Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi”nin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində “Kəlağayı festivalı” keçirilib.
Paytaxtın Ukrayna dairəsindəki Heydər Əliyev parkında düzənlənən festivalda əvvəlcə sərgi ilə tanışlıq oldu. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şeir-sənət adamları, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri sərgidə nümayiş etdirilən möcüzəli qadın baş örtüklərinə – qədim kəlağayı sənət nümunələrinə maraqla baxdılar.
Onu da qeyd edək ki, ekspozisiyada göz oxşayan “Bəstə-nigar”, “Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Noxudu”, “Yaşıl-qara”, “Zeytun”, “Bənövşəyi”, “Ağzəmin-zanbağı”, “Ağzəmin-qızılı” kimi gözoxşayan nümunələr elə Xətai rayonu ərazisində yerləşən “Kəlağayı muzeyi”ndə qorunan eksponatlardır. Həmin muzeyi “Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri, saz-söz sənətinə bağlı şair Güllü Eldar Tomarlı öz evində yaradıb. Sərgidə Şamaxı, Şəki və İsmayıllıda istehsal olunan müasir kəlağayılar da həm nümayiş etdirilir, həm də satılırdı. Bahar mehində “qımışan” ipək örpəklər göz-könül oxşayırdı. Rəsm əsərləri, əl işləri isə sərgiyə əlavə rəng qatırdı.
Şərq motivləri əsasında basma üsulu ilə bəzənib haşiyələnən, gözəl butaları ilə diqqət çəkən ipək kəlağayıların dünyaca şöhrətli olması fərəh doğurur. Düz 10 il əvvəl Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Beləcə, göz-könül oxşayan bu baş örtüyü xalqımıza məxsus milli-mənəvi dəyər kimi beynəlxalq səviyyədə təsdiqlənib.
Sərgi ilə tanışlıqdan yetərincə duyğulanan seyrçilər sonra parkdakı amfiteatra toplaşdılar. Orada festivalın rəsmi açılışı oldu. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyin sədri, saz-söz sənətinə bağlı şair Güllü Eldar Tomarlı milli varlıq nişanəsi olan kəlağayının tarixi və bugünü barədə danışdı, yubiley münasibətilə gerçəkləşdirilən layihə barədə məlumat verdi. Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə silsilə yubiley tədbirlərinin keçirildiyini bildirdi. Festivalın baş tutmasında rolu olan qurumlara minnətdarlığını çatdırdı.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qədim el sənətlərinə, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə dövlət qayğısından, “Kəlağayı festivalı”nın milli irsin tanıdılmasında önəmli rolundan bəhs etdi və ona uğurlar arzuladı. Digər natiqlər də festivalla bağlı fikirlərini bölüşdülər, bu kimi tədbirlərin milli irsin təbliğində, tariximizin tanıdılmasında, gənc nəslin tərbiyəsində mühüm əhəmiyyəti olduğunu qeyd etdilər.
Bədii hissədə tanınmış müğənnilər, aşıqlar, şairlər çıxış etdilər. Əlvan konsert proqramı hamını valeh etdi. Xanımların baş tacı, həya, ismət nişanəsi olan kəlağayı haqqında bilgiləri zənginləşdirən festival əsl el bayramı səviyyəsində keçdi.
Silsilə tədbirlər ilin sonuna qədər davam edəcək və yekun olaraq, noyabrın 26-da Azərbaycanda möhtəşəm “Kəlağayı Günü” keçiriləcək.
Əli NƏCƏFXANLI,
Elşən AĞALAR (foto)
XQ