Bu gün Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olunub YENİLƏNİB

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

 Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan daha 25 ailə - 112 nəfər Füzuliyə çatıb.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurdlarına qovuşmağın sevincini bir-biriləri ilə bölüşüblər.

***

Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bu gün Füzuliyə qayıdan 25 ailə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərinə yerləşiblər.

Bununla da Füzuli şəhərində 358 ailə olmaqla, 1298 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.











Sosial həyat