqqət çəkir. Qərb iki ölkə arasında münasibətlərin indi prinsipial olaraq yeni səviyyəyə çatacağından və nəticədə Şimali Koreyanın uzun illərdir əldə etməyə çalışdığı yeni hərbi texnologiyaları alacağından ehtiyat edir.

Dövlət başçıları Şimali Koreyada tez-tez qonaq olmurlar. Son 20 ildə Pxenyana yalnız Çin Xalq Respublikasının sədri Si Cinpinin gəldiyi bildirilir. Bu səfər də 2019-cu ildə olmuşdu. Nə Boris Yeltsin, nə də keçmiş SSRİ rəhbərlərindən heç birinin KXDR-ə getmədiyi məlumdur. Şimali Koreya ilə sovet rəhbərliyi arasında Nikita Xruşşovun hakimiyyəti dövründən başlanan münasibətlər heç də rəvan olmamışdı. SSRİ-nin dağılmasından sonra isə Rusiya və KXDR arasında münasibətlərdə hər hansı bir irəliləyiş baş verməmişdi. Yaxınlaşma yalnız 2000-ci illərdə başlamışdı. Həmin il Putin KXDR-ə səfər etmiş, orada ölkənin o vaxtkı rəhbəri, hazırkı lider Kim Çen Inın atası Kim Çen İr ilə danışıqlar aparmışdı. Ancaq həmin səfər də ikitərəfli əlaqələrdə əsaslı dəyişikliklərin baş verməsinə gətirib çıxarmamışdı.

İki ölkə arasında iqtisadi əlaqələr də aşağı səviyyədədir. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin statistik məlumatları da bunu təsdiqləyir. Şimali Koreya üçün də Rusiya o qədər də vacib iqtisadi tərəfdaş deyil. Ölkə iqtisadiyyatı daha çox Çindən asılıdır. Bununla belə, Rusiya liderinin KXDR-ə səfərinin özü göstərdi ki, ən azı Pxenyanda iki ölkə arasında əməkdaşlığa, ilk növbədə, siyasi yanaşırlar. Səfərin əsas hadisəsi də Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması oldu. Rusiya lideri bildirdi ki, bu gün imzalanan hərtərəfli tərəfdaşlıq sazişi, həmçinin bu sazişin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur. 

Siyasi müşahidəçilərin sözlərinə görə, 2000 və 2001-ci illərdə imzalanmış oxşar təsis sənədlərində belə bir müddəa yox idi. Ən azı təhlükəsizlik sahəsində iki ölkə arasında münasibətlərin sovet dövrünə qayıtdığını demək olar. Bununla belə, ortada əhəmiyyətli bir fərq də var. Məsələ ondadır ki, Rusiya BMT Təhlükəsizlik Şurasının 2003-2017-ci illər arasında Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyə davam edir. Sanksiya rejimi Şimali Koreya işçilərinin işə götürülməsinin qadağan edilməsi, KXDR-ə karbohidrogen tədarükünün məhdudlaşdırılması, Şimali Koreya kömürünün idxalı kimi ciddi məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur, yəni Şimali Koreya–Rusiya iqtisadi əməkdaşlığının potensial ən vacib istiqamətlərinə təsir göstərir.

Lakin ABŞ, Aİ və Cənubi Koreya Rusiyanın sanksiyalara əməl olunmasından imtina etmə ehtimalından deyil, iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin intensivləşməsindən narahatlıqlarını bildirirlər. Bu baxımdan Cənubi Koreyanın Prezident Administrasiyasının milli təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri Kim Sunq Hanın Cənubi Koreyanın “Çosun İlbo” qəzetində dərc olunmuş məqaləsinə diqqət yetirilməlidir. Bu, “Putin və Kim Çen Inın təhlükəli əməkdaşlığı dayandırılmalıdır” adlanır. Kim Sonq Han təklif edir ki, Rusiya Şimali Koreya sursatlarının ötürülməsi müqabilində KXDR-ə sualtı qayıqlar, qitələrarası ballistik raketlərin istehsalı texnologiyaları və kəşfiyyat peykləri verə bilər. Onun fikrincə, bu, Koreya yarımadasında qüvvələr balansını pozacaq.

Bundan başqa, Kim Sonq Han Cənubi Koreya hakimiyyətini ABŞ-la birlikdə Rusiya–Şimali Koreya hərbi əməkdaşlığının qarşısını almağa, o cümlədən KXDR-in “nüvə çəkindiriciliyini gücləndirmək üçün tədbirlər”ə əl atmağa çağırır. O, Amerikanın taktiki nüvə silahlarından birgə istifadə imkanlarını nəzərdən keçirməyi təklif edir. Bu cür təkliflərin ortaya çıxması artıq Seulun Moskva ilə Pxenyan arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivindən nə qədər narahat olduğunu göstərir. Rusiya tərəfi bu barədə söhbətləri “spekulyativ” adlandırır.

Koreya Mərkəzi Xəbər Agentliyinin yayımladığı mətnə görə, KXDR və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi tərəflərdən birinə hücum zamanı hərbi yardımın göstərilməsini nəzərdə tutur. Müqavilənin 4-cü maddəsində deyilir ki, “əgər tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf ona müvafiq olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi yardım göstərəcək. “Yonhap” agentliyinin məlunatına görə, eyni müddəa SSRİ ilə KXDR arasında 1961-ci il tarixli Dostluq və Qarşılıqlı Yardım Müqaviləsində var idi, lakin orada BMT Nizamnaməsindən və tərəflərin daxili qanunlarından bəhs edilmirdi.

3-cü maddəyə əsasən, tərəflər “regional və beynəlxalq sülh və təhlükəsizliyin” təminatı üçün əməkdaşlıq edəcəklər: üçüncü bir ölkədən hücum təhlükəsi olduqda Rusiya və KXDR “tərəflərin hər hansı birinin tələblərinə uyğun olaraq bir-birinin mövqelərinin əlaqələndirilməsi üçün mümkün praktik tədbirləri razılaşdırır və təhlükənin aradan qaldırılmasında əməkdaşlığı təmin edirlər”. Bu vəziyyətdə danışıqlar “gecikmədən” başlamalıdır. Müqavilə üçüncü ölkələrlə tərəflərdən birinin suverenliyinə və təhlükəsizliyinə xələl gətirən sazişlərin bağlanmasını qadağan edir (5-ci maddə). Rusiya və KXDR təhlükəsizlik və sabitliyi təmin edən “sülhpərvər siyasət”i dəstəkləməyi öhdəsinə götürür (maddə 6). 8-ci maddəyə əsasən, tərəflər “regional və beynəlxalq sülhü təmin etmək” məqsədilə müdafiə qabiliyyətini gücləndirmək üçün tədbirlər görməyə razılaşırlar.

Müqavilə, həmçinin Rusiya və KXDR-in bir-birinə qarşı “birtərəfli məcburetmə tədbirləri” tətbiq etməyəcəyini və bu cür hərəkətləri BMT Nizamnaməsinə zidd hesab etməsini nəzərdə tutur (maddə 16). Saziş beynəlxalq terrorizm və ekstremizmə qarşı birgə mübarizəni, habelə ticarət, iqtisadiyyat, investisiya, elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Xatırladaq ki, sənəd ölkələr arasında 1961, 2000 və 2001-ci illərdə imzalanmış əvvəlki sazişləri əvəz edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yeni sənədin zəruriliyini Rusiya ilə KXDR arasında geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqələndirir.

Təbii ki, belə bir yaxınlaşma Cənubi Koreyanı narahat etməyə bilməz. Mətbuat yazır ki, Moskva və Pxenyan hərbi ittifaqa girərsə, bu, Cənubi Koreya üçün ekzistensial təhlükəyə çevriləcək. Rəsmi Seul bildirir ki, Moskvanın Pxenyanla danışıqları Koreya yarımadasında sülhə xələl gətirməməlidir. Koreya Respublikası Prezidentinin milli təhlükəsizlik müşaviri Çanq Ho Jin də V.Putinin səfərini Ukraynadakı döyüşlərlə əlaqələndirir: “O, başa çatanda Rusiya onun üçün kimin daha vacib olduğunu yaxşı düşünməli olacaq – Cənub, yoxsa Şimal”. 

Amma Cənubi Koreyadan fərqli olaraq Pekin Rusiya liderinin səfərini şərh etmədi, lakin çərşənbə axşamı Seulda Çin diplomatlarının və hərbi rəsmilərinin Cənubi koreyalı həmkarları ilə görüşü keçirildi. Doğrudur, bu görüşün V.Putinin səfəri ilə heç bir əlaqəsinin olmadığı vurğulanır. Belə bir görüşün keçirilməsi barədə ötən ay razılıq əldə olunmuşdu. Rusiyalı mütəxəssis Vasili Kaşin da bildirir ki, Putinin səfərindən Pekinin narazı olduğuna dair heç bir əlamət müşahidə olunmur. Onun sözlərinə görə, Çinə yalnız Rusiyadan koordinasiya və məlumat lazımdır: “Düşünürəm ki, bunu Rusiyadan alıblar”.

Amma Qərb belə düşünmür. ABŞ və müttəfiqləri əmindirlər ki, Rusiya–KXDR yaxınlaşması Qərbin maraqlarına ziddir. Təbii ki, hər bir tərəfin öz həqiqəti və arqumentləri var. Amma istənilən halda dünyanın daha təhlükəli qarşıdurmaya daxil olduğunu birmənalı şəkildə demək olar.

S.ELAY 
XQ

 

Dünya