Əbədiləşmiş ömrün akkordları

post-img

Elə insanlar olur ki, gördükləri çox böyük işlərin müqabilində heç vaxt öndə görünməyə can atmır, özləri barədə əfsanələr qoşulmasını istəmirlər. Belələri dövlət və xalq mənafeyi üçün hər fədakarlığa hazır olanlardır. Görkəmli Azər­baycan alimi, ictimai və siyasi xadim, akademik Musa Əliyev də belə şəxsiyyət kimi tanınıb. 

İlk olaraq ondan başlayım ki, əfsanəvi Neft Daşlarının istismarı layihəsinə məhz Musa Əliyev həyat verib və tək elə bu fakt da onun tarixdə qalmasını tə­min edir. O, eyni zamanda neçə-neçə faydalı qazıntı yatağını üzə çıxarıb, Yura dövrünün elmə məlum olmayan molyuska növünü aşkarlayaraq onu Vətəni­mizin şərəfinə “Seramus-Azerbaycanius” adlandırıb. Musa Əliyev Azərbay­can Sənaye İnstitutunda rektorluğu zamanı “O illərdə aldığım təhsil, tərbiyə, intizam, biliklər həyatımda çox böyük rol oynadı”, – deyən Heydər Əliyev kimi bir dahi məzunla öyünə bilən, Azərbaycan Elmlər Akademiyasına prezidentlik edərkən elm məbədinin qızıl dövrünün müəllifinə çevrilən, 350-yə yaxın elmi əsərin müəllifi olan, 60-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişdirən görkəmli alim olub. 

Dövlət Plan Komitəsinin sədri ikən Bakının simasına mükəmməl arxitektu­raları ilə seçilən binalarla, o cümlədən Bakı Metrosu ilə gözəllik qatan, Qırmızı terrordan Səməd Vurğun, Mirzə İbrahimov kimi dahilərimizi qoruyan, həbslə, sürgünlə hədələnsə belə, bir an da ümumxalq mənafeyindən geri çəkilməyən, zorən qürbətə gedib bu dəfə ruslara geologiyanın sirlərini açan, daha sonra Əlcəzair prezidentinin neft məsələləri üzrə müşaviri işləyərək neftlə zəngin Sa­haranı kəşf edən də Musa Əliyev olub. O, ömrünün sonlarında vətən həsrəti ilə qovrulub, görmə qabiliyyətini büsbütün itirib, bütün bunlarla bərabər, adını şöhrət tariximizə yazdırıb.

Şamaxı qırğını

Musa Əliyev bir bahar günündə – 1908-ci il aprelin 11-də Şamaxı şəhərin­də dünyaya gəlib. Atası Mirzə Mahmud zəngin iş adamı, əmisi Məmmədtağı Əli­yev tanınmış maarifçi olub. Əmisi hətta bir müddət Sankt-Peterburqda yaşayıb və I Dövlət Dumasına deputat seçilib. Bu faktlar göstərir ki, insanın formalaş­masında nəsil şəcərəsi əhəmiyyətli rol oynayır. 

Musa 1 yaşından gəzməyə başlayan­da artıq duyulurdu ki, fərqli uşaq olacaq. Sakit, həlim, yaraşıqlı, gur qara saçlı, sa­atlarla öz-özüylə oynayan bir oğlan imiş. Uşaqlıqdan yaşayış yerləri taleyin hökmü ilə Şamaxıdan Bakıya, ordan Aşqabada, sonra yenə də Bakıya dəyişilmişdi. 

