Teatrlarımız çətinlikləri sənətə sevgi və peşəkarlıqla aşır
O, “Viy” və “Müfəttiş” (N.Qoqol), musiqisi S.Ələsgərova, librettosu Şixəli Gurbanova məxsus “Milyonçunun dilənçi oğlu” musiqili komediyası, “Xanuma” (A.Saqareli), “Müsyo Jordan və Dərviş Məstəli Şah” (M.F.Axundzadə), “Şah və Şair, yaxud Səni sevənlər hamı burdadır...” (Kamal Abdulla) kimi əsərlərə səhnə həyatı verib. Bunlardan savayı, müqavilə ilə bir neçə xarici ölkənin teatrında rejissor işləyib. Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov “XQ”nin suallarını cavablandırır.
– Mikayıl müəllim, 17 il Yuğ Dövlət Teatrında həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərmisiniz. 2022-ci ildə isə baş rejissor təyin edildiniz. Buna qədər özünüzə “mən baş rejissor olsaydım nələri edərdim?” sualını vermişdinizmi?
– Yuğ Teatrı mənə evim qədər doğmadır. 1990-cı illərin əvvəllərində anam Sonaxanım Mikayılova bu teatrda çalışırdı və mən bütün tamaşaların məşqlərində iştirak edirdim. Yəni, deyə bilərəm ki, teatrın divarları arasında böyümüşəm. Hərdən Vaqif İbrahimoğlunun “dərslər”ində də otururdum. Bəlkə o vaxt Vaqif müəllimin ağlına da gəlməzdi ki, bu dəcəl uşaq nə vaxtsa onun yaratdığı teatrın baş rejissoru olacaq. Mənə zınqrov vermişdi, məşqarası antraktlarda səhnənin ortasından keçib zınqrovu çalırdım. Tale elə gətirdi ki, indi onun sənət missiyasını davam etdirirəm. Heç ağlıma da gəlməzdi… Təyinatım da gözlənilməz oldu. Yuğ Teatrında yetərincə yaradıcı potensial var, Vaqif İbrahimoğlunun yetirmələri çoxdur. Mən daha çox müstəqil rejissor kimi fəaliyyət göstərirdim, Azərbaycandan başqa xarici ölkələrə tamaşa qurmağa dəvət olunurdum.
İndi teatr çətin dönəmini yaşayır, 8 ildir binasız qalmışıq. Bu səbəbdən yaradıcı proses istədiyimiz kimi getmir, çətinliklər var. Yüksək potensiala malik kollektiv bacardığını deyil, mövcud şəraitdə mümkün olanı edir. Buna baxmayaraq, teatr yaşayır, yaradıcı iş davam edir, yeni layihələrə hazırlaşırıq. Bu yaxınlarda keçiriləcək dramaturgiya festivalının təşkilatçılarından biriyik. Vaqif İbrahimoğlu Yuğ Teatrını yaradıcı platformaya çevirmişdi, həmin ənənə davam edir. Gənclərin bu teatrda özlərini sınamaları üçün imkan yaradılır. Planlarımız çoxdur. Teatrımızın bina probleminin həlli yönündə iş gedir.
– Dediniz ki, teatra daha çox bağlısınız, amma kino rejissorluğu fakültəsini bitirmisinz…
– Açığı, teatr və kino həyatımda eyni məna kəsb edir. Teatrda artıq müəyyən təcrübə keçmişdim, kinonu da öyrənmək üçün məhz o fakültəni seçdim. Xoreoqrafiya məktəbini də bitirmişəm, ilk iş yerim Pantomim Teatrı olub. Teatr, kino və xoreoqrafiya hər üçü mənim sahəmdir. Kinorejissor kimi dörd qısametrajlı bədii film çəkmişəm. “Xarqo” filmi Əhmədiyyə Cəbrayılovdan bəhs edir. Aprel döyüşləri ilə bağlı filmim də var.
– Siz həm də Rusiya, Qazaxıstan və Gürcüstan teatrlarında müqavilə ilə tamaşalar hazırlamısınız. Gəlin o teatrları Azərbaycan səhnəsi ilə müqayisə edək…
– Oxşarlıq da var, xırda fərqlər də. Elə ciddi fərq yoxdur. Ən böyük oxşarlıq bizdə də, orada da intriqaların eyniliyidir. Bir məsələ var ki, Avropa teatrında bir tamaşanı bir aya ərsəyə gətirə bilərsən. Yəni, buna şərait, imkan var. Bizdə isə bu sürətlə işləmək çətindir. Yenə Qazaxıstana dəvət olunmuşam. Bu, orada hazırlayacağım altıncı tamaşam olacaq.
