Cahana sığmayan şairimiz
Hələb şəhərində Nəsiminin çox istədiyi şagirdlərindən biri onun qəzəlini küçədə avazla, ucadan oxuyurmuş. Eşidənlər gəncdən:
– Şeirin müəllifi kimdir?– deyə soruşanda gənc deyir:
– Mənim şeirimdir.
Bu cavabı gözləməyənlər onu tutub öldürmək istəyirlər. Xəbər Nəsimiyə çatır. O, özünü hadisə yerinə çatdırır və deyir:
– Şeir mənimdir. O gənc məni çox sevdiyindən şeir müəllifi kimi özünü nişan verib. Buraxın onu.
Gənci buraxıb Nəsimini tuturlar və dərisinin soyulmasına hökm verirlər. Şairin edam zamanı rəngi avazıyır, sonra saralır. Cəlladlar onu ələ salmaq üçün deyirlər:
– Şair, bərk dayan, rəngin niyə saralır?
Nəsimi qürurla onlara üz tutur və deyir:
– Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edəndə rəngi saralar.
* * *
Ədəbi mənbəələrdə belə yazırlar ki, Nəsiminin edamını icra etdirən ruhani üzünü meydana toplaşanlara tutub demişdir:
– Bu elə məlundur ki, onun qanından bir damla hara düşsə, kəsilib atılmalıdır.
Təsadüfən şairin qanından bir damcı sıçrayıb həmin ruhaninin barmağına düşür. Hadisə yerinə toplaşanlar ruhaninin barmağının kəsilməsini tələb etdikdə, o, qorxur:
– Mən söz məsəli demişəm, – deyə yaxasını qurtarır.
Bu zaman al qan içində olan şairin əzəmətli səsi yüksəlir:
Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz.
Z.HÜSEYNLİ
XQ