Boz dovşan, bülbül, qumru və bir də mən kənddə eyni həyətdə yaşayırıq. Heç birimizin bu həyətə qeydiyyatı yoxdur. Ancaq, mənə görə, əsas qeydiyyat elə ev tikib, yuva qurmaq və birgəyaşayış qaydalarına hörmət etmək, yəni tolerant olmaqdır. Digər tərəfdən, biz öz aramızda, belə demək olarsa, təbiət və cəmiyyət qanunları arasında ortaq yaşayış sərhədləri müəyyənləşdirmişik, qoşulmamaq hərəkatını dəstəkləyirik.
Dovşanın yuvası həyətdəki yoncalıqdadı. Amma o, axşamlar çox vaxt gəlib eyvanın qarşısında, yaxşı işıqlanan yerdə çömbəlir. Görünür, o, tənhalıqdan qorxur. Bu dəqiqələrdə mən də eyvana çıxıb köhnə kresloda oturur, qonşumun hərəkətlərini izləyirəm. O, məndən qorxmur. Yəqin bilir ki, mən həmsöhbət olmaq üçün ona yaxın gəlirəm. Dovşan ora-bura göz yetirdikdən sonra gözlərini yumur, amma qulaqları “lakator” kimi daim hərəkətdə olur və gələn səsləri qəbul edir. Onun balaları olub-olmadığını hələ müəyyənləşdirə bilməmişəm. Olsaydı yəqin ki, yoncalıqda görünər, ya da analarının arxasınca düşüb qapıyadək gələrdilər. Bəlkə buradan əvvəl haradasa qurda-quşa yem olublar və buna görə dovşan bu həyətə pənah gətirib. Məncə belədi, çünki dovşanın baxışlarında adamı üzən nigarançılıq və kədər qarışıq bir əhval var. Nədən nigarandı, nəyin xiffətini edir, aydınlığı ilə başa düşə bilmirəm. Onun bu halı mənə də təsir edir, istəyirəm bu suallara cavab tapım, ancaq dil baryeri imkan vermir.
Arabir özüm də bilmədən evin dəmir qapısını bərk örtürəm. O zaman dovşan gözlərini açıb mənalı-mənalı mənə tərəf baxır və sonra çıxıb gedir. Onun baxışları sanki deyir: "Sənə nə olub, nə hay-küy salmısan, imkan ver yataq dəə! Nə qədər ki, sən Bakıda idin, buralarda tam sakitlik idi. Mən keyfimdən bu həyəti seçməmişəm. İnsanlar belədi, hansı ilə yanaşı yaşamaq, qulaq yoldaşı olmaq istəyirsən, bir oyun çıxarır...”
Dovşanın bu sözlərindən incimirəm, əksinə utanıram. Qorxuram ki, o, həyətdən çıxıb gedər və mən bunu özümə bağışlaya bilmərəm...
Qumru quşu yuvasını eyvanın ən hündür, o qədər də diqqət çəkməyən yerində tikib. O gün diqqətlə baxıb gördüm ki, yuvanı hörmək üçün istifadə etdiyi kəndirlər mənim sarıyıb mismara keçirdiyim iplərdi. Neçə kəsib, nə vaxt aparıb, xəbərim olmayıb. Mən hospitaldan çıxıb kəndə qayıdan günü qumru özünü narahat aparırdı. Məncə, o, fikirləşir ki, burada yuva qurduğuna, eyvanı çirkləndirdiyinə görə acığım tutacaq və yuvasını dağıdacam. Ancaq mən yeni qonşumun evimə təşrif gətirdiyinə görə sevinc hissi keçirdim.
Məgər bu gen, işıqlı dünyada qumrunun istədiyi yerdə kiçicik yuva qurmağa, bala çıxarmağa haqqı yoxdur? Bir də, mənə görə, dünyada ən böyük günahlardan biri başqasının yuvasını dağıtmaqdır. Fikir vermişəm, qumru gün ərzində bir-iki dəfə yuvanı tərk edir. Yəqin aclıq ona güc gəlir və əldən düşməmək üçün cücü ovlamağa gedir. Quşun yorulmadan, usanmadan saatlarla yumurtaları üstündə oturmasına baxanda yadıma bizi aylarla bətnində qanı-canı ilə qidalandıran, gəzdirən analarımızın fədakarlığı düşür. Hələ dünyaya gətirdikdən sonra illərlə isti nəfəsi ilə bizi böyüdən və duaları ilə yolumuzu işıqlandıran analarımızın bircə saatının, bircə yuxusuz gecəsinin haqqını qaytara bilirikmi? Əsla!
Ana qumru bu anlarda mənim üçün daha əziz olur, istəyirəm ona deyim ki, nə yaxşı bu eyvanda yuva qurmusan və evimi şərəfləndirmisən...
Həyətdə iki qocaman söyüd ağacı var. O söyüdlər məndən ötrü təkcə ağac deyil, xatirə yumağı kimidir. Günəşli günlərdə o söyüdlərin altında qoyulmuş taxta oturacaqda əyləşib dincəlir, bu fani dünyanın gəlir-gedərini "hesablayır", vara-vurd eləyir, ömür kitabımı vərəqləyirəm. O dəqiqələrdə söyüdlərin budaqları arasından süzülən Günəş işığı ruhuma çilənir, içimi işıqlandırır və çox mətləbləri yadıma salır. Onu da deyim ki, bu ağacları böyük qardaşım burada yurd salanda, ev binə eyləyəndə torpağa basdırıb və təbiri-caizsə, biz o söyüdlərlə birgə boy atmışıq...
Ötən il qardaşım dedi ki, bəlkə bu söyüdləri kəsib, odun eyləyək. Razı olmadım. Bir müddət sonra söyüdlərin qurumuş budaqlarını kəsdim və ağaclar sanki cavanlaşdılar. İndi söyüdlər daha gözəl görünürlər, elə bil mənim kimi hospitaldan təzəcə çıxıblar. (Məlumat üçün nəzərinizə çatdırım ki, işıqlarımız yandı. Ona görə sevinirəm ki, lampa və şam işığında oturub telefonda, kor hinduşka dən dənləyən kimi yazı yazmaq çətin işdi...)
Hə, hospitaldan gələndən sonra həyətdə xeyli işləmişəm. Hətta söyüdləri də yenidən budamışam. Elə bu işə təzəcə başlamışdım ki, gördüm ətrafda bülbül yamanca fəryad edir. Qəflətən gözüm cavan budaqlardan birində toxunmuş yuvaya sataşdı. Yuva elə hörülüb ki, sanki, torbadı. Deməli, bülbül hərəkətləri və narahatlığı ilə mənə demək istəyirmiş ki, ehtiyatlı ol, bilməzsən, yuvam olan budağı da kəsərsən... Əllərim soyudu. Daha işləyə bilmədim və oturacaqda əyləşdim. Az sonra bülbülün cəh-cəhi həyəti bürüdü...
Bax, beləcə, mənim ən yaxın qonşularım haqda sizə söyləyəcəklərim bunlar idi. Deməli, bu həyətdə daha tək yaşamıram. Bundan sonra evimdən ayrılıb harasa gedəndə həyət boş qalmayacaq, dostlarımın isti nəfəsi həyəti qoruyacaq və mən onlar üçün darıxıb tezliklə doğma yuvama dönəcəyəm...
Səməd MƏLİKZADƏ