“Halay” nəğməli könülləri haraylayır

post-img

Masallının məşhur “Halay” etnik folklor ansamblının bu il 65 yaşı tamam olur. İlk gündən bölgənin folklor örnəklərini təbliğ etməsi, Azərbaycan və talış dillərində şən mahnıları, milli geyimdə şux rəqsləri ilə hamını heyran qoyan “Halay” gur bulaq kimi çağlamaqdadır. 

Mahmudavar kəndinin gənc sakini Ümbülbanu Cəbiyeva gözəl səsi və rəqs­ləri ilə tanınıb. Fəal özfəaliyyətçi olduğu üçün hələ 20 yaşında ikən kənd klubu­na müdir təyin edilib. Bakıda görüşdüyü məşhur opera aktrisası, SSRİ Xalq artisti Şövkət Məmmədova ona məsləhət görüb ki, talış qızlarını başına toplayıb folklor kollektivini yaratsın. O da kəndə qayıdan kimi Xanımgül Kərimovanı, Həbibə Nağı­yevanı və digər rəfiqələrini dilə tutaraq, aşkarda oxuyub-oynamağa razı salıb. Özfəaliyyət sahəsində müəyyən təcrü­bəsi olan anası Ağabacı xanımın səhnə tərtibatı və əməli köməyi ilə qrup forma­laşıb. Masallı qızları ilk dəfə Bakıda ke­çirilən festivalda uğurlu çıxışlarına görə mükafat alıblar. Kollektiv 1959-cu ildə an­sambl kimi rəsmən təsdiq olunub, status qazanıb. Get-gedə şöhrətlənən kollektiv illər ərzində xalq incilərini toplayaraq on­lara təzə nəfəs verib, özünəməxsus şə­kildə təqdim edib. 

“Halay” dəfələrlə Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova və digər korifey sənətkarlarla eyni səhnə­ni bölüşüb. Nəsillər dəyişsə də, ansamb­lın qədim bayatı, nəğmə və rəqslərə sev­gisi zərrəcə dəyişməyib. 

...Yenə də “Halay”a baxırıq. Folklor şedevrlərini, koloritli musiqi parçalarını sərgiləyir. Gəlin köçürməmişdən qabaq ifa edilən “Masallı toyu”, “Lo-lo”, “Sona­lar” əsl el şənliyi təəssüratı yaradır. “A yordu-yordu” etnoqrafik musiqili səhnəci­yində tərəflər üzbəüz dayanıb deyişirlər. Bu deyişmə, bir növ, yumorlu təsir bağış­layır. Axırda yorulan tərəf uduzmuş hesab olunur. “Ay ləli, yar” “Talışo mey”, “Kinəli”, “Yallı”, “Səməni” olduqca dinamik ifalardır. Biri ortada dayanıb başlıq oxuyur, sağın­da, solunda duranlarsa başlığı təkrarla­yaraq onu sanki müşayiət edirlər. Qızlar oxuyub-oynadıqca ecazkar ifalarının sə­si-sorağı dağlarda əks-səda yaradır. 

Ümbülbanu Cəbiyevadan sonra an­sambla onun qızı – Masallı Mədəniyyət Mərkəzinin Mahmudavar Folklor Evinin direktoru Natəvan Əliyeva rəhbərlik edir. Natəvan xanım əlindən gələni edir ki, kol­lektiv ənənələri layiqincə yaşatsın. Bütün el bayramlarında “Halay” öz kəndlərində, Ərkivan qəsəbəsində, qonşu rayonlarda çıxışlar edir və özünün “alov” dilimləri ilə ətrafına toplaşanların ürəyini isidir, gözü­nü işıqlandırır. 

– Anam bu sənəti anasından öyrə­nib, mən də ondan, – deyə söhbət edir. – Ənənəni yaşatdığımıza görə xoşbəxtik. Qızlarımız sağ olsunlar, əl-ələ verib el şənliklərinə oynaq ruh qatırlar, konsert­lərdə, festivallarda şux, qıvraq ifaları ilə ovqat yaradırlar. Ötən ay Azərbaycanın elə televiziya kanalı olmadı ki, bizi Novruz proqramlarına dəvət etməsin. Masallıda, Lənkəranda da uğurlu çıxışlar elədik.

Kollektivin mükafatlar kolleksiyası zəngindir. ”Halay” Masallını dünyaya tanıdıb. “Qızıl Buta”, “Qızıl Balta” bey­nəlxalq mükafatları, medallar, diplomlarla təltif olunub. Rusiya, Ukrayna, Belarus, İraq, Gürcüstan, Macarıstan və digər ölkələrdə “Halay” dəfələrlə konsertlər ve­rib. Haqqında filmlər çəkilmiş, kitablar ya­zılmış kollektivin Türkiyənin 15 şəhərində yaddaqalan çıxışları olub. Bir yaz Novruz ərəfəsində qardaş ölkəyə qastrol səfə­rinə yollanan ansambl üzvləri özləri ilə bayram atributu olan səməni, şəkərbura, paxlava, noğul və başqa sovqatlar da gö­türüblərmiş. Konsertlərin birində Türkiyə­nin ovaxtkı baş naziri, hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan “Halay”ın üzvləri ilə görüşüb onları təbrik edib. Onlar da öz növbələrində baş nazirə yaz simvolu olan yaşıl səməni veriblər...

“Halay”ın hazırda 18 üzvü var. Yarısı veteranlardır, yarısı da gənclər. Onlarla tanış oluruq. Veteranlar Ağabəyim Ha­cıyeva, Gülzar Nağıyeva, Təranə Ha­cıyeva, Məhbubə Nuriyeva, Mehparə Qulamova kollektivin səfərlərini, rəsmi tədbirlərdə ifalarını xatırlayırlar. Gənclər­dən Fəridə Babayeva, Rufanə Fərəcova, Gülər və Şəbnəm İsgəndərovalar həm də qohum-əqrabadırlar. 

– Bu sənətin layiqli davamçısı olma­ğımızla fəxr edirik, – deyə biri bildirir.

Digəri rəfiqəsinin sözünə qüvvət ola­raq əlavə edir:

– Düz 10 il əvvəl Masallıda Prezident İlham Əliyevin qarşısında uğurla çıxış et­məyimizi fəxrlə xatırlayıram. Əvvəlcə çox həyəcanlı idik, amma bu, tez keçdi. Axır­da dövlət başçısı bizimlə səmimi söhbət də elədi.

– Şuşada, Cıdır düzündə V Bey­nəlxalq “Xarıbülbül” festivalındakı çıxışı­mız da möhtəşəm olub, – deyə başqa bir ifaçı söhbətə qatılır. – Azadlığına qovuş­muş Qarabağda konsertdə çıxış eləmək böyük səadət idi. Bu günləri bizə yaşa­danlar var olsunlar!

Sonra qızlar səhnəyə, yeni bir kom­pozisiyanın məşqinə çağrılırlar. Bunun qarşıdakı sənət yarışmalarına hazırlıq mənasına gəldiyini düşünüb, uğurlar dilə­yir və sağollaşırıq.

İnanırıq ki, multikultural dəyərlərə dövlət səviyyəsində diqqət göstərilməsin­dən məmnun olan “Halay”ın səhnələrdə hələ çox harayını, sorağını eşidəcək və fəxr edəcəyik.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət