Bu il gənclik şəhərinin 75 yaşı tamam olur
Doğulub boya-başa çatdığım Sumqayıt mənim sevimli və dəyişməz ünvanımdır. Adı ilə fəxr etdiyim bu məkanı həmişə özümə isti ana qucağı, könlümün paytaxtı bilmişəm.
Hələ ötən əsrin 30-cu illərində salınmağa başlayan Sumqayıtın inşası II Dünya müharibəsi səbəbindən ləngiyib. Davadan sonra Xəzərin sahilindəki çöllükdə quruculuq işləri sürətlənib və nəhayət, 1949-cu ildə Sumqayıta şəhər statusu verilib. Bu möhtəşəm xariqələr meydanı gözlərimin önündə, elə mənimlə bərabər böyüyüb, ucalıb, hünər ünvanı olub. 1959-cu ildə ilk tramvayları, üç il sonra ilk trolleybusları küçələrdə şütüməyə başlayıb (heyf ki, indi heç biri yoxdur). Vaxtilə yaxınlığında yaşadığımız ilk “beşmərtəbə” gözəl arxitekturası ilə yenə də seçilir. 9, 12 və 14 mərtəbəli evlərin tikintisi, ilk mənzil aldığım günün sevinci xatirimdən çıxmır.
Qürurla “mənim şəhərim” dediyim Sumqayıt ötən 75 ildə böyük inkişaf yolu keçərək, Cənubi Qfqazın iri sənaye mərkəzinə çevrilib. Bu şəhər təkcə iqtisadiyyatı ilə deyil, iri mədəniyyət, elm və təhsil ocaqları ilə də tanınır. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Sumqayıta xüsusi diqqət göstərib. Yeni əsrin əvvəllərindən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclik şəhərində böyük layihələr reallaşdırılıb, şəhərin inkişafı ilə bağlı çox önəmli işlər görülüb.
Soruşa bilərsiniz ki, artıq 75 yaşı olan Sumqayıta “gənclik şəhəri” demək nə dərəcədə doğrudur? Məncə, hər hansı bir coğrafi məkan üçün 75 elə gənclik yaşıdır. Bir də ki, əvvəlindən bu şəhərin ruhu gəncdir, burada daim böyük coşqu, sürətli dinamika, yüksəliş əzmi duyulur. Bircə gün gəlib Sumqayıtla nəfəs alsanız, nəbzini tutsanız, fikrimlə tam razılaşarsınız.
2015-ci ildən gənclik şəhərinə Sumqayıtın yetirməsi olan Zakir Fərəcov rəhbər təyin edilib və etimadı layiqincə doğrultmağa çalışır. Prezident İlham Əliyev bir neçə il əvvəl Sumqayıta səfəri zamanı burada inkişaf layihələrinin icrasını yüksək dəyərləndirib: “Şəhərin abadlaşdırılması işi böyük zövqlə və məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər”.
Fəxrlə qeyd edək ki, dövlət başçısının bir əli daim Sumqayıtın üzərindədir, Prezident kimi bu şəhərə 30-dan artıq səfəri olub və Sumqayıt ölkə rəhbərinə layiqli uğur hesabatı verib. Həmin səfərlərin hər biri inkişaf mərhələsinin yeni səhifəsinə çevrilib. unudulmaz Xalq şairimiz Nəbi Xəzri hələ 60-cı illərdə yazdığı “Sumqayıt səhifələri” poemasında gənclik şəhərinin uğurlarını sanki əvvəlcədən görərək, “Sənin hər addımın böyük hünərdi”, - deyib.
Cəmi 75 il əvvələ qədər xəritələrdə bu şəhərin adı yox idi. İndi isə, şair demişkən, “Sumqayıt oxuyur göylərə meydan”. Gəlin, gənclik şəhərinin uğur salnaməsinin son illərə aid bəzi səhifələrinə nəzər salaq…
Yollardan başlanan abadlıq
Sumqayıtda ilk salınan küçələrdən biri şəhərin Bakı–Quba magistralından başlanan yeganə giriş yolu idi. Sözsüz ki, bu yol hazırda əhalisinin sayı yarım milyonu haqlayan şəhər üçün hesablanmamışdı deyə, darısqal idi. 2015-ci ildə Sumqayıtın yol infrastrukturunun yenilənməsinə bu yoldan başlandı.
