Özbəkistanın populyar telekanalları Azərbaycandan bəhs edib 13.12.2023 [13:56] Çap et A+ A-

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində “Heydər Əliyev İli” və TÜRKSOY təşkilatı tərəfindən Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı özbək mətbuatı nümayəndələrinin Azərbaycana mediaturu təşkil edilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildiriblər ki, səfərin yekunlarına dair hazırlanan “Özbəkistan – ümumi evimiz” teleproqramı “Uzbekistan” dövlət telekanalı və “Milli TV”də nümayiş etdirilib. Bu silsilə verilişlərə Azərbaycanın paytaxtı Bakıya, Şuşa şəhərinə, habelə Füzuli rayonuna həsr olunmuş proqramlar daxil edilib.

Televiziya proqramında, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müsahibəsi yer alıb. O, Azərbaycan ilə Özbəkistan arasındakı dostluq münasibətlərindən danışaraq qeyd edib ki, müstəqillik illərində iki qardaş ölkə arasında mədəni-humanitar əlaqələr möhkəmlənib. Samir Abbasov vurğulayıb ki, Azərbaycan Mədəniyyət Mərkəzi ikitərəfli mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsini əsas məqsəd və vəzifə hesab edərək, bu sahədə müxtəlif layihələr həyata keçirir. Özbəkistanlı jurnalistlərin Azərbaycana media turunun əsas məqsədindən danışan S.Abbasov qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda Azərbaycan həqiqətləri haqqında məlumatların yayılması və Azərbaycan milli mədəniyyətinin təbliği məqsədilə hər il qardaş ölkənin mətbuatı üçün analoji səfərlər təşkil edir.

Azərbaycan Mədəniyyət Mərkəzinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına təşkil etdiyi mediaturun əsas məqsədləri Özbəkistan mətbuatının nümayəndələrinə Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri və Azərbaycan torpaqlarında 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti, infrastruktur və milli mədəniyyət abidələrinə dəymiş ziyan, o cümlədən 44 günlük müharibədə Azərbaycanın Qələbəsi haqqında geniş məlumat vermək, onları Qarabağda aparılan yenidənqurma və quruculuq işləri, Azərbaycan xalqının zəngin mədəniyyəti ilə yaxından tanış etmək olub.

Özbək jurnalistlər Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, dünyaya görkəmli şairlər, yazıçılar, bəstəkarlar və rəssamlar bəxş etmiş Şuşa şəhəri haqqında xüsusi proqram hazırlayıblar. Azərbaycan dövlətinin şəhərdə apardığı genişmiqyaslı quruculuq və bərpa işlərindən bəhs edən süjet də lentə alınıb.

Azərbaycanla bağlı televiziya proqramında işğaldan azad edilmiş Füzuli rayonundan kadrlar və 30 ilə yaxın davam edən erməni işğalının izləri nümayiş etdirilib.

Bundan əlavə, tamaşaçılar Özbəkistanın Azərbaycan xalqına hədiyyəsi olaraq tikilmiş və iki xalq arasında qardaşlıq və həmrəylik rəmzinə çevrilmiş Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli şəhər tam orta məktəbini də görmək imkanı əldə ediblər. Televiziya proqramında məktəblilərin təkcə vətənlərinin deyil, həm də qardaş Özbəkistanın tarixi haqqında biliklərə yiyələnəcəkləri qeyd olunub, onların iki xalqın dostluğu, Azərbaycan və Özbəkistanın dahi şəxsiyyətləri haqqında şeirlər oxuduğu bildirilib.

Tamaşaçılara, həmçinin Azərbaycan paytaxtının görməli yerləri, unikal memarlığı, tarix və mədəniyyət abidələri, Dənizkənarı bulvar və gözəl Bakı mənzərəsi təqdim olunub.

Televiziya proqramlarında müxtəlif ölkələrdən, o cümlədən Özbəkistandan gələn turistlər azərbaycanlıların qonaqpərvərliyindən və səmimiyyətindən, ölkəmizin unikal təbiətindən, ləzzətli mətbəxindən danışırlar. Onlar, həmçinin Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələri, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi dahi şəxsiyyətlərin yaradıcılığını xüsusi qeyd edirlər.

Verilişlər silsiləsinin sonunda tamaşaçılara milli geyimdə olan artistlərin rəqs qrupunun müşayiəti ilə ifa etdikləri ənənəvi Azərbaycan rəqsi təqdim olunub.

Azərbaycan haqqında teleproqramlar yayımlayan “Uzbekistan” dövlət telekanalı və “Milli TV” Özbəkistanda ən populyar televiziya kanallarıdır və geniş auditoriyaya malikdirlər.















Sosial həyat