Dahi şairin bizə çatan yeganə müsahibəsi
Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabir ötən əsrin əvvəllərində böyük ədəbiyyatşünas Salman Mümtaza müsahibə verib. Görkəmli folklorşünas həmin müsahibəni sonralar “Sabir haqqında xatirələr” məqaləsinə daxil edib. Bu, Sabirin üzə çıxarılan ilk və yeganə müsahibəsidir. Onu da deyək ki, müsahibə görkəmli media xadimi, professor Şirməmməd Hüseynovun transliterasiyası ilə “Günay” qəzetinin 20 aprel 2002-ci il tarixli nömrəsində dərc olunub.
“Xalq qəzeti” Sabir ümmanından bir damla olan həmin tarixi müsahibəni oxuculara təqdim edir:
Salman Mümtaz: – Sizin ilk təxəllüsünüz olan “Hop-hop” sözünün mənası nədir və nə səbəbdən bunu qəbul etmisiniz?
Mirzə Ələkbər Sabir: – Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib verib. “Hop-hop” quş adıdır. Bu quşun bundan başqa, el arasında yenə bir neçə adı vardır ki, ona Fatmabacı, Bupbu və Şanapipik də deyirlər. Məşədi Həbib mənə “Fatmabacı” deyə xitab etmək üçün bu adı seçib. Mən də bunun əvəzində onun təxəllüsünü “Qızdırmalı” qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməyib.
S.M.: – Niyə təxəllüsünüzü tez-tez dəyişirsiniz?
M.Ə.S.: – Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
S.M.: – Abbas Səhhətin neçə yaşı var? Siz böyüksünüz, yoxsa o?
M.Ə.S.: – Başda o böyükdür, yaşda mən.
S.M.: – Səhhət dərin savadlıdırmı?
M.Ə.S.: – Mən onun şagirdiyəm, o, mənə ustaddır.
S.M.: – Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?
M.Ə.S.: – Ziya Paşa ilə Namiq Kamal bəyi.
S.M.: – Tofiq Fikrəti bəyənirsiniz, düzdür?
M.Ə.S.: – Siz, Osmanlı şairlərini soruşdunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir. Onun əsərlərində ərəb sözləri çox işlədilir. Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o, bilər.
S.M.: – “Molla Nəsrəddin” jurnalının 18-ci nömrəsindəki “Gözəlim” ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?
M.Ə.S.: – Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr Haşım bəy Vəzirovun nəşr etdiyi gündəlik “Səda” qəzetində işləyirəm. Orada korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, “Kaspi”, “Həqiqət” və sair qəzetlər çapdan çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram. Mən də o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da davamını yazmışam. Şeir təb olub gələndən sonra səhvimi başa düşmüşəm ki, bu da çox gec idi.
S.M.: – Mətbu şeirlərinizin hansını çox bəyənirsiniz?
M.Ə.S.: – Heç birini. Bəyəniləsi şeirləri sonra yazacağam.
S.M.: – Sonra, nə vaxt?
M.Ə.S.: – Mürgüləməyəndə.
S.M.: – Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şeirin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz.
M.Ə.S.: – Bu, çox mühüm məsələdir. Görüm, öz fikrimi izah edə biləcəyəmmi? Məncə, yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrində vermək və yazmaq lazımdır. Bu, həm də vacibdir. Bunları birdən-birə dəyişib, oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplarla hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşü xəncəl ilə çıxmaq ağılsızlıqdır. Əruz bizim deyil, bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə də yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır. Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o, nə desə xalq ona baxsın və nə yazsa, el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar. Elin halına yanmayıb, güclə hökmranlıq edənlər “dostlarım” Əbdülhəmid və Məmmədəlinin gününə düşərlər.
Şeir ilə musiqi birdir. Bunların hər ikisi də insanların ruhu ilə əlaqədardır. Lakin şeir yüksəkdir və onun məqamı ucadır. Şeir musiqisiz olar, musiqi şeirsiz olmaz. Elin ürəyindən deyilən şeirlər başdan-başa musiqidir. Çünki hər bir kəs onu öz ahənginə görə uydurub oxuyacaqdır. Musiqimizdə Segah, Çahargah, Şur, Rast və sair muğamlar vardır. Bunlar bizim deyil, gəlmədir, amma bizimdir, ruhumuza kök salmışdır, ruhumuzun qidasıdır. Bu muğamlar əruz bəhrləri ilə bir tarixdə yurdumuza gəlmişdir və bir tarixdə də gedəcəkdir. Bunların həyatı bir-birinə bağlıdır.
Dörd yüz ildən bəridir Füzulinin şeirlərinin şöhrəti bütün Şərqi qapsamışdır. Hamı o şeirləri əzbərdən bilir və istədiyi zaman sevə-sevə də oxuyur. Halbuki bu şeirlər başdan-başa əruz bəhrlərində yazılmışdır. Sədinin, Hafizin qəzəllərinin qabağına ancaq qəzəllə çıxmaq olardı ki, Füzuli bunu duymuş, çıxmış və onların nüfuzlarını qırmışdır.
Mən Füzuli “Divan”ına, Füzuli qəzəllərinə başdan-başa nəzirə yazmaq fikrindəyəm. Yəni, o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni mövzularda qəzəllər yazacağam. Hələ bir neçə nəzirə də yazmışam. Şeir odur ki, mövzusu həyatdan götürülüb, özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun şəkildə. Beş gün, üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur, yağış yağanda su üzünə çıxan qabarcıq, köpük kimi tez çıxıb, tez də batır. Elin ruhundan, ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyəcan əmələ gətirə bilməz. Bir adamı rahat oturduğu yerdə yerindən durğuzub oynatmaq üçün onun könlü istədiyi və sümüyünə düşən hava çalınmalıdır. Belə olmasa, o, qollarını açıb süzə bilməz.
Əziz dostum və ustadım olan Səhhət mənim fikrimin bəzi nöqtələriylə şərik olmursa da, eybi yoxdur. Bunu gələcək göstərəcəkdir.
Təqdim etdi:
Qüdrət PİRİYEV
XQ