İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər

post-img

İşğaldan azad olunan ərazilərdə heyvanların kəsimi, satışı üçün xidmət göstərilən ilk yerlərdən biri də Füzuli şəhər mərkəzində yaradılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov AZƏRTAC-a bildirib ki, kəsim və satışın norma və qaydalara uyğun həyata keçirilməsi üçün səyyar çadır məntəqəsi qurulub. Məntəqədə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün lazımı şərait yaradılıb. Həmçinin burada Qida Təhlükəsizlik İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərir. Füzuli sakinləri sevinc və qüruru hissi ilə illər sonra doğma yurdlarında qurbanlarını kəsmək üçün yaradılan məntəqədən yararlana bilib.

Füzulu sakini Mahnur Hüseynova deyir: “Həsrətində olduğumuz doğma yurdumuzda illər sonra müqəddəs Qurbanı bayramını qeyd etmək qürurverici hisdir. Biz 30 ildən çox Füzuli həsrəti ilə yaşadıq. Ali Baş Komandanımızın rəhbərliyi və güclü ordumuzun sayəsində doğma yurdumuza qayıtmışıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Bu gün sevinc hissi ilə qurban kəsənlərdən biri də Asif Nəsibovdur. Deyir ki, uğrunda döyüşdüyümz torpaqlarda yaşamaq ikinci dəfə həyata başlamağa bərabərdir. "30 il müddətində Füzuli həsrəti çəkdik, torpaqlarımızın azad edilməsi üçün qurbanlar demişik, indi həmin gün gerçəyə çevrilib, biz artıq doğma yurdumuzda Qurban bayramı qeyd edirik. Şəhər mərkəzində səyyar məntəqə yaradılıb, burada həm satış, həm də kəsim xidməti yüksək səviyyədədir və bizdə bu xidmətdən yararlanaraq qurbanımızı kəsməyə gəlmişik. Bizlərə bu günü bəxş edən şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə şəfa versin”.

Fazil Abbasova da illər sonra qurbanlıq heyvanını Füzulidə kəsmək nəsib olub. "Çox sevincli və qürurlu gündür. Füzuli şəhərinə ilk köçlə gələndə yaşadığım sevinci bu gün bir daha yaşadım. Çünki 30 ilə yaxın müddətdə dilimizdə bir söz, ürəyimizdə bir arzu var idi, torpaqlarımız azad olsun qurban kəsək. İndi müqəddəs Qurban bayramını doğma yurdumuzda qeyd edirik və sevincimizin həddi-hüdudu yoxdur”.

Namiq Abbasov da Füzuli məskunlaşan sakinlərdən biridir və illər sonra ilk dəfə doğma yurda Qurban bayramını qeyd etdiyini üçün sevinclidir. “Bu gün ən böyük arzularımdan biri gerçək olub və çox qürurluyam. Bu gün isə illərdir arzusunda olduğumuzu günü doğma Füzulimizdə qeyd edirik. Qurbanlarımızı kəsmək üçün səyyar çadır məntəqəsi qurulub, həm satış üçün heyvanlar var, həm də kəsim üçün lazımı şərait yaradılıb".











Sosial həyat