Masil Dəmirov: AXC demokratik prinsipləri və müsəlman mədəniyyətini birləşdirə bildi

post-img

28 May! Azərbaycanın tarixində Müstəqillik Günü kimi qeyd olunan bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) milli təşəkkülü və siyasi inkişafının mühüm mərhələsini simvolizə edir. Rusiya imperiyasının süqutu və ağır beynəlxalq vəziyyət şəraitində Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi və parlamentli respublika yaradaraq öz dövlətçiliyini qura bildi. AXC-nin yaradılmasının tarixi əhəmiyyəti əvəzsizdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Bu, həqiqətən də, dünya siyasi tarixində mühüm addım oldu, çünki AXC demokratik prinsipləri və müsəlman mədəniyyətini birləşdirməyin mümkünlüyünü nümayiş etdirdi.

Bu fikirləri beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.

“AXC dünyəvi və parlamentli respublika idi ki, bu da o dövr üçün ciddi addım idi. AXC rəhbərləri demokratik təsisatlara və hüquqi nizama malik müasir dövlət yaratmağa çalışırdılar. 1918-ci il mayın 28-də yeni dövlətin əsas prinsiplərini müəyyən edən İstiqlal Bəyannaməsi qəbul edildi. Ulu öndər Heydər Əliyev bu tarixin əhəmiyyətini vurğulamışdır: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”, - deyə analitik vurğuladı.

M.Dəmirov dedi ki, digər dövlətlərlə diplomatik münasibətlərin qurulması AXC-nin müstəqilliyinin möhkəmləndirilməsində mühüm addım oldu. Çətin siyasi şəraitə və qonşu dövlətlərin təzyiqlərinə baxmayaraq, AXC beynəlxalq aləmdə möhkəmlənə, diplomatik əlaqələr qura bildi. Bu, o dövrün rəhbərlərinin qətiyyəti və müdrikliyi sayəsində mümkün olub.

Ekspertin fikrincə, 1920-ci ildə AXC-nin süqutundan və daha sonra ölkənin Sovet İttifaqına inteqrasiyasından sonra Azərbaycan xalqının beynində müstəqillik arzusu canlı olaraq qaldı. 1991-ci ildə müstəqilliyin bərpası 1918-ci ildə qoyulmuş ideya və prinsiplərin məntiqi davamı oldu: “Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. 

Azərbaycanın müstəqilliyinin formalaşmasında və möhkəmlənməsində Heydər Əliyevin rolunu xüsusi vurğulamaq vacibdir. Onun siyasi iradəsi, məsuliyyəti və fədakarlığı çətin illərdə ölkəyə çoxsaylı çətinliklərin öhdəsindən gəlməyə və dövlətçiliyi qoruyub saxlamağa kömək etdi. Onun səyləri sayəsində Azərbaycan milli maraqları təmin edə, sabit inkişafa şərait yarada bildi. Heydər Əliyevin dövlət quruculuğundakı xidmətləri bir çox ekspertlər və tarixçilər tərəfindən qeyd edilmişdir və bu gündə tədqiq olunur”.

“Bu gün Azərbaycan davamlı inkişaf yolu ilə irəli gedir, müstəqilliyini və beynəlxalq mövqelərini möhkəmləndirir”, - deyən M.Dəmirov qeyd etdi ki, ölkənin təminatlı inkişafı böyük ölçüdə Ulu Öndər Heydər Əliyevin qoyduğu irs və hazırkı Prezident cənab İlham Əliyevin davamlı səyləri sayəsində mümkün olmuşdur. Ölkə milli maraqlara sadiq qalaraq dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələri fəal şəkildə inkişaf etdirir. 28 May Müstəqillik Günü Azərbaycan xalqının milli kimliyinin və qürurunun ən mühüm rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətini və ölkənin müasir inkişafına təsirini qiymətləndirməmək olmaz. Heydər Əliyev və İlham Əliyev kimi öndərlərin səyləri nəticəsində müasir Azərbaycan müstəqil, suveren və inkişaf edən dövlət kimi özünü təsdiq edə bildi. 

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat