Məhkumların hüquqlarının qorunmasına həsr olumuş təlimlər

post-img

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşlığı çərçivəsində mayın 24-də 6 saylı, 30-da isə 10 saylı cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib. 

Təlimlər Penitensiar xidmətin əməkdaşlarına məhkumların hüquqlarının qorunması, onlarla sağlamlıq vəziyyətlərinə uyğun, ayrı-seçkiliyə yol vermədən etik davranış qaydalarına riayət olunması istiqamətində bilik və bacarıqların artırılması məqsədilə təşkil olunub.

Çıxışlarda vurğulanıb ki, nümunəvi həbsxana sisteminin təməlini məhz peşəkar təlim görmüş xidməti heyət təşkil etməlidir. İnstitut tərəfindən aparılan maarifləndirici təlimlər xidmət işçilərinin öz peşələrinə daha da ciddi yanaşmalarına rəvac verəcək. Təlimlərdə məhkumlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışılıb.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı bildirib ki, bu təlimlər iştirakçılara peşə fəaliyyətində səmərəli xidmət göstərmələri üçün müsbət təsir edəcək. Daha sonra İnstitutun təlimçi-ekspertləri “İşgəncələrə Qarşı Avropa Komitəsinin standartları”, “BMT-nin məhbuslarla rəftarın minimal standart qaydaları” və “Məhbusların hüquqları Azərbaycan Respublikasının qanunvericiliyində” mövzularında təqdimatlarla çıxış ediblər. 

Təlimlərdə həbsxana işçilərinin əmək funksiyalarını yerinə yetirərkən məhkumlarla vicdanlı rəftarı, məhkumlara qarşı davranış qaydalarına əməl edilməsi, onların sosial qayğılarının həll olunmasında yaranmış problemlərin aradan qaldırılması məsələləri müzakirə olunub, həmçinin məhkumlara ilkin tibbi yardım göstərilməsi, mənəvi ehtiyaclarının ödənilməsi və bu kimi digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin həbsxanalarda şəxsi yaşayış sahəsi üçün nəzərdə tutulan minimal standartlarından da bəhs olunub. 

Sonda, ümumilikdə, 41 nəfər  xidmət əməkdaşına sertifikatlar təqdim olunub.

XQ

 

 











Sosial həyat