“İDEA”-nın Xətai sakinlərinə “Abad həyət” töhfəsi

post-img

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4, 4a, 15q və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Açılış mərasimində iştirak edən Leyla Əliyeva tədbir çərçivəsində keçirilən küt­ləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.

Abadlaşdırılan həyətlərdə sağlam­lıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrup­ları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda id­mana marağın artırılması məqsədilə əra­zidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. 

Həyətlərin ərazisindəki mövcud ya­şıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 1680 ağac, 19 min 256 kol bitkisi əkilib, 8549 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklən­məsinin qarşısını almaq məqsədilə adi daş sarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Qeyd edək ki, “IDEA” İctimai Birli­yi həyətlərin abadlaşdırılması və yeni­dənqurma işlərinin aparılması istiqamə­tində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Mü­raciətlərinizi “IDEA” İctimai Birliyinin qay­nar xətti “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

***

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iş­tirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Ba­lakişiyev küçələrinin kəsişməsində yer­ləşən boş ərazidə ağacəkmə aksiyası da həyata keçirilib.

Bu ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. “IDEA” İctimai Birliyinin təşəbbüsü və könüllülərin iştirakı ilə hə­min ərazi tullantılardan təmizlənib, torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.

Meşə zolağının salınması nəzərdə tutulan ərazinin sahəsi 2 hektara yaxın­dır. Aksiya zamanı 500 Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib və abadlıq işləri aparılıb. Bu ərazidə ağac­ların səmərəli sulanması və su israfının qarşısının alınması üçün damcılı suvar­ma sistemindən istifadə nəzərdə tutulub.

XQ



Sosial həyat