1917-ci ildə Musa anasını, 1 il son­ra qardaşını itirdi. O zaman ermənilər Şamaxıya basqın edib misli görünmə­miş qırğın törətdilər. Əmisi Məmmədta­ğı Əliyev həmin dönəmdə Sankt-Peter­burqdan ata yurdu Şamaxıya köçmüşdü, ailəsi ilə birgə orada yaşayırdı. Təpədən dırnağadək silahlanmış erməni qəsb­karları hücum edəndə çaxnaşma düşür, əliyalın insanlar evlərini, mal-dövlətlərini atıb qaçmağa başlayırlar, Məmmədtağı Əliyev isə qaçmır. Onun olduqca zəngin kitabxanası varmış – orada ən dəyərli kitablar, nadir tarixi sənədlər, hətta Ni­zami Gəncəvinin əlyazması toplanmışdı. Belə bir sərvəti qoyub qaça bilmir. Evinin qarşısında durub, düşmənə müqavimət göstərir və vəhşicəsinə öldürülür. Musa­nın atası bu xəbəri eşitcək həyatını riskə atıb Aşqabaddan gəlir, salamat qalmış əzizlərini, o cümlədən də qardaşının qızı Sonanı ölümün ağuşundan qopararaq xilas edə bilir və özü ilə Türkmənistana aparır. Sonra Aşqabadda vəziyyət qarı­şır, hamılıqla Bakıya gəlirlər. Mən bu epi­zodu boşuna xatırlatmadım. Çünki son­radan Sona Musanın həyatında ən əsas yeri tutacaqdı...

O illərdən Musanın uşaq yaddaşında bir də Azərbaycan Xalq Cumhuriyyəti­nin rəsmən tanınması münasibətilə İçə­rişəhərdə düzənlənən parad qalacaqdı. Bu adi parad deyildi, illərlə çarizm bo­yunduruğu altında inləyən bir xalqın şirin azadlığı dadması idi, bundan başgicəl­ləndirici sərməstlik duyması idi. Tarix tək onu görüb yaşamaq deyil ki. Tarix həm də ondan öyrənmək, ibrət dərsi almaq üçün ən böyük müəllimdir.

Amma 1920-ci il bolşevik istilasından sonra Musagil yenidən Aşqabada qayı­dası oldular. O dönəmdə Musa əlinə pul keçən kimi Aşqabad bazarındakı buki­nistdən kitablar almağa başlamışdı. Cek Londonu, Uilyam Lokkanı, Viktor Marqe­riti uşaq yaşlarında maraqla oxuyub. Ba­kıya təhsil almağa yollananda kitabxana­sını da özüylə gətirib. 

Sonalı günlər

Musa Bakıda Sənaye institutunda oxuyanda əmisigildə yaşayırdı. Qəflətən qarın yatalağı xəstəliyinə tutuldu. Xəstə­lik sonradan quru plevrit kimi daha dərin fəsad verdi. Həmin vaxt tibb institutunda təhsil alan əmisi qızı Sona ev şəraitində onun müalicəsi ilə özü məşğul olurdu. Bəlkə də, Musanı həyata məhz Sonanın fədakarlığı qaytardı. Məhz o dönəmdə onların arasında qırılmaz ülvi bağlılıq yarandı. Sonaya çox imkanlı bir yerdən elçi gəlsə də, razılıq vermədi. Sonradan Musa məhz Sona ilə ömür-gün yoldaşı olacaqdı. Bu, 1930-cu ilin 30 sentyabrın­da baş verəcəkdi...

1928-ci ildə institutun palentologiya və tarixi geologiya kafedrasının müdiri Vladimir Boqaçov əlaçı tələbə olan Musa­nın istedadını görüb dəyərləndirdi və onu Musanı öz köməkçisi təyin etdi, ardınca isə öz kafedrasına laborant. Təqaüddən əlavə, 60 manat maaş da almaq Musa­nın işinə lap yaradı. Ən əsası isə tələbə­nin bu cür yüksələ bilməsi üstünlüyünün avantajı idi ki, bu da Musaya qol-qanad verirdi. O, geoloji ekspedisiyalara gedir, hətta ən təhlükəli olanları seçir, biliyi, in­tuisiyası sayəsində zəngin qızıl, kobalt, molibden yataqları kəşf edirdi. Bir dəfə hətta qayadan yıxıldı, uçuruma yuvarla­narkən bir təsadüf onu həyatda saxladı, sıldırımda bitmiş tikan koluna ilişib qaldı və onu xilas etdilər. Sonradan hər dəfə həyatına təhlükə duyulanda, hər dəfə fa­ciə onu ağuşuna alanda hansısa sehirli bir əl onu çəkib çıxarır, bir sehirli qüvvə onu hifz edirdi. 

Musa Əliyev 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdi, sonra aspiranturada oxudu, 27 yaşında namizədlik dissertasiyası müdafiə etdi, inanılmaz bir yüksəlişlə karyerasını qur­mağa başladı. 

Sürətli yüksəliş

Çox savadlı, istedadlı, təşəbbüskar, əzmkar olması, geoloji ekspedisiyalarda özünü ən yaxşı cəhətdən göstərə bilmə­si tezliklə öz sözünü dedi və 1935-ci ildə Musa Əliyev Mərkəzi Komitənin təqdi­matı ilə Zaqafqaziya Geologiya Trestinin nəzdindəki Azgeolbüroya rəis təyin olun­du. İdarəyə ən layiqli kadrları topladı, ekspedisiyaların sayını 30 dəfəyə qədər artırdı.

1936-cı ildə Musaya daha bir vəzifə verildi – Azərbaycan Sənaye İnstitutun­da fakültə dekanı. 28 yaşında dekanlıq o dövrdə heç kəsə müyəssər olmamışdı. Sonradan institutun rektoru vəzifəsinə irəli çəkildi. Qısa bir müddətdə ali təhsil ocağı neft sahəsi üzrə SSRİ-də 1-ci oldu, nüfuzlu Moskva Neft İnstitutunu da qa­baqlayaraq keçici qırmızı bayrağa layiq görüldü. 

1941-ci il Musa Əliyevin Moskvaya çağırılması ilə yadda qaldı. Ona SSRİ Xalq Sənayesi Komissarlığının Tədris müəssisələri baş idarəsinin müdiri və­zifəsində işləmək təklif olunmüşdü. İkinci Dünya müharibəsinin taleyini Bakı nefti həll edirdi, Musa Əliyev də ölkə başçısı İosif Stalinin mandatı ilə gənc neftçilərin yetişdirilib artıq Mozdoka qədər gəlmiş faşistlərin üzərinə şığıyan texnikanı cana gətirmələri ilə şücaət göstərirdi. Onun ta­beliyində 25 neft məktəbi var idi. 

Bağırovun təqibi

O dönəmdə Bağırov dəfələrlə Kreml­lə əlaqə yaradır, israrla Musa Əliyevi Ba­kıya qaytarmaq istəyirdi. Stalindən man­dat almış və Moskvada xidmət göstərən uğurlu bir azərbaycanlının şöhrəti Ba­ğırovda qıcıq yaradır, onu özünə təhlükə mənbəyi sayırdı. 

Onu Bakıya qaytartmağa nail olan Bağırov özündənrazı halda söyləyir: “ – Elə bilirdin, mənim yanımdan getmək belə asandır? Gördün, yenə mənim tabe­liyimə düşdün?” Və onu öz sahəsi olma­yan Energetika şöbəsinə müdir müavini təyin edir. Bu, Bağırovun ona tor qurması deyildi, onun bacarığı və işgüzarlığı sayə­sində bərbad vəziyyətdə olan respublika energetikasını dirçəltmək istəyi idi. Çox qısa müddətdə Musa Əliyev bu sahədə də inanılmaz nəticələrə imza atır, tezliklə Azərbaycan KP MK-nın Baş energetiki təyin edilir. İşlər nizama salınan kimisə yenidən vəzifəsi dəyişdirilir, bu dəfə onu öz sahəsinə qaytarırlar, Geologiya İdarə­sinin müdiri qoyurlar. Daha 1 il keçməmiş bu dəfə MK-nın Təhsil şöbəsinin müdiri təyin olunur. O, hər bir sahədə dönüş yarada bilirdi. Hara qoyurdular, işləri sah­mana salırdı, dərhal da yerini dəyişirdilər. 

