Ürək, nə tez qocaldın sən?

post-img

Ürək bədəndəki bütün orqanlardan daha tez qocala bilər. Bunun səbəbi isə həyat tərzi və qidalanmadır. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin əhali arasında apardığı araşdırmada hər ikinci kişi və hər beşinci qadının ürəyinin təqvim yaşından 5 il böyük olduğu sübut olunub. Hətta ürəyi 11 il qoca olanlar da müşahidə edilib.

Klivlend klinikasının kardioloqu Vikas Sander bunu şərh edərək bildirib ki, ürək aşırı yüklənmədən, gərginlikdən qocalır. Ürəyi artıq çəki, həddən çox ağır iş, az hərəkətlilik, qeyri-sağlam qida vərdişləri yükləyir.

Ürəyi qocaldan qidalar içində ilk yeri şəkər və duz tutur. Onu gənc və sağ­lam saxlamaq üçün təzyiqi və xolesterini azaldan qidalar –tərəvəz, taxıl, yağsız ət, zülal tərkibli qidalar seçmək, transyağlar, duz və rafinəolunmuş şəkərdən uzaq durmaq lazımdır.

Ürək, eləcə də digər xroniki xəstə­liklərdən də qocala bilər. İnsan vaxtında xəstəlikləri nəzarətə almalı, qanda şəkər, xolesterin, lipid və arterial təzyiq norma­da olmalıdır. Zob və hormonal disbalans da ürəyi yorur.

Əgər tənəffüsdə çətinlik, əl-ayaqda şişmə, sinədə ağırlıq, yorğunluq, döyün­tü, başhərlənmə kimi simptomlar olarsa, yubanmadan ürəyi yoxlatmaq lazımdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat