İslam Qəribli-70
Mən səni o qədər səsləmişəm ki,
Dağlar da öyrəşib bu səsə indi.
Bu eşqi qəlbimdə gizli saxladım,
Sirri açammıram heç kəsə indi…
Görən açılmayan bir sirri varmı, olacaqmı dünyanın? Bütün sirlər açılır-geci, tezi var. Və İslam Qəriblinin “Gecikmiş görüş”ü də sirli, sehirli könül dünyasının sirrini, gec də olsa, açdı. Məhz “Gecikmiş görüş”ündən sonra filologiya elmləri doktoru, professor İslam Qəriblinin gözəl müəllim, tədqiqatçı-alim, publisist olmaqla yanaşı, həm də gözəl şair olması üzə çıxdı, sevənləri üçün əsl tapıntı oldu.
... Adətən istedadın, uğurun 90 faizi zəhmətdir, deyirlər. Yaxşı müəllim, alim olmaq üçün çox çalışmaq, bilik xəzinəsini qətrə-qətrə toplamaq fikrinin mən də tərəfdarıyam. Amma ölçü, mizan, tərəzi şairlik üçün deyil. Şairlik tanrı vergisidir, könül işidir, qəlb yanğısıdır, lap elə bəlkə də tale qarğışıdır. Ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyar da “Şair ola bilməzsən, anan doğmasa şair” deyirdi. Şair olmaq üçün ürək lazımdır, sevən ürək....və bir də nakam eşq hekayəti-ədəbiyyat tarixi belə göstərir. M.Şəhriyarı şair edən Sürəyyası idi...Ta nəfəsi canından çıxana kimi bu nakam eşqini unuda bilmədi Şəhriyar. “Behcətəbad xatirəsi” qəmli eşq dastanının kədərli sonluğu M. Şəhriyarın taleyinə qara xətlə ağrılı, ədəbiyyat tarximizə ən gözəl məhəbbət nəğməsi kimi qırmızı xətlə yazıldı. Bunları niyə xatırlayıram? Fikrimcə, alim İslam Qəriblini də şair edən məhz nakam eşq dastanıdır. Professor İslam Qəriblinin könül dünyasının ancaq özünə bəlli bir “ismi-pünhanı” var. Və şairin illər sonra da eşqi kimi adını da qəlbinin dərinliklərində hifz etdiyi, ən yaxınlarına belə aşkarlamadığı “ismi pünhan”a yazdığı, xəyallarına ünvanladığı, röyalarında göndərdiyi zərif sevgi mesajları illər sonra da əvvəlki təravətini saxlayır, qəlbləri titrədir, həzin bir nəğmə kimi yaddaşlarda iz salır.
Elmi rəhbərim professor İslam Qəriblinin elmi-tədqiqat əsərlərinin, demək olar ki, əksəriyyəti ilə tanışam. Azərbaycan romantizminin, ədəbiyyatının ən talesiz şairi, nümayəndəsi Məhəmməd Hadi haqqında silsilə yazılarını oxuyanda həmişə düşünürdüm ki, İslam müəllimin saçlarını ağardan, vaxtsız bəmbəyaz edən məhz M. Hadinin dərdidir, talesizliyidir, nakam məhəbbətinin ağrısıdır. “Gecikmiş görüş” göstərdi ki, M. Hadi ilə İ. Qəriblini üst-üstə düşən acı eşq hekayətləri də varmış və onları yaxınlaşdıran, doğmalaşdıran bəlkə də elə bu hisslərmiş. Hamının qınına çəkildiyi “boz”, rəngsiz dünyamızda bütün ürəklərin saf, səmimi məhəbbətə ehtiyacı var əslində:
O ötən günlərim bir iztirabdır,
Saçıma ələnən qırovdur, qardır,
O qədər intizar çəkmişəm ki, mən,
Ürəyim həsrətdən qabar-qabardır.
...“Hər ürək ürək deyil, hər ürək sevə bilmir... Dünyanı gözəllik xilas edəcək” deyənlər bəlkə də elə məhəbbəti nəzərdə tutublarmış. Çünki tanrının yaratdığı ən ali hiss sevgidir və ilahi məhəbbət tanrının bəndəsinə ilahi vergisidir elə... Elə bu ali hissə görə Adəmi, Həvvanın günahını bağışlamaq olar:
Uçuruma qısnanıb dirəndim dağa,
Dağ da dözəmməzdi mən dözən dağa,
Canımı canına dedim sadağa,
Bəs nədən yaşadım, ölmədim, gözəl!?
Ona görə ki, ilahi məhəbbət həm də ilahidən gələn səbr deməkdir. İslam Qəriblini ayaqda saxlayan da elə tanrının məhəbbətlə qoşa yaratdığı sevgi cəbri, səbridir:
Bu nadan ağlımın dözdün cəbrinə,
Döndün sən sinəmdə qərib qəbrinə,
Səbr etdin illərlə, qurban səbrinə,
Səni əzablara yar elədim mən.