Uzunluğu 5,2 kilometr olan yol qısa müddətdə yenidən quruldu. Tikinti işləri zamanı əvvəllər nəzərə alınmamış piyada səkiləri düzəldildi, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkildi. Yol boyunca dekorativ istinad divarları tikildi, yaşıllıqlar salındı, gül kolları əkildi, müasir işıqlandırma sistemi quruldu. Eni 14 metr olan prospektin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırıldı.
Onu da deyək ki, 1980-ci illərin əvvəllərində salınmış “Sahil” küçəsi – şəhərin 2-ci qapısı da intensiv hərəkət üçün yararsız idi. Novxanı tərəfdən, çimərliklər zonasından başlanan bu yolun uzun müddətli təmirsiz istismarı orada nəqliyyat axınını azaltmışdı. Bu isə əsas giriş yolunda avtomobil sıxlığına, həm də şəhər sakinlərinin daha uzun məsafə qət etməsinə səbəb olurdu. Burada da yenidənqurma işləri həyata keçirildi. 7,5 kilometr uzunluğu olan yolun eni 8 metrdən 13 metrə qədər genişləndirildi. Yolboyu hər iki tərəfdə həm maşınların, həm velosipedçilər üçün zolaq ayrıldı, piyadalar üçün səki düzəldildi. “Sənaye girişi” kimi tanınan, amma baxımsız vəziyyətdə olan digər alternativ yol - Metallurq Yəhya Məmmədov küçəsi də tam yenidən qurularaq istifadəyə verildi.
Yalnız giriş yolları deyil, şəhərin içəri küçələri də günün tələbləri səviyyəsində yenilənib. Son illərdə 100-dək prospekt və küçədə, neçə-neçə məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlama işləri aparılıb. Yeni yolların salınması da unudulmayıb, şəhərdə 4 yeni yol salınıb, ümumilikdə 4 milyon kvadratmetrdən cöx asfalt örtüyü yenilənib. Bu işlər mərhələli şəkildə davam etdirilir.
Rahat, abad yollarda nəqliyyat da rahat, təhlükəsiz işləyir. Sumqayıtda sərnişindaşıma sahəsində vəziyyət yaxşılaşmaqdadır. Bu xidmət üzrə idarəetmə təkmilləşdirilir, ictimai nəqliyyat əhalinin rahatlığına xidmət edir. Ötən illər ərzində Türkiyə istehsalı olan, müasir tələblərə cavab verən 200-dən çox avtobus gətirilərək marşrut xətlərinə buraxılıb. Xırda tutumlu, istismara yararsız, ekoloji çirklənməyə səbəb olan nəqliyyat vasitələri xətlərdən çıxarılıb.
Sürətlə inkişaf edən Sumqayıta Bakıdan sürət qatarlarının, özü də 2 xətt üzrə (Xırdalan və Pirşağı) işləməsi də sərnişindaşımanın uğurlu yeniliyidir. İlk qatarın yola salınması mərasimində və yeni, yaraşıqlı Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib. Son aylar Sumqayıtla Bakı arasında birbaşa hərəkət edən ekspress qatar da xəttə buraxılıb. Dəmir yolu ilə günlük təxminən 24 minədək sərnişin daşınır.
“Sumqayıt bulvarı bir möcüzədir”
Gənclik şəhərində dənizkənarı bulvar kompleksinin yaradılması ən böyük layihələrdəndir. Əvvəllər boş çöllük olan, sakinlərin ürək ağrısı ilə baxıb köks ötürdüyü bu ərazidə istirahət etmək, gözəlliklərdən zövq almaq üçün bir il ərzində hər cür tədbir görülüb. Bulvar yaradılarkən qısa müddətdə buraya 60 min maşın torpaq daşınıb, mozaik plitələr döşənib, 100 min ağac, 500 min gül əkilib. Düz 4 kilometrlik bir ərazi əsl gülüstana çevrilib. Gəmi tərsanəsi, hündür estakada tikilib, karusellər, kafelər, kölgəliklər, fəvvarələr, yay estradası yaradılıb.
Prezident İlham Əliyev 2016-cı ilin sentyabrında Sumqayıta səfərində bulvarın gözəlliyini təqdir edib: “Sumqayıt bulvarı, hesab edirəm ki, bir möcüzədir” - deyib. İstifadəyə veriləndən sonra da Sumqayıt bulvarında işlər səngiməyib. Ərazi şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirilib. Bulvarın uzunluğu 5,2 kilometrə, ərazisi isə 146 hektara çatdırılıb.
Ölkə başçısı şəhərin 70 illik yubileyi keçirilən gün – 2019-cu il noyabrın 21-də bulvardakı yeniliklərlə tanışlıqdan məmnunluğunu bildirdi. Həmin gün bulvar ərazisində Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət etdilər. Qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Həmişəki kimi, xalqın arasında olan Prezidenti orada yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarının eyvanlarından salamlayan sakinlərin də fərəhi yerə-göyə sığmırdı. Çöhrələrindən hədsiz razılıqları aşkar görünürdü. Bir qədər aralıda isə uşaqlar bəzəkli faytonlarda gəzirdilər. Ayrı-ayrı guşələrdə nağıl qəhrəmanlarının heykəlləri, fauna fiqurları boy göstərirdi. “Şahmat oynayan babalar”, “Gitaraçı veteran”, “Rəqs edən cütlük”, “At arabası” və “Marallar”ın yanında durub şəkil çəkdirənlər də çox idi.
Bulvarın axşamları daha ecazkar olur. Təzə evlərin pəncərələrindən süzülən işıqlar bulvarın nur selinə qarışır, Xəzərin dalğalarının səsi buradakı “Muğam Mərkəzi”ndən ucalan musiqi sədaları kimi evlərə dolur.
Binaların üzü gülür
Kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Az qala, şəhərlə yaşıd olan həmin binaların tarixi memarlıq görünüşü – dizaynı saxlanmaqla zövqlə üzlənib, rənglənib.
Sakinləri narahat edən problemlərdən biri də liftlərin vəziyyəti idi. Ölkə rəhbərliyinin diqqəti sayəsində qısa müddətdə şəhərin lift təsərrüfatı da yenilənib, istismar müddəti ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz olunub. Artıq Sumqayıtda liftlərin intellektual idarəetmə mərkəzi fəaliyyət göstərir. Lift xidmətində “Ağıllı şəhər” (Smart City) vizyonu konsepsiyası çağdaş texnologiyalardan səmərəli istifadə baxımından önəmli olmaqla bərabər, gənclik şəhərinin ölkə üzrə bir ilkə imza atması kimi əhəmiyyətlidir.
Şəhərdə su basmış və üfunət yayan zirzəmilərin, “aşsüzən”ə dönən dam örtüklərinin əsaslı təmirini də əhali razılıqla qarşılayıb. İnamla demək olar ki, hazırda Sumqayıtda çox işlək, çevik şəhər təsərrüfatı mexanizmi var və bu, əsl nümunə sayıla bilər. Dövlətin qayğısı, şəhər rəhbərliyinin səyləri sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və sair işlər əzmlə həyata keçirilir.
Sumqayıtın mənzil fondunun balansında 61 yataqxana var. Bu binaların əksəriyyəti, necə deyərlər, artıq “qocalıb”. Son dövrlərdə bir çox yataqxanada əsaslı təmir işləri aparılıb, istismara yararsız olanlar sökülüb. Həmin binalarda yaşayan 272 ailə evlə təmin olunub və yaxud kompensasiya alıb.
Yeri gəlmişkən, Dənizkənarı Bulvar Kompleksində Prezidentin sakinlərlə görüşü zamanı bir tələbə qız Sumqayıt Dövlət Universitetinə məxsus yataqxanada məcburi köçkünlərin yaşadığını, tələbələrin isə kirayələrdə qaldığını bildirmişdi. Tezliklə bu problem də həllini tapdı. Yeni qəsəbə salınaraq, köçkün ailələrinə mənzilər verildi. Yataqxana isə müasir standartlara uyğun layihələndirildi və orada tələbələrin rahatlığı üçün hər cür şərait yaradıldı. Gələcək mütəxəssislər artıq kirayələrdə yaşamırlar.
İndi Sumqayıtın köhnə binaları da üzə gülür, göz oxşayır. Yeni “göydələn”lərsə şəhəri daha müasir və yaraşıqlı göstərir. Elə şəhərin ərazisi də xeyli genişləndirilib. Əhalinin say artımı, burada bir sıra dövlət proqramlarının, layihələrinin həyata keçirilməsi bunu zərurətə çevirmişdi. Odur ki, bir neçə il öncə “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və səsçoxluğu ilə qəbul edilib. Beləliklə, Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahəsi Sumqayıta verilib.
Şəhərin inzibati ərazisinə daxil olan Hacı Zeynalabdin (köhnə Nasoslu) və Corat qəsəbələrinin də abadlaşdırılması diqqətdən yayınmayıb. Bu qəsəbələrdə infrastruktur gücləndirilib, yolların təmir olunaraq genişləndirilib, su və elektrik şəbəkələri yenilənib, mövcud parklar yenidən qurulub, əhalinin istirahəti üçün zəruri şərait yaradılıb. Bu yeniliklər Sumqayıt şəhərinin yalnız mərkəzi hissələrinin deyil, həm də kənar ərazilərinin inkişaf etdirilməsinə yönəlmiş siyasətin təzahürüdür. Artıq şəhərdə və ətraf qəsəbələrdə ümumi görünüşə xələl gətirən binaların sayı minimuma enib.
Parklar “gəl-gəl” deyir
Sumqayıtdakı Heydər Əliyev parkı yenidənqurmadan sonra daha da cəlbedici olub. Ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib, Ulu öndərin abidəsi buraya ucaldılıb, Bayraq meydanı tikilib. Gözəl memarlıq üslubunda ucaldılmış Heydər Əliyev Mərkəzi də buradadır. Parkın 20 min kvadratmetrdən çox sahəsində yaşıllıq zolağı salınıb, 200-dən çox müasir işıq dirəyi, oturacaqlar quraşdırılıb, 5 mindən çox ağac, dekorativ kol əkilib, Parkda həmçinin rəngli fontan kompleksi, şahmat meydançası, kafe-çayxanalar var.
Poeziya Evi istedadlı qələm sahiblərinin toplaşıb maraqlı tədbirlər keçirdiyi əsas məkandır. Əvvəl başqa məqsədlə tikilmiş bu böyük binanın yazarların ixtiyarına verilməsi şəhərin hazırkı rəhbərliyinin xidmətidir. Yaxınlıqdakı Şahmat Məktəbində isə məhz Sumqayıtdan dünya arenasına çıxmış qrossmeysterlər Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlar kimi zəka sahibləri yetişdirilir. Uşaq İncəsənət məktəbinin də ünlü sənətçilər yetirəcəyinə inanırıq.
Heydər Parkı ilə üzbəüzdə “Kimyaçı” Mədəniyyət Sarayı yerləşir. Uzun illərdən bəri təmir edilməmişdi. Nəhayət, saray yenidən quruldu. Buradan Lüdviqshafen parkına piyada 5 dəqiqəlik yoldur. Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində həmin parkda əsaslı təmirdən sonra yaradılan şəraitlə yaxından tanış olub. Növbəti dəfə gənclik və gözəllik şəhərinə qonaq gələn Almaniya nümayəndə heyətinin üzvləri də Sumqayıtla qardaşlaşmış şəhərlərinin adını daşıyan məkanda saatlarca istirahət edib, idmançıların və özfəaliyyət kollektivlərinin çıxışlarını maraqla izləyiblər. Onların Sumqayıt şəhərinin rəhbərliyi ilə birlikdə parkda əkdikləri ağac tinglərinin hamısı artıq böyüyüb, günəşə boylanır.
