Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsində tikinti fəaliyyəti bu qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti v dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasının gündəliyinə daxil edilən “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə, həmçinin həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.
Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün tikinti layihəsinin bu qanunda nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.
Qeyd edək ki, layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.
Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.