Onun növbəti hədəfi Olimpiya çempionluğudur
Paris Yay Olimpiya Oyunları ərəfəsində Azərbaycan cüdoçuları daha bir mühüm yarışda qüvvələrini sınayıblar. Qitənin ən güclülərinin mübarizə apardığı turnirdə istedadlı tatami ustası Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla, həm də tarixi nəticəyə imza atıb. Belə ki, o cüdo tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Dünya çempionatının üçqat bürünc mükafatçısı ötən il Fransada təşkil edilən qitə yarışında 3-cü çempionluğunu bayram etmişdi. Həmin il idmançımız Tokioda Dünya Turu seriyasının ən çətin yarışı sayılan “Böyük dəbilqə” turnirində qızıl medal qazanmaqla da tarixi nailiyyətə imza atmışdı. Belə ki, bu idman növünün vətəni Yaponiyada ilk dəfə Azərbaycan komandasının üzvü fərxi kürsünün ən yüksək mərtəbəsinə qalxmağı bacarmışdı. 2023-cü ildə tatami ustası Türkiyədə keçirilən “Böyük dəbilqə”də də rəqib tanımayıb. Həmçinin, bu il Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Hidayət Heydərovun qızıl medal qazanması uğurlu nəticələrinin davamlı olmasının göstəricisidir.
Hidayət Heydərov qazandığı qələbə ilə bağlı danışarkən bu tarixi nəticənin son olmadığını deyib. O, növbəti yarışlarda – dünya çempionatı və Paris Yay Olimpiya Oyunlarında çempionluğu hədəflədiyini vurğulayıb. Avropa çempionatında həlledici qarşılaşmasından danışan idmançı deyib:
– Finala fərqli hazırlaşmışdım. İlk görüşlərdə çox fənd işlətdiyimə görə, yorulmuşdum. Buna baxmayaraq xarakter nümayiş etdirdim və qələbə qazandım. Düşünürəm ki, yarışda əsas qələbə ruhudur.
Qeyd edək ki, qitə yarışında Hidayət Heydərov ikinci mərhələdən mübarizəyə qoşulub. İlk görüşdə İndrit Kalhacı (Albaniya) məğlub edən cüdoçumuz növbəti mərhələdə – səkkizdəbir finalda portuqaliyalı Otari Kvantidzenin də öhdəsindən uğurla gəlib. Üçüncü qarşılaşmasında neytral idmançı statusunda çıxış edən Ruslan Qoluvaçov, yarımfinalda moldovalı Adil Osmanov üzərində qələbə qazanıb. Dördüncü çempionluq uğrunda neytral statuslu atlet Danil Lavrentyevlə görüşdə qalib əlavə vaxtda müəyyənləşib. D. Lavrentyevin 3-cü cərimə xalını alması Hidayətin çempionluğu ilə nəticələnib.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu qəzetimizə açıqlamasında H.Heydərovun dördqat Avropa çempionu titulunu qazanmasının cüdo tariximizdə bir ilk olduğu üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi:
– Hidayət yarışdan sonra açıqlamasında da bildirdi ki, qazanacağı tarixi nəticələr hələ qabaqdadır. Əminik ki, Avropa çempionluğu Hidayəti daha böyük hədəflərə çatmağa həvəsləndirəcək. Hidayət topladığı xallara görə öz çəkisində dünya reytinqində birincidir. Bu, onun olduğu hazırkı formasını, ustalığını göstərir. O güclü potensiala malikdir. Mütəxəssislərin də qeyd etdiyi kimi, hazırda karyerasının pik formasına çatıb. İndi əsas məqsəd onun Olimpiya Oyunlarına ən yüksək idman formasında qatılmasıdır.
Baş katib olimpiadaya hazırlıqla bağlı da fikirlərini bölüşüb:
– Avropa çempionatından sonra mayın 19-24-də Abu-Dabidə dünya çempionatı olacaq. Bu nüfuzlu yarışa hazırlıqla bağlı Bakıda təlim-məşq toplanışı olacaq. Dünya çempionatından sonra komanda Qubada ümumi fiziki hazırlıqla bağlı təlim-məşqə qatılacaq. Daha sonra Xorvatiya və İspaniyada beynəlxalq təlim-məşq toplanışı ilə Olimpiadaya hazırlığı davam etdirəcəyik. Bakıda sonuncu təlim-məşq toplanışından sonra Paris Olimpiadasına yola düşəcəyik.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan komandası uğurla çıxış edib. Belə ki, Hidayət Heydərovla yanaşı, Elcan Hacıyev (90 kq) də fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Yığmamızın digər üzvü Balabəy Ağayev (60 kq) isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb. Bununla da 2 qızıl, bir gümüş medalla Azərbaycan ümumi hesabda ikinci yeri tutub.
Leyla QURBANOVA
XQ