Sumqayıtlılar mütəfəkkir şair İmadəddin Nəsiminin adını daşıyan mədəniyyət və istirahət parkını da könüllərinin dinclik tapdığı məkanlardan sayırlar. Yaşıl fəvvarələri xatırladan kimi növbənöv ağaclar, həmişəyaşıl iynəyarpaqlılar böyük bir sahəni tutur. Bir neçə ay əvvəl yenidənqurmadan sonra istifadəyə verilən şəhər stadionu, ”Yaşıl teatr”, Rəsm qalereyası, “Göyərçin”, Şəhidlər xiyabanı, “20 Yanvar” və “Xocalı” abidələri də burada yerləşir. Parkda o qədər nadir bitki növləri var ki, açıq səma altında böyük bir nəbatat muzeyini xatırladır.
Bələdiyyə parkı isə vaxtilə Zakir müəllim həmin qurumun ilk sədri olanda yaradılıb. Əsaslı təmir edilərək Sumqayıt Dövlət Dram Teatrının ixtiyarına verilmiş mədəniyyət sarayının arxasında yerləşən bu məkan da göz oxşayır. Qocalar ötən əsrin 60-70-ci illərində özünün böyük rəqs meydanı ilə tanınan parka gələrək həzin xatirələrə dalır, gənclər və uşaqlarsa istədikləri kimi əylənirlər.
Gənclik şəhərində yaradılmış müasir “sənaye parkları” isə bir ayrı söhbətin mövzusudur. Bir vaxtlar havaya zəhər buraxan kimya qurğuları indi artıq ən modern texnoloji avadanlıqla əvəzlənib, zavodların məhsulları dünyanın bir çox ölkələrinə satılır, əraziləri isə, yaşıllığa qərq olub, sözün əsl mənasında, parklara çevrilib. Əlbəttə, bütün yeniliklər müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır. Əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından xəbər verir.
Cənab İlham Əliyev Sumqayıtın dünya miqyasında ekoloji təmiz şəhərlərdən biri olduğunu dəfələrlə qeyd edib: “Şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq”. Fərəhli haldır ki, artıq bu istiqamətdə mühüm addımlar atılır. Sahilboyu istirahət guşələrinin sayı artır, neçə-neçə yeni otel qonaqlarını qəbul etmək üçün hazırlanır.
Sözsüz ki, Sumqayıtı gəzib-dolaşan turistlər buradakı möhtəşəm Bayraq muzeyi ilə də həvəslə tanış olacaqlar. Burada qədim şəhərlərimizin gerbləri, çoxsaylı bayraqlar, digər dövlət atributları, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər sərgilənir.
Sakinlərin ürəyindən xəbər verən “düzəlişlər”
Bir vaxtlar Sumqayıt Şəhər İcra Hakimiyyəti binasının fasadı başdan-başa dekorativ daş sarmaşıqlarına bürünmüşdü və bu qeyri-adi, ecazkar mənzərə heyranlıq yaradırdı. Bu, bir rəmz, brend idi. Amma sonralar “Yaşıl bina”nın 40 illik örtüyü nədənsə götürülmüş, gözəl memarlıq nümunəsi bir növ bəsit hala düşmüşdü. Bir neçə il əvvəl sarmaşıqların bərpası və binanın əvvəlki görkəminə qaytarılması məqsədilə mütəxəssislər işə cəlb olundular və hazırda binanın çöhrəsi yenidən yaşıllaşmaqla sakinlərin nostalji hisslərinə son qoymaqdadır.
