İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuralarının sədrlərinin ikinci toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Hakimlər və Prokurorlar Şurasının Baş katibi Atilla Öztürk, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin ədliyyə naziri, ölkənin Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç türkdilli ölkələr arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq orqanlarının əməkdaşlığının da inkişafının əhəmiyyətini qeyd edib, bu baxımdan keçirilən tədbirlərin önəmini vurğulayıblar.
Bildirilib ki, bu tədbirlər vasitəsilə türkdilli ölkələrin müvafiq sahədə fəaliyyəti dəyərləndirilir, gələcək birgə işlərlə bağlı ortaq qərarlar qəbul edilir.
Türk dünyasının bir yumruq kimi birləşməsinin təkcə bölgəmiz deyil, dünya sülhü baxımından da vacibliyini vurğulayan natiqlər bu gün dünyada baş verən hüquq pozuntularına diqqət çəkib, beynəlxalq sistemin buna laqeydliyi və baş verənlər qarşısında acizliyi haqqında danışıblar.
Qeyd edək ki, mayın 25-dək davam edəcək tədbir çərçivəsində iştirakçıların növbəti toplantının müəyyənləşdirilməsi ilə bağlı texniki toplantıları keçiriləcək, yekun bəyannamə imzalanacaq.
TDT ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü də nəzərdə tutulur.