Türkiyənin paytaxtı Ankara şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilb. Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə keçirilən mərasimdə şəhidlərin xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım və Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Suver çıxış edib,
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda xalqımızın uzun müddət apardığı mübarizə haqqında danışıblar. Vətən övladlarının can verdiyi 20 Yanvar hadisələrini Azərbaycanın müstəqillik tarixinin əsasını qoyan hadisə kimi dəyərləndiriblər.
20 Yanvar tarixini Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edən natiqlər 30 il işğal altında qalmış torpaqların azad edilməsi ilə şəhidlərin ruhunun şad olduğunu söyləyiblər. Mərasimdə 20 Yanvar faciəsinə həsr olunan sərgi də təşkil olunub.
Anım mərasimində Türkiyənin dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, Ankarada yaşayan azərbaycanlılar və burada təhsil alan hərbçilərimiz iştirak ediblər.
XQ