Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı 10 ildə 91 faiz artıb

post-img

Bu gün dünyada artıq çəki və ya piylənmədən əziyyət çəkən insanların sayı 1 milyarddan çoxdur və hər il təxminən 3 milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 4 Mart Piylənmə ilə Mübarizə Günü ilə bağlı yaydığı məlumatda deyilir.

Piylənmə ilə mübarizənin məqsədi yalnız xarici görünüşün yaxşılaşdırılması deyil, həm də ürək-damar, reproduktiv sistem və xərçəng xəstəliklərinin, eləcə də depressiya və qadınlarda sonsuzluğun qarşısının alınmasından ibarətdir.

Təəssüf ki, həm dünyada, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılmaqdadır. Belə ki, statistikaya əsasən, dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda 2 dəfədən çox, kişilərdə təxminən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 4 dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb.

Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir.

Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.

İnsanlarda artıq çəki və ya piylənmənin daha çox qeyri-sağlam qidalanma ilə əlaqədar yarandığı məlum olsa da, bilməliyik ki, piylənmə qeyri-sağlam həyat tərzinin kompleks şəkildə yaratdığı nəticədir. Piylənmə ilə mübarizədə ilk növbədə düzgün və rasional qidalanmaya riayət edilməli, yağlı, duzlu və şəkər əlavə olunmuş qidaların istehlakı mümkün qədər azaldılmalı, gündəlik kalori qəbuluna, eləcə də yaş və sağlamlıq vəziyyətindən asılı olaraq fiziki aktivliyə nəzarət edilməli, siqaret, spirtli içki və stressdən uzaq olmalı və ən nəhayət, yuxu rejimi qaydaya salınmalıdır.

Sosial həyat