“Azərbaycan prospekti”nin şəhər icra hakimiyyəti və Dram teatrının qarşısından keçən yetərincə enli hissəsi də uzun müddət idi ki, nəqliyyat üçün bağlanmışdı. İndi artıq bu küçədə də “yaşıl işıq” yandırılıb, süni maneələr aradan qaldırıb. Yollar başdan-başa açıqdır. Sakinlər bunu həm də şəhər rəhbərliyinin inzibatçılıqdan imtina, açıqlıq və əlçatanlıq mesaji kimi dəyərləndirirlər.
Bir zamanlar Sumqayıtda “Rusiya” adlı kinoteatr vardı. Qarşısındakı daş lövhəyə də bu sözlər həkk olunmuşdu: “Azərbaycanın Rusiyaya birləşdirilməsinin (1913-cü il, “Gülüstan” müqaviləsi) 150 illiyi münasibətilə tikilmişdir”. Müstəqilliyin ilk dövrlərində həmin daş oradan götürülsə də, kinoteatr yararsız halda qalmağında idi. Nəhayət, kinoteatrın yeni binası cəmi 5 aya ərsəyə gətirilərək, “Nizami” adı ilə fəaliyyətə başlayıb. Müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunub. Dahi şairin əvvəllər uğursuz yerdə qoyulmuş abidəsi də buraya köçürülüb.
Əvvəlki onilliklərdə şəhərin idman həyatının “episentr”i olmuş Mehdi Hüseynzadə adına stadion da yenidən qurularaq, möhtəşəm görkəmdə əvvəlki missiyasına qayıdıb. O vaxtlar 2-3 minlik tamaşası olan futbol arenasının tutumu indi 9502 nəfərə çatdırılıb. Hazırda kompleksdə cüdo, boks və karate zalları da fəaliyyət göstərir.
Sabaha boylanan şəhər
Görünən budur ki, Sumqayıtın tarixi ənənələr əsasında, eləcə də zamanın çağırışlarına uyğun şəkildə inkişaf edərək irəliləyir. 2015-2023-cü illər ərzində şəhərdə infrastruktur layihələrinə ümumilikdə 6 milyard 500 milyon manatdan çox investisiya qoyulub. Bu investisiyalar Sumqayıtın iqtisadi və sosial inkişafına böyük təsir göstərib, sənaye müəssisələrinin sayı 2 dəfədən çox artıb və ötən müddətdə şəhərdə 50 min yeni iş yeri açılıb. İnişil Sumqayıtda 2-ci regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib.
Regionlar üzrə ilk dəfə güzəştli mənzil layihəsinin təbiqi də məhz Sumqayıtda həyata keçirilib. Prezident İlham Əliyev 2021-ci ildə həmin layihə çərçivəsində növbəti yaşayış kompleksinin təməlini qoyub. Burada 9, 12 və 16 mərtəbəli 11 bina inşa olunur. Mənzillərin ümumi sayı isə 466-dır. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.
…Sumqayıtdan bəhs edərkən onun igid oğullarını yada salmamaq olmur. Gənclik şəhərinin yüzlərlə övladı Qarabağda işğalçılara qarşı mərdliklə vuruşub. Ehtiramla anılırlar, çünki elə onlar da Vətənin, dogma yurd-yuvanın işıqlı sabahları naminə canlarından keçiblər. Sumqayıt ictimaiyyəti həmişə müqəddəs döyüşə gedənləri alqış sədaları ilə yola salıb, şəhidlərini təzimlə, sayğı duruşu ilə qarşılayıb. İgid oğulların əksəriyyəti yüksək orden və medallarla təltif olunub, onlardan 3 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Abadlıq işləri şəhərin Şəhidlər xiyabanını da əhatə edib. Yenidən qurulan xiyabanda “Qalib Əsgər” abidəsi qoyulub, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb, şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi ucaldılıb. Şəhərdə isə 100-ə yaxın küçəyə şəhidlərin adları verilib.
...Bəli, Sumqayıt sabaha inamla boylanır. İnanırıq ki, 75 yaşlı gənclik şəhəri həmişə olduğu kimi, dinamik inkişaf edəcək və ölkəmizin parlaq gələcəyinə töhfələrini daha da artıracaq.
Əli NƏCƏFXANLI
XQ