35 yaşında artıq saçları ağarmağa başlamışdı... 1947-ci ildə onu MK-nın sənaye üzrə 3-cü katibi təyin etmiş, res­publika Ali Sovetinə deputat seçmişdilər. Bir neçə aydan sonra da Nazirlər Soveti Sədrinin müavini və Dövlət Plan Komitə­sinin sədri təyin edildi. Bu, başgicəlləndi­rici bir yüksəliş idi. Amma daha yüksəklik­lərdən yıxıldıqda sağ qalmamaq ehtimalı da böyük idi. 

Neft daşları epopeyası

Plan Komitəsinə rəhbərlik etdiyi dönəmdə onun təşəbbüsü ilə paytaxtın simasına gözəllik, insanlarına hədsiz fay­da gətirən Respublika Kitabxanasının, Dram Teatrının, Akademiya şəhərciyi­nin, metronun, Astrofizika rəsədxanası­nın inşasına başlanıldı. Moskvadan bu qədər böyük tikintilərə vəsait qoparmaq inanılmaz dərəcədə çətin idi. Elə həmin dönəmlərdə Musa Əliyev Azərbaycan üçün ən taleyüklü bir məsələnin ağır yükü altına çiynini qoydu. O, Dəniz Neft İdarəsi təşkil etmək, Neft Daşlarının is­tismarını həyata keçirmək kimi bir möh­təşəm layihə hazırladı. Moskvada layihə­si təsdiqləndi.

Neft Daşları epopeyası beləcə baş­landı. Bakıya dönən kimi dənizə ilk de­sant çıxarıldı, köhnə gəmilər neftçilərin ilk sığınacağı oldu, polad estakadalar qurulmağa başladı. Tezliklə 25 metrlik ilk estakada istifadəyə verildi. İlk neft tankeri ilk nefti daşıdı. Musa Əliyev sevincindən uşaq kimi ağlayırdı. Bir şəxs öz xalqı, vətəni üçün bundan artıq daha nə edə bilərdi ki? Amma haqsızlıq, ədalətsizlik cövlan edirdi. Dənizdə neft kəşfiyyatının banisi olan Musa Əliyev dənizdə ilk neft hasilatına görə təltif olunanların siyahı­sında öz adını görmədi. Bu, diktatorun növbəti qisası idi. 

Səməd Vurğunun və Mirzə İbrahimovun xilası

1950-ci ildə o, Azərbaycan SSR Elm­lər Akademiyasının prezidenti təyin edil­di. Tale elə gətirmişdi ki, Bağırov rejiminin sərt təpkiləri zamanı Musa Əliyevin ən yaxın dostu, sirdaşı milyonların sevimli­si Səməd Vurğun olmuşdu. Şair həm də Akademiyanın vitse-prezidenti kimi onun əqidədaşı idi. 1953-cü ilin fevralında səhər saatlarında Bağırov Musa Əliyevə zəng vuraraq dərhal Səməd Vurğunla Mirzə İbrahimovun Akademiyadan xaric edilməsi əmrini verdi, “tapşırığımı yerinə yetirməsən, özündən küs” dedi. Bu, iki böyük şəxsiyyətin yalnız Akademiyadan xaric edilməsi deyildi, onların vurulma prosesinin başlanğıcı idi. Gerisi nə ola­caqdı, aydın duyulurdu.

Musa Əliyev tam çıxılmaz vəziyyətə düşmüşdü. Belədə, Allah özü onun kömə­yin yetişdi. Ölkə rəhbəri İosif Stalinin və­fatı xəbəri gəldi, Mir Cəfərin başı qarışdı, verdiyi ultimatum bir müddət yadından çıxdı. Amma sonradan Bağırov yenidən bu məsələnin üstünə qayıtdı. Onun emis­sarı Musa Əliyevin yanına gedib ertəsi gün saat 11-ə kimi məsələni həll etməyi tapşırdı. Musa Əliyev səhərədək gözünü yuma bilmədi. O, xalqın ən öndə olan ziyalılarını güdaza verə bilməyəcəkdi, buna onun kişiliyi, ləyaqəti yol verməzdi, demək, özü qurban gedəcəkdi. Allah bö­yükdür, bu dəfə də gözlənilmədən Musa Əliyev xilas oldu. Həmin dönəmdə o, Akademiya prezidentliyi ilə yanaşı, SSRİ Ali Soveti deputatı kimi ağır sənaye sek­siyasının sədri idi. Və deyilən vaxta sayılı saatlar qalanda Kremldən onun adına teleqram gəldi ki, təcili Moskvaya gəlsin, Ali Sovetin növbədənkənar iclası keçirilə­cək. O, Moskvaya uçası oldu, bir həftə davam edən iclaslarda iştirak etdi. Amma təbii ki, fikri Bakıda qalmışdı, orada Mir Cəfər onun hökmünü verməyə hazır və­ziyyətdə yolunu gözləyirdi.

