Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar-müşavirə keçirilib

post-img

Prezident seçkiləri ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində Şirvan şəhərində polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan növbəti seminar-müşavirə keçirilib.

Şirvan Şəhər Gənclər Mərkəzində keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin nümayəndələri, dairə seçki komissiyalarının sədrləri, Şirvan şəhər və ətraf rayonların polis şöbələrinin əməkdaşları, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq müşahidəçiləri iştirak ediblər.

Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov və Şirvan şəhər Polis İdarəsinin rəisi Füzuli Əhmədovun çıxışları ilə başlayıb. Bildirilib ki, ölkəmizdə seçkilərin təşkili sahəsində böyük təcrübə qazanılıb və əvvəlki illərdə olduğu kimi, budəfəki seçkilər də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcək.

Bəxşeyiş Əsgərov seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barədə ətraflı danışıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Sənan Əliyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı görüləcək təhlükəsizlik tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, növbədənkənar prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində müvafiq Tədbirlər Planı təsdiqlənib və icrası xüsusi nəzarətə götürülüb. Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və seçki prosesində iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması, polis əməkdaşlarının vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət etmələri və digər bu kimi məsələlər nazirliyin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Diqqətə çatdırılıb ki, seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq.

Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov isə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi barədə danışıb.

Seminar-müşavirənin sonunda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









Sosial həyat