Azərbaycanın Qırğızıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Bişkek şəhərindəki Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə mərasim keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, diasporumuzun aktiv üzvləri, məktəb-gimnaziyanın müəllim və şagird heyəti iştirak edib.
İlk öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əvvəlində Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənib.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Kanikey Alimkulova ölkələrimiz arasında münasibətlərin genişlənməsi fonunda Heydər Əliyev adına təhsil ocağının üzərinə böyük məsuliyyət düşdüyünü bildirib, şagirdlərin təlim və tərbiyəsində, vətənpərvər insan kimi formalaşmasında bu böyük şəxsiyyətin böyük rolu və təsiri olduğunu qeyd edib.
Sonra Heydər Əliyevə həsr olunmuş “Azərbaycan böyük addımlarla irəliləyir” adlı sənədli film nümayiş etdirilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Heydər Əliyevin iki qardaş ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynadığını bildirib.
Səfir Heydər Əliyevin “Manas”ın 1000 illiyinə həsr olunan tədbirdəki çıxışını xatırladıb:-“Manas”in dili bizim ortaq dilimizdir”.
Səfirin bu sözləri alqışla qarşılanılb.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ulu öndərin siyasi kursunu davam etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirir. Son illər ərzində ölkə başçılarının qarşılıqlı səfərləri, xüsusi ilə Qırğızıstan Prezidenti Sadır Japarovun aprel ayında Azərbaycana baş tutmuş son səfəri və səfər çərçivəsində Bakı şəhərinin mərkəzində - Azadlıq prospektində Çingiz Aytmatovun heykəlinin açılışı, ölkəmiz tərəfindən maliyyələşdirilən Azərbaycan-Qırğız investisiya fondunun büdcəsinin 4 dəfə artırılaraq 100 milyon dollara çatdırılması, İssık-Kul gölü ərtafında Azərbaycan tərəfindən böyük 5 ulduzlu otel kompleksinin tikilməsi əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin göstərişi ilə 20 nömrəli məktəb-gimnaziyada Qırğız Respublikasında ilk dəfə olaraq yüksək texnologiyalı avadanlıqlarla 6 otaqda STEAM mərkəzi yaradılıb.
Daha sonra tədbir gimnaziyada təhsil alan şagirdlər tərəfindən mədəni proqramla davam edib, Azərbaycan və qırğız dillərində mahnılar ifa olunub.
Tədbirin sonunda səfirlik tərəfindən şagirdlər üçün ziyafət verilib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Bişkek