Azərbaycan kitabları Daşkənd sərgisində

post-img

Özbəkistanda hər il təşkil edilən ənənəvi “Kitab həftəsi” tədbirləri çərçivəsində Daşkənd şəhərindəki “Turan” kitabxanasında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Azərbaycan kitabları sərgisi keçirilib. 

Kitabxananın əməkdaşı Dilfuza Dur­simatova Özbəkistanda keçirilən ənənəvi kitab həftəsi haqqında məlumat verərək bu münasibətlə “Turan” kitabxanasının silsilə tədbirlər təşkil etdiyini və bu tədbirlərin bir günü Azərbaycan kitablarına həsr olunduğu­nu qeyd edib.

AMM direktorunun müavini Nadir Əli­mirzəyev bu təşəbbüsün çox yaxşı ənənə ol­duğunu vurğulayıb. İki qardaş ölkə arasında mövcud əlaqələrdən söz açan N. Əlimirzəyev indiyədək Mədəniyyət Mərkəzi tərəfindən 100-dən çox kitabın çap edildiyini bildirərək bu nəşrlərin Özbəkistanın müxtəlif kitabxa­nalarına hədiyyə edildiyini vurğulayıb.

Daha sonra çıxış edən Daşkənd şəhər Şayxantohur rayonu Mədəniyyət Mərkəzinin direktoru Abdulqayim Akbarov Özbəkistanla Azərbaycan xalqları arasında mövcud olan qədim və sıx ədəbi-mədəni əlaqələrdən söz açaraq günümüzdə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. AMM-nin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə kitabın bəşər tarixində mədəniyyətin ən vacib bir hissəsi olduğunu qeyd edib. Dahi Azərbay­can şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezi­denti İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdıran K.Məmmədzadə bu müna­sibətlə şairin əsərlərindən ibarət ikicildliyin özbək dilində nəşrə hazırlandığını bildirib. 

Şairə-jurnalist Nazira Aripova Özbəkis­tanda Azərbaycan ədəbiyyatının çox sevil­diyini bildirib, sərgilənən kitablar arasında sevilən əsərlərin də yer aldığını vurğulayıb. 

Sonda tanınmış Azərbaycan şairi Xan qızı Xurşidbanu Natəvanın AMM tərəfindən özbək dilində çap olunan “Günəşə çatar ba­şım” adlı kitabı haqqında da məlumat verilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin müxbiri

Daşkənd

Son xəbərlər