BMT-nin sabiq baş katibi Ban Ki Mun, Yeni Zelandiyanın sabiq baş naziri Helen Kark, Böyük Britaniyanın sabiq baş nazirləri Qordon Braun və Toni Bleyr, Malavinin sabiq prezidenti Coys Banda, Perunun sabiq prezidenti Fransiso Saqasti və BMT Baş Assambleyasının 3 sabiq prezidenti, bütün qitələrin siyasət, iqtisadiyyat və səhiyyə idarəçiliyi sahələrini əhatə edən 100-dən çox qlobal lider birgə açıq məktub yayaraq, pandemiyaya hazırlıq və onun qarşısının alınması üzrə dünyada ilk çoxtərəfli sazişə nail olmaq üçün sürətləndirilmiş tərəqqiyə çağırıblar. Bu barədə ÜST-ün Azərbaycan ofisinin mətbuat xidmətindən XQ-yə bildirilib.
Liderlər birgə məktubda qeyd ediblər ki, pandemiya razılaşması kollektiv gələcəyimizi qorumaq üçün çox vacibdir. Yalnız belə güclü qlobal pakt gələcək nəsilləri milyonlarla insanın ölümünə səbəb olan, kifayət qədər beynəlxalq əməkdaşlığın olmaması üzündən geniş sosial və iqtisadi dağıntılara səbəb olan COVID–19 böhranının təkrarlanmasından qoruya bilər.
Rəsmi olaraq 7 milyon insanın həyatına son qoyan və dünya iqtisadiyyatına 2 trilyon dollar ziyan vuran COVID–19 fəlakətinin təsirlərini hələ də hiss etdiyimiz bir zamanda, 2021-ci ilin dekabrında dünyanın 196 ölkəsindən 194-ü arasında gələcək pandemiyanın qarşısının alınması ilə bağlı beynəlxalq razılaşmanın əldə edilməsi üçün hökumətlərarası danışıqlara başlanılıb. Ölkələr dünyanın ilk Pandemiya Sazişinə dair razılığa gəlmək üçün son tarixi 2024-cü ilin may ayına təyin ediblər. Pandemiya Sazişi danışıqlarının doqquzuncu raundu mart ayının sonunda keçirilib.
Açıq məktubu imzalayanlar ümid edirlər ki, onların bu birgə addımları 194 ölkəni COVID–19 illərindəki cəsarətlərini qorumağa və sazişin Ümumdünya Səhiyyə Assambleyasının 2024-cü ilin may ayında keçiriləcək sessiyasında təsdiqlənməsini təmin etmək üçün nəzərdə tutulan tarixə qədər beynəlxalq pandemiya protokoluna dair öz kollektiv ambisiyalarını reallığa çevirməyə təşviq edəcək. Onlar tərəfləri yaxınlaşan məqsədə yetişmək üçün səylərini ikiqat artırmağa və fəaliyyətlərini yeni sazişi həyata keçirmək öhdəliyi verəcək ÜST-ə qarşı təbliğat kampaniyası aparan zərərli dezinformasiyaya yol verməməyə çağırırlar.
İctimai səhiyyə üçün irəliyə doğru atılan bu böyük beynəlxalq addımla milli suverenliyin zədələnə biləcəyinə yanlışlıqla inananları sərt şəkildə tənqid edən bu sənədi imzalayanlar “boş yerə sərf etməyə vaxt yoxdur”– deyirlər. Onlar hazırkı danışıqlarda iştirak edən 194 dövlətin liderlərinə çağırış edirlər.
Qordon və Sarah Braun ofisinin internet saytında yerləşdirilmiş məktubda daha sonra deyilir: “Ölkələr bunu danışıqlarda olduğu kimi ÜST-nin hansısa hökmünə görə etmir. Hər hansı bir sənəddə iştirak tamamilə könüllü olacaq, lakin onlar sazişin təklif edə biləcəyi və etməli olduğu fəaliyyətlərə ehtiyac duyurlar. Əslində, pandemiya sazişi dünyanın başqa yerlərində aşkar edilmiş yeni və təhlükəli patogenlər haqqında məlumat əldə etmək, testlərin, müalicələrin, peyvəndlərin və digər həyat xilasedicilərin vaxtında və ədalətli şəkildə çatdırılması da daxil olmaqla, geniş və universal faydalar verəcəkdir”.
Bildirilir ki, ölkələr danışıqların son mərhələsinə qədəm qoyduqca, hökumətlər sazişlə bağlı yalan iddiaları təkzib etməyə çalışmalıdırlar. Eyni zamanda danışıq iştirakçıları sazişin pandemiya ilə bağlı risklərin qarşısının alınması və azaldılması ilə bağlı vədə əməl olunmasını təmin etməlidirlər. Bu, məsələn, başqa bir pandemiya təhlükəsi yarandıqda bütün müvafiq cavab tədbirlərinin – riskli patogenlərin müəyyən edilməsi barədə hesabat verməkdən tutmuş testlər və peyvəndlər kimi alətlərin ədalətli əsaslarla çatdırılmasına qədər – tez və effektiv şəkildə həyata keçirilməsini tələb edir. COVID–19 pandemiyası sübut etdi ki, ictimai rifahı inkişaf etdirməyə yönəlmiş dövlət və özəl sektorlar arasında əməkdaşlıq da vacibdir.
Məktubda ciddi narahatlıqla deyilir: “Yeni pandemiya təhlükəsi yaranacaq; buna hazır olmamaq üçün heç bir bəhanə yoxdur. Beləliklə, pandemiyanın qarşısının alınması, hazırlığı və cavab tədbirləri üçün çoxsahəli və çoxtərəfli yanaşmanın qurulması zəruridir. İctimai səhiyyə risklərinin dəyişkən xarakterini nəzərə alaraq, qlobal strategiya yeniliklərə açıqlıq və inklüzivlik ruhunu təcəssüm etdirməlidir. Biz bütün yerli liderləri may ayına qədər sazişi başa çatdırmaq üçün səylərini artırmağa çağırırıq”.
Zərifə HÜSEYNOVA
XQ