Azərbaycan Hindistanda diplomatik xeyriyyə yarmarkasında təmsil olunub

post-img

Fevralın 3-də Azərbaycanın Hindistandakı səfirliyi paytaxt Nyu Dehlidə təşkil edilmiş “Diplomatic Community Bazaar 2024” xeyriyyə yarmarkasında təmsil olunub.

Bu barədə  səfirlikdən məlumat verilib.

Bildirilib ki, yarmarka Dehli Qadınlar Assosiasiyası Fondunun təşkilatçılığı və paytaxtda yerləşən xarici ölkələrin səfirliklərinin iştirakı ilə 1988-ci ildən etibarən hər il keçirilir.

Bu il Cəvahirləl Nehru adına stadionda açıq havada qurulmuş stendlər arasında Azərbaycan adı və bayrağının yerləşdiyi guşə də yer alıb. Ölkəmizin Hindistandakı səfirliyinin əməkdaşları və onların ailə üzvlərinin birgə əməyi nəticəsində ərsəyə gəlmiş stenddə Azərbaycanın zəngin mədəniyyətinin və milli mətbəxinin nümunələri təqdim olunub.

Milli musiqi nümunələrinin sədaları altında gün ərzində fəaliyyət göstərən stend yarmarkada iştirak edən diplomatik korpus üzvləri və hindistanlı ziyarətçilərin böyük marağına səbəb olub.

Yarmarkadan əldə edilən vəsait Nyu Dehlinin aparıcı xeyriyyə təşkilatlarından biri olan Dehli Qadınlar Assosiasiyası Fondunun xətti ilə aztəminatlı ailələrə, sağlamlıq imkanları məhdud uşaqların təhsilinə və müalicəsinə yönəldiləcək.





Sosial həyat