Möcüzə bəzən insanın bütün ümidləri üzüləndə, hətta yapışmağa saman çöpü belə qalmayanda gəlir. Həftənin tama­mına bir gün qalmış – iyulun 12-si səhər ertə bir xəbər ildırım kimi çaxdı, gündəmi zəbt etdi: SSRİ rəhbərliyinin elitasında qərarlaşmış ən mənfur şəxs, Mir Cəfər Bağırovun da havadarı Lavrentiy Beriya həbs edilib, Bağırov da işdən qovulub. Beləliklə, Bakıda növbəti ziyalı terroru baş tutmadı.

Musa Əliyev 8 il Akademyaya prezi­dentlik etdi. O, işə başlayanda akademya əməkdaşlarının sayı 1050 nəfər idi, bun­ların da cəmi 30 faizi azərbaycanlılar idi. O, işdən çıxanda isə artıq burada 2500 nəfər çalışırdı və heyətin 70 faizini məhz azərbaycanlı alimlər təşkil edirdi.

İrtica, repressiya dövründə daim üzdə olmaq, böyük vəzifə daşımaq, eyni za­manda əyilməmək, sınmamaq, qürurunu qorumaq, bir də milli ləyaqət hissini qoru­yub saxlamaq, demək olar ki, mümkün­süz idi. Səni tutacaq, sürgün edəcək, gül­lələyəcəkdilər, bunların heç biri olmasa da, ən azından, ürəyini partladacaqdılar. Musa Əliyevi tək Allahmı qoruyurdu? Tək talemi ona qarşı ədalətli mövqe tutmağa and içmişdi? Yox. O, SSRİ-yə lazım idi, onun bildiklərini başqaları bilmir, bacar­dıqlarını bacarmırdı. Ona görə də onu sıxma-boğmaya salsalar, hədə-qorxu­larla yamanlasalar belə, necə deyərlər, zərərsizləşdirə bilmirdilər. 

Qürbət dönəmi

Həyatın sınaqları isə davam edirdi. Respublikanın yeni rəhbəri İmam Musta­fayevlə heç yola gedə bilmədi. 1957-ci ildə işdən getməsi barədə Mustafayevə ərizə yazdı, əvəzində özü yaratdığı Pa­leontologiya və strafiqrafiya institutunda çalışmaq istədiyini bildirdi. Uzun müd­dət Mustafayevdən cavab gəlmədi. Yal­nız 58-ci ildə, Musa Əliyevin 50 illiyində Mustafayevdən ona 2 cavab birdən gəldi. Öncə respublikanın rəhbəri onun istefa ərizəsini qəbul edirdi, ardınca isə Paleon­tologiya və strafiqrafiya institutunun ləğv edildiyini bildirirdi. Beləcə, Musa Əliyev havada qaldı. Həmin il ona daha bir zər­bə atasının ölümü oldu. Tam depressiya halında, tam ruhdan düşmüş halda ikən xilas teleqramı aldı. Onu Moskvaya ça­ğırırdılar...

Bağırovun yerinə gələn İmam Musta­fayevlə Vətənin qəribə bir cazibəsi olur. Onu tərk edib gedəndə heç cür bu cazi­bə səni rahat buraxmır. Hey çəkir, çəkir... Neft qoxulu, küləkli Bakınınsa bir ayrı cazibəsi var. Bakıdan gedib başqa yerdə yaşamaq ən ağır sınaqdır.

