Böyük azərbaycanlının xatirəsi

post-img

Fəxri xiyabandan reportaj

Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu öndər Heydər Əliyevin vəfatından 20 il keçsə də, ölməz xatirəsi bir gün belə unudulmur, xalqımızın xoşbəxtliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətlər daim qədirbilənliklə yad edilir. Heydər Əliyev ideyaları Azərbaycanımızın zirvə yoluna daim işıq saçır. 

Bir neçə gündür ki, dövlət qurumları­nın, nazirliklərin, idarə, təşkilat, şirkət və müəssisələrin kollektivləri, elm və mədəniy­yət adamları, paytaxt sakinləri və gənclərin Fəxri xiyabana ziyarətinin ardı-arası kəsil­mir. Ümummilli liderin vəfatının 20 illiyi ilə əlaqədar onun məzarı ziyarət edilir, önünə əklillər və çiçək dəstələri düzülür. Əslində, əbədiyaşar liderin məzarının ziyarəti ilboyu davam edir, əhalinin ən müxtəlif təbəqələri bura gəlib dualar oxumağı şərəf borcu sayır­lar. Bu müqəddəs məkan həm də gənclərin and yerinə çevrilib. Ölkəmizə qonaq gələn rəsmilər də, bir qayda olaraq, Fəxri xiyaba­na baş çəkir və unudulmaz dahi şəxsiyyə­tin ruhuna ehtiramlarını ifadə edirlər. Hər il Heydər Əliyevin doğum və vəfat günlərində – mayın 10-da və dekabrın 12-də isə Fəxri xiyabanda xüsusilə böyük izdiham yaşanır. 

Dünən sübh tezdən Fəxri xiyabana baş­lanmış insan axını da milli qürur duyğuları­mızın, siyasət nəhənginin xatirəsinə sevgi və sayğılarımızın parlaq ifadəsi idi. Hava xeyli tutqun və yağmurlu olsa da, sanki burada hər kəs Heydər Əliyev Günəşinin işığına qızı­nırdı. Məşhur mahnının misraları ürəklərdə əks-səda verirdi: 

Sən elə bir zirvəsən,

Küləklər neyləyəcək?

Dünənim, bu günümsən

Səninlədir gələcək!

Bəli, Ulu öndər Azərbaycanda hakimiy­yətdə olduğu hər iki dönəmdə – istər 1969–1982-ci illərdə, istərsə də 1993–2003-cü il­lərdə üstün siyasəti və heyratamiz zəkası ilə ölkənin inkişafına, iqtisadi qüdrətinin artırıl­masına çalışıb, xalqın rifahının yaxşılaşması naminə yorulmaz səylər göstərib. Fenomenal bacarığı sayəsində Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirərək, haqq səsimizi dünyaya yayıb. Şair demişkən, millətimizin xəttinin sayılan imzalar içində olmasını tə­min edib. Məhz buna görə Heydər Əliyevin ruhuna ümumxalq sevgisi tükənməzdir...

Ümummilli liderin ziyarətinə gələn­lər arasında tanınmış şəxslər də çox idi. Onlardan biri – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə XQ-yə açıqla­masında ürək sözlərini bizimlə bölüşdü: 

– Ulu öndər hər birimizin qəlbindədir. O daim xalqın içində olan böyük şəxsiyyət idi, milləti sevən, müasirliyə can atan, eyni zamanda, milli dəyərləri qoruyub saxlayan bir insan idi. Ulu öndər Azərbaycanı sev­məyin, millətə, ölkəyə özünü fəda etməyin nümunəsini göstərdi. Unudulmaz milli lider bizim hər birimiz, eləcə də gələcək nəsillər üçün bundan sonra da örnək olacaq. Gənclə­rimiz Heydər Əliyev işiğının Azərbaycanın qüdrətlənməsində, güclənməsində, nə qədər önəmli olduğunu həmişə öz həyatlarında hiss edəcəklər.

Dini Qurumlarla İş Üzrə Dövlər Ko­mitəsinin sədri Mubariz Qurbanlı da ulu öndəri ziyarət etdikdən sonra bizə qısa müsahibə verdi: 

– Bu gün biz ulu öndəri böyük ehtiramla anırıq. Allah ona rəhmət eləsin. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün seçdiyi yol, onun irsi bizim əbədi yolgöstərə­nimizdir...

İlyas Hüseynov, politoloq:

– Hər il dekabrın 12-də Fəxri xiyabana gəlib ulu öndər Heydər Əliyevin ruhu qarşı­sında mənəvi borcumuzu ödəmək bizim üçün şərəfdir. Əslində, dahi siyasət liderini hər gün, hər an hörmətlə, ehtiramla anırıq, çün­ki o, öz idealları ilə daim bizimlədir. Azər­baycan Vətən müharibəsində tarixi qələbə qazandıqdan sonra Ulu öndərin ərazi bütöv­lüyümüz, suverenliyimiz və sərhədlərimizin toxunulmazlığının təminatı ilə bağlı arzuları tam reallaşdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Tam əminik ki, bu gün Ulu öndərin ruhu şaddır.

Artıq Azərbaycan qarşısında yeni imkan­lar, prioritetlər formalaşır. Bu da Azərbaycan­la Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Qalib Azərbaycan vətən­daşları öz faliyyətlərini təmin edirlər, eyni zamanda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə hədəflər müəyyənləşdirilir. Əlbəttəki bütün bu uğurların təməlində Ulu öndər Heydər Əliyevin imzası var.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) isə Azərbaycan Respublikası Prezidentinin xüsusi nü­mayəndəsi Emin Hüseynov da Ümum­milli liderin anım günü ilə bağlı fikirlərini söylədi: 

– Bu gün vəfatından 20 il ötən Ulu ön­dər Heydər Əliyevi hamılıqla yad edir, öl­məz ruhuna ehtiramımızı ifadə edirik. Ən yeni tariximizin uğurları onun adı ilə bağ­lıdır. Azərbaycan xalqının çətin günlərində kənarda qala bilməyib, onu sevənlərin, ona inananların təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi, ölkənin idarəetməsini sahmana saldı. Bugünkü xoşbəxt həyatımızda Ümum­milli liderin əməyi sonsuzdur, xalqımızın müstəqilliyi, dövlətçiliyimizin qorunması sırf onun adı ilə bağlıdır.

Bir qədər sonra yenidən Fəxri xiyabanın qarşısındakı izdihama yaxınlaşıb, ziyarət­çilərdən müsahibələr aldıq. Kimisi Ulu ön­dərlə bağlı həzin xatirələrə dalaraq kövrəl­di, kimisi də onun tarixi tale yaddaşımızda əvəzolunmaz rolu, xilaskarlıq, quruculuq missiyası ilə bağlı duyğu və düşüncələrini həvəslə bölüşdü.

İbrahim İlyaslı, şair-tərcüməçi, Azər­baycan Yazıçılar Birliyi Poeziya seksiyası­nın rəhbəri: 

– Dünya siyasətinin mahir bilicisi, Türk dünyasının böyük oğlu, qeyri-adi şəxsiyyət olan Ümummilli lider əsl dövlət xadiminə xas fitri istedadı ilə fərqlənirdi. Qədəm bas­dığı hər yerdə ilahi bir canlanma yaranırdı, xeyir-bərəkət aşıb-daşırdı. O, hələ sağlığın­da canlı əfsanəyə çevrilmişdi. Mən dünyada elə bir siyasi xadim tanımıram ki, böyüklü­yünə Heydər Əliyev qədər saysız-hesabsız şeirlər, nəğmələr qoşulsun. Ulu öndər şeirə, sənətə yüksək dəyər verirdi, bədii nümunələ­ri özünəməxsus bir tərzdə diqqətlə dinləyirdi. Səməd Vurğunun “Azərbaycan” şeirini necə həyəcanla dediyini hamımız yaxşı xatırla­yırıq. Mən onu dinlədikdən sonra duyğula­naraq bir şeir yazmışam. Bayaq məzarının üstünə bir cüt tər qərənfil qoydum, indi isə şeirimdən bir bəndi deyim, siz də dinləyin:

Hər könüldə bəslənmir 

bir xalqın bütöv səsi, 

Hər ürəkdə baş vermir 

sözün vəcdə gəlməsi.

Ancaq bir ayrı qürur, 

bir ayrı heyrət idi 

Sənin doğma səsində 

Azərbaycan kəlməsi...

