Tağıyev məktəbindən çıxmış yazıçı

post-img

Qılman İlkin – 110

Ədəbiyyatımızın inkişafına sanballı töhfələr vermiş Qılman İlkinin qələmindən çıxan çox sayda hekayə, povest və romanlarda tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutur. Bu əsərlər yaxın keçmişimizdə baş verən hadisələrlə və müasirlərimizin həyatından alınan bədii lövhələrlə zəngindir. 

Qılman İlkinin “Qalada üsyan”, “Hə­diyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri”, “Bakı və bakılılar” kimi əsərləri, qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətləri haqqında silsilə xatirələri oxucular tərəfindən həmişə maraqla qarşılanıb. Yazıçının Qarabağ müharibəsindən bəhs edən publisistik məqalələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Tələbəlik illərindən bədii yaradıcılığa ciddi maraq göstərən Qılman Musaye­vin (İlkin təxəllüsünü sonra götürüb) ilk qələm təcrübələri ədəbiyyata istedadlı bir gəncin gəldiyindən soraq verib. He­kayələrində mövzuya doğma münasibəti ilə seçilən müəllifin yazıçı dili gözəl, təh­kiyə üsulu sadə və səmimidir.

On beş il əvvəl dünyasını dəyişmiş yazıçının ədəbi irsi “Seçilmiş əsərləri” adı altında toplanaraq oxuculara ərmə­ğan edilib. Qılman İlkinin “Sən Bakını tanıyırsanmı?”, “Tovuz lələyi” kitabları da kütləvi tirajla nəşr olunub. Onun “Qalada üsyan” romanı əsasında “Azərbaycanfil­m”də “Yenilməz batalyon” filmi çəkilib. O, eyni zamanda, "Kölgələr sürünür" filminin ssenari müəllifidir.

Qılman İlkinin səhnə üçün yazdığı “Cərrahlar”, “Tayqa nağılı”, “Əsgər müha­ribədən qayıdırdı”, “Geriyə yol yoxdur”, “Çətin döngələr”, “Baba və nəvə”, “Həyat sınaqları”, “Qarışqa şıllaq atdı” pyesləri də populyarlıq qazanıb və dəfələrlə ta­maşaya qoyulub. Ümumilikdə yaradıcılı­ğı boyu Qılman İlkinin 50-dən çox kitabı çap olunub. 

Qılman İikin (Qılman Musayev) 1914-cü il aprelin 28-də Bakının Mər­dəkan kəndində çoxuşaqlı ailədə ana­dan olub. İlk təhsilini Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağban­çılıq məktəbində alıb. Burada ona Fey­zulla Qasımzadə və Cəfər Rəmzi kimi görkəmli şəxsiyyətlər dərs deyib. Tağı­yevin məktəbini bitirdikdən sonra “Rüş­diyyə” məktəbi adlanan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib, ardın­ca pedaqoji texnikumda, Azərbaycan Pedaqoji İnstitutunda oxuyub. Kənd məktəbində müəllim işləyib və həmin dövrlərdə baş verən əhvalatları “Ömrün oğlan çağları” povestində qələmə alıb. “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi kimi çalışıb və həmin qəzetdə vaxta­şırı əsərləri dərc olunub.

O, 1938-ci ildən “Uşaqgəncnəşr”də məsləhətçi kimi işə qəbul edilib və orada baş redaktor, direktor vəzifələrinə qədər yüksəlib. Azərbaycan Dövlət Universite­tində müəllim işlədiyi vaxt İkinci Dünya müharibəsi başlanıb və yazıçı da səfər­bərliyə alınıb. Müharibə illərində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləyib. Təbrizdə nəşr olunan “Vətən yolunda” adlı əsgər qəzetinin re­daksiyasında çalışıb. Müharibədən sonra yenidən Azərbaycan Dövlət Universite­tinə qayıdıb. Ədəbi prosesdə yaxından iştirak edib. Jurnal redaktoru, nəşriyyat rəhbəri kimi də səmərəli fəaliyyət göstə­rib. 

Yazıçının əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub və ölkəmizin hüdudlarından kənarda da yayılıb. Eyni zamanda, onun tərcüməçilik fəaliyyəti də məhsuldar olub. 

Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri yüksək qiymətləndi­rilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına layiq görü­lüb. 6 noyabr 2009-cu ildə Bakıda vəfat edən görkəmli nasir II Fəxri xiyabanda uyuyur. Ruhu şad olsun!

Həzi HƏSƏNLİ
şair-publisist

Mədəniyyət