XX əsr Azərbaycan gəncliyinin məhəbbət tanrısı sandığı Nüsrət Kəsəmənlinin “Dünya köhnə dünyadır, sevgiləri təzədir” deyimində məhəbbətin özü kimi ilahi sehr, sirr gizlənib. Çünki bu ilahi hissin əksi hər sevəndə, sevgisini dilə gətirəndə özünəməxsusdur, təkrarsızdır:
Mənim can evimdə qiyamət, həşir,
Sənin qəlbindəki nə bilim nədir?
Gözlərim duz gölü, sallaq qollarım,
Qurumuş, don vurmuş yetim meynədir
Gözəl ifadələrdir! Həsrət göz yaşından gözlərin duz gölünə, qolların yetim meynəyə bənzədilməsi uğurlu təşbeh olmaqla yanaşı, kövrək hisslərin həzin naləsi kimi haray çəkir, daş ürəkləri belə göynədir. Bəs İslam Qəribli üçün məhəbbət nədir?
Xəbisliyi ürəklərdə boğandı,
Şəfəq kimi üfüqlərdən doğandı,
Təşnə qəlbə saf su kimi yağandı,
Sərin mehdi, ağ yağışdı məhəbbət.
Amma nə ağır ki , “Kimsə poza bilməz tale yazanı”:
Yanağımda donan qəmi ayrılıq əkdi,
O qış günü, o son görüş... Beynim dağılır.
Tale bizi yaman yerdə sınağa çəkdi,
Qaysaqlanmış yaralarım yenə dağ olur.
- Saçlarına payız şehi nədən tez düşüb?-
Sordum, dedin: - Başındakı qardan xəbər al!
- Nədən sənin alnın belə vaxtsız qırışıb?-
Sordun, dedim: - Get vəfasız yardan xəbər al!
İslam Qəriblinin “ismi-pünhana” sevgisi təmizdir, alidir, təmənnasızdır. Bu eşqdə Allah xofu, Həzrəti Yusif səbri gizlənir:
Dünya yalan dünya, yaxşı var, bəd var,
Hər işə əndazə, hər sözə hədd var,
Bizim aramızda keçilməz sədd var,
O səddi keçməyə cəsarətim yox!
Həyatın yazılmamış çox qanunları var. Çox olur ki, yazı yazan yazdığına pozu edir, “tale qarğışı” həyatın müəyyən dönəmində “alqış”a dönür:
Ömür sürdüm qəlb pərişan, gözüm tox,
Məhəbbətə nə qadağa, nə az-çox?
Onun nə vaxt gəldiyini bilən yox,
Qəfil tutan bir qarğışdı məhəbbət.
Həyat bir nərd taxtasıdır, uduzanı, udanı var. Bu seçim şairi qorxutmur. Tək qorxusu sevginin özünə belə əyilməyin doğurduğu vahimədir:
Əlimdədir... Ancaq ömür bir nərdtaxtası
Deyil onu oynayasan, ya Rəbbim deyə.
Taleyimin qəfil qışı, qarı, şaxtası,
Kəsib məni, illər məni çətin ki, əyə
Amma nə yaxşı ki, şairin arzusu çin oldu. Aylar, illər şair İslam Qəriblini əyə bilmədi, əksinə dikəltdi. Ömrünün 70-ci baharını qeyd edən alim-şair professor İslam Qəriblini ayaq üstə saxlayan təmiz, ləkəsiz məhəbbətindən aldığı güc, ümid bu gün də o dağ əyilməzliyində saxlayır:
Bir içim sevinc ver, bir qətrə ümid,
Həkk edim mən onu bəbəklərimə.
Sən ümid ver mənə, bir ovuc ümid,
O ümid ömrümə bir ümman olsun.
Bağlayım bir dəstə gül çələngitək,
Asım yatağımın baş tərəfindən.
Qoy həmin çələngdən yuxularıma
Gülüş çilənsin,
Ümidsiz günümə ümid ələnsin!
O taylı, bu taylı Azərbaycanda, bütün Türk dünyasında professor İslam Qəribli ədəbiyyatşünas alim-tədqiqatçı kimi tanınır, sevilir. Tələbələri üçün o, həm də gözəl müəllim-pedaqoqdur. Özü üçünsə:
Elə zənn etmə ki, hissiz, lal daşam,
Mən dərdə ortağam, qəmə qardaşam,
Sirrim öz içimdə, sirrə sirdaşam,
Tanı bu nişanla, tanısan məni.
Çoxşaxəli elmi yaradıcılığa malik ədəbiyyatşünas alimi fərqli baxış bucağından-lirik şair kimi tanıtmaq istədim. Sizi bilmirəm, mən İslam Qəriblini lirik şeirlər müəllifi-məhəbbət şairi kimi daha çox sevirəm:
Məhəbbət sahili görünməz ada,
Kimlər baş əyməmiş bu böyük ada?
70 illik yubileyiniz mübarək, gözəl şair, dəyərli alim, sevilən müəllim! Ömrünüzün sonrakı davamı da sevgi ilə yoğrulsun-doğma yurd-yuvaya, torpağa, vətənə, elmə, doğmalarınıza!
Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri