Yarpaqları uzunsov, çiçəkləri göyümtül çəhrayı rəngdə, kəskin iyi olan yarpızı kim tanımır? Bəs onun faydalarını necə, bilirsinizmi? Mütəxəssislərin fikrincə, yarpızın tərkibindəki əsas təsirli maddələr uçucu yağlar, menthol, azulen, puleson, diosmin, gulukozid, saponin şirəsi və şəkərlərdir.
Yarpız nanə kimi yay fəslində toplanıb qurudulur, ilboyu istifadə edilir. Lap qədim zamanlarda insanlar soyuqlayanda yarpız çayı içməklə sağalıblar.
Bitki həzm sistemində çox faydalıdır, iştah açandır. Həzmi asanlaşdırır, köpü aradan götürür, qazqovucudur. Yarpızda olan uçucu efir yağları sinirlərə və qan – damar sisteminə pozitiv və qıcıqlandırıcı təsir edərək, iltihabı azaldır. Eyni zamanda, artritdə, öd kisəsi, qaraciyər problemlərində, eləcə də mədə-bağırsaq xərçəngində istifadə olunur.
Yarpızın faydaları qədər zərərli xüsusiyyətləri də var. Belə ki, yarpızdan əldə edilən uçucu yağlar çox kəskin olduğundan toksiki təsir göstərə bilir. Buna görə hamilə qadınlar ondan uzaq durmalıdır. Gün ərzində ən cox 3 stəkan içilməlidir. 18 yaşdan kiçik uşaqların və süd verən anaların yarpız çayı içməmələri tövsiyə edilir.
Z.HÜSEYNLİ
XQ

