Növbədənkənar prezident seçkilərində İlham Əliyevə inamını ifadə edən xalqımız bütövləşmiş Azərbaycanın tarixində yeni səhifə açdı. Bu qələbə yalnız ölkə daxilində deyil, dünyanın dörd tərəfində yaşayan həmyerlilərimiz tərəfindən böyük coşqu ilə qeyd olunur. Xaricdə yaşayan həmvətənlərimizdən XQ-nin elektron poçtuna daxil olan məktublarda həmin duyğular ifadə olunub.
Türkiyə, Ankara şəhəri
Qardaş Türkiyənin müxtəlif şəhərlərində yaşayan və 7 fevral seçkilərində fəal iştirak edən soydaşlarımız birmənalı olaraq İlham Əliyevi dəstəkləyiblər. Bu barədə fikirlərini bölüşən Türkiyədəki Azərbaycanlı Elm Adamları Dərnəyinin təşəbbüs qrupunun üzvü, Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov yazır ki, seçkilər Türkiyədə yaşayan azərbaycanlı ziyalıların xüsusi fəallığı ilə müşayiət olunub:
“2024-cü ilin ilk günlərdən bilirdik ki, Azərbaycanın işıqlı gələcəyini təyin edən hadisələrə şahiqlik edəcəyik. Bu sırada növbədənkənar president seçkiləri ayrıca önəm daşıyırdı. Biz, Türkiyədə yaşayan azərbaycanlı alimlər 7 fevral seçkisində həvəslə iştirak etdik. Həmin günü özümüzü ruhən Şuşada, Xankəndidə, Xocalıda, Laçında hiss etdik”.
ABŞ, Boston şəhəri
“Bu, hamımızın ürəyincə olan xoş xəbərdir. Fevralın 7-də Azərbaycan xalqının İlham Əliyevi yenidən prezident seçməsi gələcək inkişafa və tərəqqiyə gedən yolumuzda atılan addımdır”.
ABŞ-ın Boston şəhərində yaşayan Nərgiz Məmmədova sevincini belə bölüşür. Boston Tifts Medikal Mərkəzində biokimyaçı işləyən Nərgiz xanım yazır ki, bu qələbə Xalq–Lider birliyinin Azərbaycanı daha böyük uğurlara aparacağının müjdəçisi oldu. “İlham Əliyevin seçkidəki möhtəşəm qələbəsi münasibətlə keçirdiyimiz bayram mərasimində milli müsiqimiz səsləndirildi. Amerikalı dostlarımız, eləcə də Banqladeş, Rusiya, Ukrayna, Bolqarıstan, İran, Türkiyə, Çin və başqa ölkələrdən burada yaşayan nümayəndələr sevincimizə şərik oldular”, – deyə N.Məmmədova məktubunda qeyd edib.
Gürcüstan, Tbilisi şəhəri
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzovun məktubunda oxuyuruq:
“Keçən ilin sentyabrın 19-da başladılan və cəmi 23 saat davam edən antiterror tədbirindən sonra növbədənkənar prezident seçkiləri ölkənin və çəmiyyətin tarixində yeni mərhələ deməkdir. Dünya düzənində layiqli yerini tutmuş Azərbaycan, həmçinin beynəlxalq siyasətin koordinasiya sistemində mühüm rol oynayır. 2024-cü il fevralın 7-də Azərbaycan vətəndaşı özünün Konstitusiya hüququndan istifadə etdi və İlham Əliyevi yenidən prezident seçdi. Bu qələbənin qürurunu Gürçüstandakı bütün azərbaycanlılar da yaşayırlar. Biz əminik ki, Azərbaycan bundan sonra da inamla irəliləyəcək, inkişaf edəcək, yeni-yeni uğurlara imza atacaq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik və qətiyyətli siyasəti ilə Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövləti olacaq”.
Təqdim etdi:
Namiq QƏDİMOĞLU
XQ