Zaur Əliyev Göyçay rayonunda vətəndaşları qəbul edib

post-img

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mayın 24-də Göyçay Rayon Mərkəzi  Xəstəxanasında Göyçay, Ucar və Ağdaş rayon sakinlərini qəbul edib. Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Göyçay rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub. Məlumat agentlikdən verilib.  

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, agentliyin Göyçay filialı rəhbərinin, Göyçay, Ucar və Ağdaş rayon mərkəzi xəstəxanaları direktorlarının iştirakı ilə keçirilən qəbulda 43 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, icbari tibbi sığortanın tətbiqi, sığortaolunanlara tibbi göndərişlərin verilməsi, tibbi xidmətlərin təşkili, dərman təminatı, iş və əmək münasibətləri haqqında olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

P.ƏMİRCANOV
XQ



Sosial həyat