– 6 il əvvəl Vladimir Klimin “Medeya. Sekvensiya 001” əsərini səhnələşdirmisiniz. Apokrifik janrda olan tamaşada ananız, Əməkdar artist Sonaxanım Mikayılova da rol alıb. Oğulla ana necə dil tapdı?
– Çox maraqlı idi. Niyə bu əsərə müraciət etdim? Çünki bu əsər post-dramatik üslubda yazılıb, Yuğ Teatrının poetikasına yaxın dildədir. Həm də Medeyanı oynamaq anamın arzusu idi. Əsər bu cümlə ilə başlayır “Ömür boyu Medeyanı oynamaq arzusunda olmuşam”. Pyesi oxuyanda anamın arzusu və o cümlə məni bu tamaşanı qoymağa sövq etdi. Qəribədir ki, əsər “Yenə Medeyanı oynaya bilmədim” cümləsi ilə bitir.
Tamaşada iki əsas obraz var, əhvalat da onların ətrafında baş veirir. İkinci obrazı Əməkdar artist Gülzar Qurbanova canlandırır. Məşqlər teatrda qurtarmırdı, bəzən evdə də davam edirdi. Ana-bala müzakirələr aparırdıq. Bir də gördün anamla fikirlərimiz haçalandı, evdəkilər də istər-istəməz işin içində olurdular. Yenə Sona xanımın iştirakı ilə yeni tamaşa üzərində işləyirik. Türk dramaturqu Toyqun Orbayın “21:15 qatarı” əsərini tamaşaya hazırlayıram. İki heyətlə işləyirik. Birinci heyətdə Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Gülzar Qurbanova, Sonaxanım Mikayılova və Fərhad İsrafilov oynayacaqlar. İkinci heyət gənclərdən ibarətdir. Məşqləri bir yerdə edirik, sənətkarlarla məşq prosesi gənclər üçün məktəbdir. Bu əsər Azərbaycan teatrlarının səhnəsində fərqli quruluşlarda oynanılıb. Bizim öz yanaşmamız, rakursumuz ayrıdır. Paralel olaraq bir rumin əsəri üzərində də işləyirik.
– Vaqif İbrahimoğlunun yetirməsi olmağın hansı özəllikləri var?
– Əlbəttə, kömək edir, çünki sənin keçdiyin məktəb var. Hər bir teatr kimi, yaradıcı insanın da ustadı, məktəbi olmalıdır. Özülsüz bina olmaz. Ayrı-ayrı məktəblərdə yetişə bilərik, amma hamımız Azərbaycan teatrının tərkib hissəsiyik. Mənim üçün Azərbaycan teatrı anlayışı var. Bəlkə də indi bizim teatr aləmində nə baş verdiyini tam anlamırıq. Amma gələcəkdə teatrşünaslar bunları yazacaqlar. Yuğ Teatrının yaranması, yeni və fərqli estetikada fəaliyyət göstərməsi mədəniyyətimizin tarixidir. Azərbaycanda bu teatrın timsalında ilk dəfə post-dramatik üslubda sənət ocağı yarandı. Bu ocağın odu bu gün də yanır. Bu təkcə Yuğ Teatrına yox, Azərbaycan teatrına məxsusdur. Həmin ocağın təməlində İslam mədəniyyəti, Türk mifologiyası dayanır. Bu teatr estetikası Azərbaycan türkünün beyninin məhsuludur. Yəni, bu sərvət hökmən qorunmalıdır. Stanislavski, Qratovski teatr sistemləri haqqında kitablar yazıblar. Biz də istəyirik Vaqif İbrahimoğlunun teatr sistemi barədə bir kitab ərsəyə gətirək və onu dünyaya yayaq. Ümid edirəm ki, ustadın yubileyi ərəfəsində o kitab işıq üzü görəcək.
– Bir il əvvəl Teatr Forumunda qaldırılan problemlər öz həllini tapırmı?
– Əsas odur ki, proses gedir, problemlərin həlli yolları axtarılır, teatrlar arasında dialoq baş tutur. Bizim, həqiqətən də, dialoqa ehtiyacımız var. Əsas istədiyimiz bu idi. Nəticəni gözləyirik. Bu gedişlə tezliklə müsbət nəticələr də olar.
– Hazırda hansı tamaşa üzərində işləyirsiniz?
– Yuğ Teatrında 2 tamaşanı mən hazırlayıram, digər rejissorlarımız da yeni tamaşalar üzərində çalışırlar. Universitetdə dərs deyirəm, tələbələrlə də tamaşalar qoyuruq. Qazaxıstanın 2 şəhərində tamaşa hazırlayacağam. Qarşıda yaradıcı işlərimiz çoxdur. İnşallah, tamaşaçıları sevindirəcəyik.
Söhbətləşdi:
Ramilə QURBANLI
XQ