HEYBƏT MÜƏLLİMİN XATİRƏSİNƏ
Masallıda bir kənd var – Tüklə. Bu kənd Azərbaycan elminə nexnika elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı İsmayıl Babayev, Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi, riyaziyyat elmləri doktoru, professor Qaraxan Mirzəyev, ATU-nun müəllimi, tibb elmləri doktoru, professor Əlimərdan Baxışov kimi alimlər bəxş edib.
Tüklə camaatı idmanı da sevir. Vaxtı ilə kənd məktəbinin dil-ədəbiyyat müəllimi Heybət Əhədov öz peşəsinin kamil bilicisi olmaqla yanaşı Tüklədə voleybolun, futbolun, digər idman növlərinin populyarlaşmasına, məktəblilərin və kənd camaatının idman yarışlarına cəlb edilməsinə böyük əmək sərf edib. Təsadüfi deyil ki, kəndin voleybolçuları ayrı-ayrı illərdə düz səkkiz dəfə respublika birincisi olublar.
İndi Tüklə camaatından ölkə paytaxtında məskunlaşanlar, müxtəlif sahələrdə əmək fəaliyyəti göstərənlər bir-biriləri ilə sıx əlaqə saxlayır, kəndin xeyir-şərində hamılıqla iştirak edirlər.
Bu dəfə milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan idman kompleksinə onları mərhum Heybət Əhədovun xatirəsi topladı. Kompleksin voleybol zalında kəndin veteran və gənc voleybolçuları 6 komandada birləşərək Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı və media dəstəyi ilə ilk xatirə görüşü keçirdilər.
– Dövlətimizin idman siyasətinin ana xətti Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsidir desək, yanılmarıq. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəslin formalaşdırılmasına xüsusi önəm verilir. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bu sahədə Tüklə sakinlərinin də rolu danılmazdır. Bizim mərhum, sevimli, əsl el hörməti qazanan Heybət müəllim Tüklədə bu işin önündə addımlayıb. Bu gün də onun işığına topaşmışıq. Tükləlilərin bu təşəbbüsünü alqışlayıram – deyə toplananlar qarşısında çıxışını tamamlayan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AİPS-in üzvü əməkdar jurnalist Eldar İsmayılov yarışa qatılan tükləlilərə uğurlar arzuladı.
Heybət Əhədovun yetirməsi, peşəkar idmançı, tədbirə hakimlik edən Vüqar Mənsimov start fiti ilə müəlliminin xatirə yarışına start verdi.
Nurlana Əliyeva,
AİPS üzvü