Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə bu il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin ictimai həyatında səmərəli fəaliyyət göstərən bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilib. Dünən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində medalların təqdim edilməsi mərasimi keçirildi.
Komitə sədri Bahar Muradova təltif olunanları təbrik edərək bildirdi ki, tarixən, qadınlarımız cəmiyyətdə önəmli rol oynayıblar, xalqımıza layiqli övladlar bəxş etməklə yanaşı, özləri də gələcək nəsillərə örnək olan ömür yaşayıblar. Bugünkü qadınlarımız da həyatın bütün sahələrində səmərəli fəaliyyət göstərirlər, gənc nəslin sağlam böyüməsində, dövlətçiliyimizə sevgi və sədaqət ruhunda tərbiyələnməsində əsas ağırlığı çiyinlərində və qəlblərində daşıyırlar. Qarabağı 30 illik işğaldan da məhz bugünkü anaların böyüdüb tərbiyə verdikləri igid oğullarımız xilas etdilər. Müstəqil dövlətimiz qadınların bu əməyini və fədakarlığını daim yüksək dəyərləndirir, ictimai həyatda fəallıq göstərən, fərdi uğurları ilə seçilən qadınlarımızın nümunəsini geniş təşviq edir.
Bahar Muradova qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev fəal qadınların səmərəli əməyinin qiymətləndirilməsi ənənəsinə sadiq qalaraq bu il də 8 Mart Qadınlar Günü münasibətilə ölkənin müxtəlif bölgələrini təmsil edən, ayrı-ayrı sahələrdə nailiyyətləri ilə fərqlənən bir qrup qadını “Tərəqqi” medalı ilə təltif etdi. Qadınlarımızın müstəqil ölkəmizə xidmətlərinin layiqincə qiymətləndirilməsi onları yeni nailiyyətlərə ruhlandırır, ictimai həyatda üstün stimullar yaradır.
Sonra Bahar Muradova dövlət təltiflərini sahiblərinə təqdim edərək onlara yeni uğurlar arzuladı.
Təltif edilənlər əməklərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, bundan sonra da xalqımıza və dövlətimizə xidmətlərini davam etdirəcəklərini söylədilər.
“Tərəqqi” medalı ilə təltif edilən qadınlar arasında “Xalq qəzeti”nin əməkdaşı Zərifə Hüseynova da var. Həmkarımızı səmimi təbrik edir, ona yeni uğurlar arzulayırıq.
Elşən AĞALAR
XQ