“You Tube”dakı onun ecazkar səsini dinləyirəm. Xanəndə Süleyman Abdullayev öz gözəl və bənzərsiz səsi ilə Süleyman Rüstəmin məşhur “Mənə qalsa” qəzəlini “Şur” üstündə oxuyur:
“Heçdir deyərəm sevgisiz insan mənə qalsa,
Cansızlara da bəxş edərəm can, mənə qalsa...”
Sözlər mənalı və ifaçının səsi məlahətlidir. Həm səs, həm də sözlər başdan-başa sehr və möcüzədir!
Xanəndə isə şirin zəngulələr edərək öz gözəl avazı ilə davam edir:
Məclisdə qızıldan baha söz söyləməsən sus,
Boş sözlərə vermərəm imkan, mənə qalsa!
Bu an Əhsən Dadaşovun tarının şahanə səsi eşidilir. Tarın sədaları xanəndəni daha da cuşa gətirir:
Ay, illərlə vuruşdum uğrunda vüsalın,
Heç qoymaram hicran çəkə canan, mənə qalsa
Sonra isə, bəlkə də, yüz dəfə dinlədiyim qəzəlin şah beytinin növbəsi çatır:
Sahil boyu bağ sallam əlimlə Arazım üçün
Ollam iki sahildə də bağban mənə qalsa
Həmin an gözlərim önündə doğma Araz çayı, onun gur suları üzərində XI-XIII əsrlərdə inşa edilən tarixi Xudafərin körpüləri canlanır. İkiyə bölünən məmləkətin həsrət ağrısı ürəyimi sızladır....
Bu lentin bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Süleyman Abdullayevin anadan olmasının 85 illk yubileyinə həsr olunan konsertdə də səsləndiriləcəyinə ümid edirdim. Bu gözəl məclisdə məhz bu lent səsləndirilməsə də, bundan pəjmürdə olmadım. Çünki Dədə Süleymanın ifasında digər bir neçə muğam və təsnifi bir dənə də olsun boş yer olmayan salonda hamı ilə bərabər dərin məmnunluq hissilə dinlədim.
Sonra gənc və orta nəsil istedadlı muğam ifaçıları Səbuhi İbayev, Qoçu Əsgərov, Eldəniz Məmmədov, Ehtiram Hüseynov, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və başqaları Süleyman Abdullayevin repertuarından bir çox sevilən mahnı və təsniflərə yeni nəfəs qataraq ifa etdilər. Çıxışların da hər biri layiqincə alqış qazandı.
Tanınmış muğamşünas, professor Fərahim Sadıqov yubiley gecəsində çıxış edərək dedi ki, Azərbaycan xalqı Süleyman Abdullayev sənətinə sevgi və məhəbbətini heç vaxt əsirgəməyib. Professor belə bir məqamı da vurğuladı ki, müğənni mahnı mətnlərini son dərəcə aydın tələffüz edirdi ki, dinləyicilər bundan məmnun qalırdılar.
Fasilədə yubilyara həsr olunan “Səsin sorağında” kitabının müəllifi, publisist Vaqif Rüstəmov ilə görüşdüm. Yeri gəlmişkən, sonrakı günlərdə kitabı böyük maraqla oxuyub müəllifə təşəkkür etməyi özümə borc biləcəkdim.
Fasilə zamanı müğənninin sevimli qızı Aygün xanımın bu sözləri hamını təsirləndirdi:
– Nə yaxşı ki, atam Qarabağ azad edilənədək yaşadı. Yoxsa dünyadan Qarabağ həsrəti ilə köçəcəkdi...
Ətrafdakılardan kimsə dilləndi:
– Dədə Süleyman musiqi beşiyi Qarabağın təkrarsız səs sahibi olan müğənnilərindən idi. Allah rəhmət eləsin!
M.HACIXANLI
XQ