Dövlət katibi Antoni Blinken ABŞ-ın Rusiyaya ikili təyinatlı malların tədarükünü dayandırmayacağı təqdirdə Çinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə hazır olduğunu açıqlayıb. O qeyd edib ki, bu mövzu Pekində Çin sədri Si Cinpin və xarici işlər naziri Van İ ilə danışıqlarda müzakirə olunub.
“Bugünkü müzakirələr zamanı mən ÇXR-in Rusiyanın Ukraynaya qarşı təcavüzünü gücləndirən komponentlərin tədarükü ilə bağlı ciddi narahatlığımızı təkrarladım. Əgər Çin tərəfdən heç bir tədbir görülməsə, biz hərəkətə keçməyə tam hazırıq”, - deyə cənab Blinken mətbuat konfransında bildirib. O xatırladıb ki, ABŞ bundan əvvəl də Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Konfrans ABŞ Dövlət Departamentinin “YouTube” kanalında yayımlanıb.
ABŞ dövlət katibinin sözlərinə görə, Çin Rusiyanın müdafiə sənayesi kompleksinin yaradılması üçün istifadə etdiyi dəzgahlar və mikroelektronika, eləcə də digər ikili təyinatlı malların ən böyük tədarükçüsüdür. O hesab edir ki, Çin Rusiyaya yardımı davam etdirərkən Qərb ölkələri ilə yaxşı münasibətlərə can ata bilməz.
Antoni Blinkenin Çinə səfəri ərəfəsində “The Wall Street Journal” məqalə dərc edib və burada xüsusilə qeyd olunub ki, Rusiya-Ukrayna hərbi münaqişəsinin başlanmasından sonra Çin Rusiya Federasiyasına elektron sxemlərin, təyyarə hissələrinin, maşın və maşın alətlərinin əsas təchizatçısına çevrilib. Çin bankları Rusiyaya kommersiya ixracatında əsas vasitəçilər kimi göstərilib. Nəşrin mənbələri ABŞ-ın onlara qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığını iddia edib.
Çin Xarici İşlər Nazirliyi nəşri şərh edərkən bildirib ki, Çin digər ölkələrlə bərabərlik və qarşılıqlı fayda əsasında normal ticarət-iqtisadi fəaliyyət göstərmək hüququna malikdir. Cənab Blinkenlə görüşündə Van İ ABŞ-ı Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməkdən çəkindirib.
S.ELAY
XQ