Bakıda “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda konfrans keçirilib

post-img

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə martın 2-də “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda konfrans keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, dövlət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənin azadlığı və suverenliyi uğrundan canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin ölkədə qadın siyasəti və Azərbaycan qadınları ilə bağlı fikirlərini, çıxışlarını özündə əks etdirən sənədli filmə baxıblar.

Konfransı giriş sözü ilə açan “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman əziz tutduğunu, onun zəngin irsini sadiqliklə davam etdirdiyini vurğulayıb. Ötən il “Heydər Əliyev İli”nin həm ölkə, həm də ölkədən xaricdə yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdıran QHT sədri deyib: “Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycanda qadın hərəkatının inkişafına stimul verməsidir. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev qadınların idarəetmədə və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini həmişə vurğulayırdı”.

Xalqımızın qədirbilən və sədaqətli olduğunu diqqətə çatdıran Zərifə Quliyeva əlavə edib ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları qaldırdığı çətin bir məqamda Heydər Əliyev Azərbaycan xalqının yanında oldu və dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməyə müvəffəq oldu”.

İctimai Birliyin sədrinin sözlərinə görə, Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində əzmkarlıqla çalışırlar. Azərbaycan qadınları iqtisadiyyat, siyasət, elm, təhsil və digər sahələrdə öz sözlərini deməyi bacarırlar.

Zərifə Quliyeva müəllifi olduğu “Heydər Əliyev irsi, qadın siyasəti” adlı kitabın ərsəyə gəldiyini də diqqətə çatdırıb.

QHT sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin irsi, onun əsasını qoyduğu mükəmməl siyasət Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Ermənistan üzərində Qələbəmizi şərtləndirən amillərdən biri də məhz budur. Azərbaycanın yeni inkişaf dövrünə qədəm qoyduğunu qeyd edən Zərifə Quliyeva bununla bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində hər birimizin üzərinə məsuliyyət düşdüyünü qeyd edib.

AMEA-nın vitse-prezidenti İradə Hüseynova ölkəmizdə qadın siyasətinin yüksək səviyyədə inkişaf etdirilməsindən məmnunluqda danışıb və bu siyasətin müsbət nəticəsi olaraq lider, sahibkar, elm və təhsil sahəsində uğur qazanan qadınlarımızın olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda yeni dövr başlayıb və bu istiqamətdə iqtisadiyyat, elm, təhsil, ekologiya, texnologiya sahəsində çalışan qadınlarımızın da üzərinə böyük məsuliyyət düşür.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Heydər Əliyev irsi daim öyrənilməli, daha geniş tədqiq olunmalıdır. Çünki Ümummilli Lider Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır və biz Ulu Öndərə çox borcluyuq.

Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda fəal iştirakı və ailə institutunun qorunmasındakı rolundan danışan komitə sədri Azərbaycanın 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiyaya, yəni CEDAW-a qoşulmasında Ulu Öndərin xidmətlərini qeyd edib. Bu Konvensiyanın qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd olduğunu xatırladan H.Hüseynova bu sənədə qoşulmaqla onun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaratdığı imkanlardan danışıb.

“Heydər Əliyev vurğulayırdı ki, ölkəmizə qarşı təzyiqlər çərçivəsində Azərbaycan xalqı üçün müqəddəs olan ailə dəyərlərimiz aşına bilər və bunun üçün də çox diqqətli olmalıyıq. Azərbaycan hər zaman qadınların hüquqlarının qorunması istiqamətində nümunə göstərib və göstərməkdə davam edir. Şərqdə qadınlara seçki hüququ ilk dəfə məhz bizim ölkədə verilib. 2006-cı ildə ölkəmizdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə “Məişət zorakılığı haqqında” qanunlar qəbul edilib və qadınların hüquqların qorunması, gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi davam etdirilir”, - deyə Hicran Hüseynova diqqətə çatdırıb.

Milli Məclisin Əmək və əhalinin sosial müdafiə komitəsinin sədr müavini, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova, Milli Məclisin deputatı Jalə Əliyeva, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Bakı Dövlət Universitetinin professoru Rəbiyyət Aslanova, Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev və Qərbi Azərbaycan İcmasının Qacaran şəhəri üzrə icma sədri Cəmilə Fəyyaz Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin daha geniş spektrdə öyrənilməsinin vacibliyini vurğulayaraq, Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan qadını üçün gördüyü misilsiz işlərdən danışıblar.

Rəsmi hissədən sonra Zərifə Quliyevanın müəllifi olduğu "Heydər Əliyev irsi, qadın siyasəti” kitabının təqdimatı olub.

Təqdimatdan sonra Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrin solisti Aynur İsgəndərlinin ifasında vətənpərvər mövzuda mahnılar səsləndirilib.

Konfransın sonunda ölkənin ictimai-siyasi həyatında fərqlənən bir qrup qadın mükafatlandırılıb.

Sosial həyat