Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qırğız Mədəniyyəti Günlərinin təntənəli bağlanış mərasimi olub. Tədbirdə rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov Qırğız Mədəniyyət Günlərinin 2 dövlət arasında mədəni əlaqələr baxımından daha da inkişaf etməsində böyük rolu olduğunu vurğuladı. Bugünkü əməkdaşlığın gələcəyə nikbin baxmağa şərait yaratdığını bildirən nazir dedi: “Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycan, həm də Qırğızıstanın çoxşaxəli imkanları var. Müasir Qırğız və Azərbaycan mədəni əlaqələri xalqlarımızı daha da yaxınlaşdıracaq”.
Sonra Altınbek Maksutov yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlını medalla təltif etdi.
Azərbaycanın Mədəniyyət nazirinin müavini Murad Hüseynov jurnalistlərə açıqlamasında diqqətə çatdırdı ki, bir neçə gün ərzində qırğız qardaşlarımız ölkəmizdə zəngin mədəniyyət örnəklərini yüksək səviyyədə təqdim etdilər. İki dövlət arasında qurulan münasibətlər müsbət tendensiyada inkişaf edəcək.
Tədbirdə qonaq ölkənin incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edərək tamaşaçıların zövqünü oxşadılar. İfaçıların nümayiş etdirdiyi musiqi və rəqs nömrələri maraqla qarşılandı.
Xatırladaq ki, qardaş ölkənin Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri ilə eyni vaxta düşən Qırğız Mədəniyyət Günlərinin proqramı zəngin olub. Paytaxtımızın mərkəzi prospektlərindən birində dünya şöhrətli böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsi açılıb, Nizami Kino Mərkəzində “Qırğız kino Günləri” keçirilib, dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri nümayiş etdirilib, Azərbaycan Milli Kitabxanasında isə “Azərbaycan – Qırğızıstan mədəni humanitar dostluq əlaqələri” mövzusunda “dəyirmi masa” keçirilib.
Nəhayət qeyd edək ki, Qırğızıstan paytaxtı Bişkekdə də Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzədə tutulub və hazırlıq işlərinə başlanıb.
XQ