Hörmətli oxucu! Bu gün sizə istedadlı şair Həzi Həsənlinin 2 yeni şeirini təqdim edirik. Bu poetik yarpaqlar şairin qəlbindəki kövrək duyğulardan, işıqlı düşüncələrdən doğulub. Onlar təzə, tər və təravətlidir. Gəlin, birlikdə şairin şeir rübabının həzin sədalarını dinləyək...
De, gözlərin nədən doldu?!
Gözdolusu göz yaşın var,
Ağlamağın nədən oldu?
Yoxsa, qorxu, təlaşın var,
De, gözlərin nədən doldu?!
Ağ göyərçin əllərin var,
Əl dəyməmiş tellərin var,
Necə zərif güllərin var,
Niyə soldu, nədən soldu?..
Sirrini sirdaşınla böl,
Eşqi könüldaşınla böl,
Sevinci göz yaşınla böl,
Sevinməyin dadı baldı.
Demə, sənə qıyan olar,
Çaylar sənə həyan olar,
Sular səni duyan olar,
Sularda göz yaşı boldu...
Könlün yenə yaz istəyir
Könlün yenə yaz istəyir,
Bir qaranquş qanadında,
Elə bir avaz istəyir...
Dönməyirsən inadından.
Heyif, ömrün cavan çağı,
Ürəyində bala dağı...
Sən qoruyan od - ocağı,
Qoruyammaz hər qadın da...
Gözün elə nəm çəkib ki,
Qəlbin elə qəm çəkib ki,
Sən çəkəni kim çəkib ki,
Kimin də qalsın yadında?!