Çıraqqala – igid babaların Laçın yuvası

post-img

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür 

Şərqdən mavi Xəzərin qumsal sahillərindən başlayan Şabran rayonunun ərazisi düzənliklərdən keçərək meşə ətəklərinə qovuşur. Buradan Şabranın yaşıl donu sayılan böyük meşələr başlayır. Sıx meşələrin bitdiyi yerdə əzəmətli dağlar yüksəlir. Möhtəşəm duruşu ilə bu yurda keşik çəkirmiş kimi görünən Çaraqqaya dağının ən uca zirvəsində isə əsrlərə şahid olan əzəmətli qədim bir qala boy verir – Çıraqqala. Əsrlərin amansız savaşlarından zəfərlə ayrılmış “yorğun cəngavərə” bənzəyən bu möhtəşəm qala qüruru, əzəməti ilə adamı heyran edir. 15 əsrdən çoxdur ki, Çıraqqala zamanın fitnə-fəsadına, müharibələrə, düşmənlərin hücumlarına, təbiətin şıltaqlıqlarına sinə gərməkdədır.

Çıraqqala V-VI əsrlərdə Səsa­ni hökmdarı I Qubadın (488-531) hakimiyyəti dövründə inşa edilib və XVIII əsrə qədər müdafiə qa­lası kimi istifadə olunub. Yazılı mənbələrdəki məlumatlara görə, vaxtilə qalanın ərazisində Quba xanı Fətəli xanın üçmərtəbəli sara­yı olub. Qalada xidmət edən keşikçi dəstələri Beşbarmaqdan başlamış Dərbəndədək təxminən 100 kilo­metr əraziyə nəzarət edə bilibilər. Xəzər sahillərindən keçən İpək Yo­lunun müdafiəsində isə Çiraqqala baş dayaq məntəqəsi rolunu yerinə yetirib. Karvanlara basqınlar, ya­delli soyğunçuların hücumları gözə dəyəndə dərhal qalada tonqal yan­dırılmaqla təhlükə barədə Xəzər sahilində yerləşən müvafiq müha­fizə dəstələrinə xəbərdarlıq siqnalı ötürülüb. 

Dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən qala Şabran rayon mərkəzindən 25 kilometr aralıda olan Çaraq kəndinin ərazi­sində yerləşir. Düşmənlərdən mü­dafiə olunmaq və onların hücumları barədə 4 istiqamət üzrə məlumat vermək məqsədilə tikilən qala 120 metr hündürlüyü olan nəhəng bir qayanın üstündə inşa olunmuşdur. Tədqiqatçıların fikrincə, qalanın tikilməsində əsas məqsəd Xəzər dənizindən başlayan və Babada­ğadək uzanan 60 kilometr uzunlu­ğundakı Gilgilçay səddini düşmən hücumlarından qorumaq idi. Çünki o dövrlərdə Gilgilçay səddi təkcə Azərbaycanda deyil, Qafqazda da ən böyük müdafiə qurğusu hesab olunurdu. Dünyada isə o, Çin səd­dindən sonra ikinci hərbi qurğu sa­yılırdı.

Çıraqqala tipli qalalar Azərbay­canın digər bölgələrində də vardır. Oğuz, Qazax, Lerik, Yardımlı, İs­mayıllı və başqa rayonlarımızda belə qalalara rast gəlinir. Lakin Çı­raqqala həm qalanın inşası üçün ayrılan yerin hərbi-strateji üstün­lükləri və coğrafi relyefinə, həm memarlıq üslubuna, möhkəmliyinə və tikintinin keyfiyyətinə, həm də tikinti zamanı siyasi, hərbi, mədəni və estetik tələblərin yerinə yetiril­məsinə görə digər qalalardan kök­lü surətdə fərqlənir. Qalanın əra­zisi təxminən 20 hektara yaxındır. Bu, Bakı şəhər qalası İçərişəhərin ərazisindən (21,5 hektar) azacıq kiçikdir.

Çıraqqala Xəzər dənizindən başlayaraq Babadağın ətəklərinə­dək uzanan üç qaladan biridir. An­caq həmin iki qala və səddin çox hissəsi zamanın tufan və boranına, təbiətin şıltaqlığına tab gətirmədiyi üçün uçulub dağılmışdır. Çıraqqa­lanın mərkəzi qala da daxil olmaqla 17 bürcü olmuşdur. Hazırda 17 bür­cün yalnız 3-ü salamatdır, 14 bür­cün isə yalnız xarabalıqları qalmış­dır. Bu nəhəng tikintinin divarlarının hündürlüyü 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala divarının yanında su anbarı yerləşib. Anbara su xətti saxsı torbalarla dağlardan çəkilib. Qarşıda hündürlüyü 150 metr olan sıldırım qayalığın uca zirvəsində müşahidə məqsədilə daş bürc və siqnal məntəqəsi inşa edilmişdir. Qalanın xüsusi həbsxanası, ərza­ğın normal saxlanması üçün 80-200 metr məsafədə qaya döşündə yerləşən buzxanası olmuşdır.

Çıraqqala Bakıdakı Qız qala­sı formasına uyğun inşa edilib. Bu qalaların hər ikisinin hündür tikil­məsi qarşıdan gələn hücumun qar­şısının alınması və uca zirvədən döyüşü müşahidə etmək məqsədi daşıyıb. Qalanın ətrafında 5-6 yer­də bulaqların mövcudluğu burada kifayət qədər su ehtiyatının olması, qalaya yaxın ərazilərdə münbit və məhsuldar əkin və bostan sahələri­nin yerləşməsi qalada yaşayan bü­tün heyətin, o cümlədən əsgər və keşikçilərin rahat həyat şəraitindən xəbər verir.

“Çıraqqala”nın adı 2001-ci ildə UNESCO-nun siyahısına daxil edilib. Qalanın adının yaranması haqqında da tədqiqatçıların fikir­ləri fərqlidir. Görkəmli tədqiqatçı, alimimiz Mirəli Seyidov qalanın adı ilə bağlı açıqlamada qeyd edirdi ki, türk mənşəli “sıraq”, “şiraq”, “çıraq” sözləri “işıq buraxan”, “şüa bu­raxan” mənasını verir. Ona görə də Çıraqqalanın adının qədim türk tay­faları sıraqların adı ilə bağlı olması fikirləri də həqiqətə yaxındır. 

Qalanın tikintisi zamanı bişiril­miş gil kərpic və daşdan istifadə edilmişdir. Tikintinin üslubu Alban və Sasani memarlığına uyğun for­mada aparılmışdır.

Sovetlər birliyinin zamanında Çıraqqalada bərpa-konservasiya işlərini həyata keçirməyə cəhdlər edilmiş, qalanın bərpası barədə cizgilər və layihələr işlənib hazır­lanmış, lakin bərpa-konservasiya işlərini görmək mümkün olmamış­dır. Milli tarixi-mədəni abidəmiz Çıraqqalaya da diqqət və qayğı ulu öndər Heydər Əliyevin “Çıraqqala” tarixi abidələr kompleksinin bərpa­sı və qorunması haqqında” 23 iyun 2003-cü il tarixli sərəncamı ilə baş­layıb. Sərəncama əsasən Çıraqqa­la tarixi kompleksi qoruq elan edilib, onun qorunması və bərpa edilməsi üçün müvafiq təşkilatlara tapşırıq­lar verilib. Həmin vaxtdan başlaya­raq qalanın mühafizəsi və bərpası istiqamətində geniş işlərə başlanıb. Ümummilli liderimiz Heydər Əli­yevin siyasi kursunu sədaqətlə və uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il martın 13-də “Çıraqqala” abidəsin­də möhkəmləndirmə, bərpa-kon­servasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə Mədəniy­yət Nazirliyinə maliyyə vəsaiti ayrı­lıb. Hazırda qalada abadlaşdırma, xüsusilə mədəni abidənin möh­kəmləndirilməsi, bərpa-konservasi­ya işləri davam etdirilir.

Azərbaycan Prezidentinin 2019-cu il 22 oktyabr tarixli sərəncamı ilə “Çıraqqala Tarixi Qoruğu” və “Şab­ran şəhəri Tarixi Qoruğu” birləşdi­rilərək “Çiraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Hazırda Çıraqqala-Şabran Qoru­ğunda 7 tarixi abidə var. Onlardan 3-ü Çıraqqala, Gilgilçay səddi və qədim Şabran şəhəri dünya əhə­miyyətli abidələrdir. Azərbaycan müstəqillik qazandıqdan sonra Çı­raqqalanı tədqiq edən professor Cəfər Qiyasi belə yazır: “Çıraqqa­la” abidəsi orta əsrlər Azərbaycan hərbi memarlığının mükəmməl nü­munələrindən biridir”. 

Hər il ulu öndər Heydər Əliyevin doğum günü mayın 10-u Şabranın bütün idarə, müəssisə və təşkilat­ları, rayon ictimaiyyəti, o cümlədən gənclər və idmançılar rayonun ən uca zirvəsində qərar tutan Çıraqqa­laya yürüş edirlər. 

Zakir BAYRAMLI,
şair-publisist





Sosial həyat