58-ci ildə Musa Əliyev ailəsiylə Mosk­vaya köçdü, Aşqabadda yaranmış, ordan Bakıya köçürülmüş zəngin kitabxananı da özləri ilə apardılar, ömürlərinin növbə­ti dönəmü başladı. Musa Əliyev SSRİ EA nəzdindəki Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlədilməsi İnstitutunun direktor müavini təyin edilmişdi, ömrünün sonunadək də bu institutda işlədi. Onun elmi fəaliyyətinin coğrafiyası geniş oldu, Cənubi Qafqazdan Qərbi Sibirə, Orta Asiyaya qədər uzandı. Arada ömrünün Əlcəzair mərhələsi də oldu, Əlcəzair pre­zidentinin neft məsələləri üzrə müşaviri kimi çalışdı, Sahara neft yatağını kəşf etdi. Bu isə 1967-ci ildə baş verdi. 

Bakıda yaşadıqları dönəmdə 1952-ci ildə Neftçilər (ovaxtkı Stalin) pros­pektində, Funikulyorun yaxınlığında alimlər üçün inşa edilmiş gözəl binaya köçmüşdülər. 3-cü mərtəbədə yaşayırdı­lar, 4-cüdə isə tanınmış yazıçı Mir Cəlal ailəsi ilə birgə yaşayırdı. Dərhal dostlaş­dılar, uşaqları – Musa Əliyevin qızı Rəna və Mir Cəlalın oğlu Hafiz eyni sinifdə – 6 nömrəli məktəbin 8-ci sinfində oxudu­lar. Qeyri-adi bir şirinliyi vardı Rənanın, Hafizi dərhal cəzb etmişdi. İllər sonra Musa Əliyev ailəsi ilə Moskvaya köçəndə institutu bitirən Hafiz də seçimini etmiş, Moskva Kurçatov adına İnstitutun aspi­ranturasında təhsilini davam etdirmişdi. Köhnə qonşular kimi Hafiz onlara gə­lib-gedirmiş. Və Musa Əliyevin Əlcəzair­də yaşamaq məsələsi çıxanda qızı Rə­nanı Moskvada tək qoymaq istəməyən və bunun sıxıntısını çəkən Musa müəllim üçün gənclərin bir-birini sevməsi xəbəri lap göydəndüşmə oldu. Tezliklə onların toylarını edərək həyat yoldaşı ilə rahatca Əlcəzairə yollandı.

Xatirə dəftəri 

...Sakit bir yay axşamı. Açıq pəncərə­dən əsən yüngül meh içəri ağac yarpaq­larının xışıltısını daşıyırdı. Musa Əliyev bu səsi dinləyir və düşünürdü. İstəyirdi anlasın ki, insan niyə doğulur, nə səbə­bə yaşayır, məqsədi və məramı nədir. 70 yaşı vardı. Bir anda həyatı kino lenti kimi gözünün önündən keçdi. Özü də bilmə­dən bir də gördü ki, kağız-qələmə sarılıb və yazır.

İlk cümlələri də bunlar oldu: “...1978-ci il. Moskva ətrafında yerləşən Perxuş­kovo Akademiya qəsəbəsi. Böyük, amma sükutlu. Elə indi də sakit bir yay axşamı­dır. Pəncərəm açıqdır. İlıq, xumarlanan bir külək kollarda astaca xışıldayır. Mən bu xışıltını dinləyir və düşünürəm...”

Beləcə, o, 1978-ci ildə memuarları­nı yazmağa başladı. Yaxşı da ki, yazdı. Təlatümlü bir ömrün ən vacib məqam­ları orada əks olundu. Ömrünün axırına yaxın görmə qabiliyyətini tam itirmişdi. Bununla belə, yenə yazır, uzun, keşmə­keşli, hadisələrlə bol ömrünün məqamla­rını fiksə edirdi. 

Biz zamanın içərisindən keçirik. Ya­şadığımız illər ömür adıyla taleyimizə pərçimlənir. Amma zaman da eynən bi­zim içimizdən keçir. Gah öz təlatümləri ilə bizi çalxaladıqca çalxalayır, gah da öz sükutu ilə bizi rahat buraxır. 1985-ci ilin mayı gələndə Moskva səması sıx qara buludlarla örtülmüşdü, fasiləsiz yağışlar yağırdı. Musa Əliyev xatirələrinin son vərəqlərində övladlarından bəhs edib. Oğulları Ömər Xəyyam və İkram barədə qeydlər verib, daha sonra yazıb: “Üçün­cü uşağım Rəna isə ən sevimli övladım­dır. Anam Nabata çox bənzəyir. O, ciddi, ağıllı və gözəldir. Moskva Dövlət Univer­sitetinin nəzdindəki Moskva İnstitutunun Şərq dilləri fakültəsini bitirib. Ərəb, fran­sız, ingilis, rus və əlbəttə ki, Azərbay­can dillərini bilir. Uğurla ərəb ədəbiyyatı üzrə namizədlik işi müdafiə edib. Onun həyat yoldaşı Hafiz Paşayev Kurçatov İnstitutunun məzunudur. Tanınmış fizik, ağıllı, savadlı bir adamdır. Azərbaycan Elmlər Akademiyasının fizika-riyaziyyat institutunda laboratoriya müdiridir. Onlar çox gözəl, bir-birilərini sevən cütlükdür. Onların iki övladı var: oğulları Camal və qızları Cəmilə. Bax, mənim varislərim bunlardır.”

O çiskinli may günləri ağır xəstəliklər güc gələndə Musa Əliyev vəsiyyətini etdi. Cəmi iki istəyi vardı. O da əmisi kimi çox unikal kitabxana yaratmışdı, əmisinin özü də, kitabxanası da ermənilərin güdazına getmişdi, o isə öz kitabxanasını qorumaq istəyirdi, bir vəsiyyəti bu oldu ki, həmin kitabxanası doğma Bakısına aparılıb Dövlət Universitetinin Paleontologiya ka­fedrtasına təhvil verilsin. İkinci vəsiyyəti isə Bakıda dəfn edilməsi oldu. O, 1985-ci il may ayının 3-də 77 yaşında vəfat etdi, Bakıda, I Fəxri Xiyabanda dəfn edildi.

Musa Əliyev böyük çətinliklə yazdığı xatirələrinin dərcini vəsiyyət etməmişdi. Qızı Rəna illərlə bu yazıları qoruyub sax­ladı, onları oxuduqca atasının tək onla­rın ailələrinə deyil, bütün Azərbaycana, hətta daha böyük coğrafiyaya aid olması həqiqətini dərk etdi. Amma çox təəssüf ki, atasının xatirələrini dərc etmək məqa­mı gələndə əcəl Rəna xanıma imkan ver­mədi. Bu missiyanı həyat yoldaşı Hafiz Paşayev həyata keçirdi. Musa Əliyevin xatirələri “Ömrüm” adlı nəfis tərtibatlı bir kitabda əbədiləşdi.

Qəribə məxluqdur insan. Bütün həya­tı boyu çalışır, vuruşur. Bütün çətinliklərə, əzab və ağrılara rəğmən, həyatdan ge­dəndə yaşadıqca heç də işıqlı olmadığını duyduğu, daim gileyləndiyi ömrün sanki işığını duyur, ondan dördəlli yapışmaq istəyir. Əbədi tərk etdiyi bu dünyadan qopmaq istəmir. Amma Musa Əliyev 1985-ci ilin 3 may günündə dünyadan çox sakit köçdü. Çünki o, yalnız ömrü­nün cismani qismini itirdiyini gözəl du­yurdu. Tam əmin idi ki, tarixdə qoyduğu izlər onun ömrünün bitməsinə imkan ver­məyəcək. Və onun ömür kitabının ömrü uzandıqca uzanacaq. 

VARİS,
Ümumdünya Yazıçılar Təşkilatının katibi, Əməkdar jurnalist

Sosial həyat