Ceyhun Camalov, Vətən Müharibəsi Qəhrəmanı:

– Heydər Əliyevi sonsuz ehtiramla yad edirik. Bir zabit kimi fəxrlə deyə bilərəm ki, hələ sovet dönəmində Ulu öndər Azərbay­canın müstəqil gələcəyini nəzərdə tutaraq, hərbçi kadrlar hazırlığına xüsusi önəm verib. Bu gün dahi liderin siyasətini Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanımız, böyük sərkərdəmiz İlham Əliyevin uğurla davam etdirməsi bizim üçün böyük təsəllidir və hamımızı qürurlandırır. Heydər Əliyevin ata vəsiyyəti Qarabağın, o cümlədən Şuşanın işğaldan azad olunması idi. Xoşbəxtik ki, hə­min arzunun hyəyata keçməsinə az da olsa, töhfə vermişik. 

Heydər Əliyev 1993-cü ildə 2-ci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn­də mənim 10 yaşım vardı. Ulu öndər ölkədə sabitlik, əmin-amanlıq yaratdı, atəşkəsə nail oldu, eyni zamanda nizami ordu quruculu­ğunu həyata keçirdi. Onun hərbçilər qasrşı­sında vətənpərvərlik mövzusunda çıxışla­rını teleekrandan maraqla izləyirdim və bu, mənim də hərbçi peşəsini seçməyimə səbəb oldu. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Böyük Zəfərə də milli liderin uzaqgörən siyasətinin davamı nəticəsində nail olduq. Ulu öndərin ölməz ruhu qarşısın­da baş əyirəm. 

Göründüyü kimi, Ümummilli liderin məzarını ziyarət edənlərin arasında sadə vətəndaşlardan tutmuş, elm, təhsil, siyasət, mədəniyyət sahələrinin adamları da çox idi. Hamısı da ziyarətdən sonra Fəxri xiyabanı qürurla tərk edir, böyük vətənpərvər liderin rununa borclarını vermələrindən xüsusi bir məmnunluq duyurdu. 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov dedi:

– Doğrudan, qürurverici bir gündür. Ulu öndərin ölməz ruhu qarşısında baş əymək böyük şərəfdir. Burada gördüyümüz böyük izdihamın yaşanması dahi rəhbəri heç zaman unutmayacağımıza dəlalət edir. Ötən əsrin 90-cı illərində yenicə müstəqillik yoluna qə­dəm qoyan Azərbaycanda dövlətçiliyi qoru­yub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübə­li, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq özünün böyük oğluna müraciət etdi. Ümummilli li­der Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə 2-ci dəfə hakimiyyətə gəldi və onun Azərbaycanda siyasi hakimiyyəti, xilaskarlıq missiyası tamamilə fərqli, həlledici bir dövr kimi xarakterizə olunur. Ölkədə hökm sürən böhran, xaos, daxili çəkişmələr Ulu öndəri yolundan çəkindirə bilmədi. Ən ağır məqam­larda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraq­larını qoruyacaq, ən düzgün, müdrik qərarlar verəcək və belə də oldu. Bu gün tarix yazan şəxsiyyətin siyasi varisi – Prezident, Müzəf­fər Ali Baş Komandan İlham Əliyevin ata və­siyyətini yerinə yetirməsi, işğalçıları torpaq­larımızdan qovması və bizi qalib xalq kimi dünyaya tanıtması danılmaz reallıqdır. Məhz ulu öndərin apardığı milli dövlətçilik siyasəti nəticəsində Azərbaycan güclənib, daxili sa­bitliyi möhkəmlənib. Məhz onun qoyduğu irs Azərbaycanı böyük uğurlara qovuşdurub. Bu il həm də onun 100 illiyidir. Allahdan Ulu öndərə rəhmət diləyirik. 

Rauf Zeyni, Milli Qeyri-Hökumət Təş­kilatları Forumunun prezidenti:

– Heydər Əliyev hakimiyyətə qayıtdıq­dan sonra qarşısına demokratikləşmə prose­sinin başlıca prinsiplərinə əsaslanan idarəet­mə sistemini formalaşdırmaq vəzifəsini qoymuşdur. Ümummilli liderin siyasi plü­ralizm, mətbuat azadlığı, insan hüquqlarının təmini kimi ali meyarlara əsaslanan dövlət­çilik siyasəti Azərbaycanın çox qısa zaman ərzində demokratik ölkələr sırasında möh­kəmlənməsinə mühüm töhfə vermişdir. Ulu öndər Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusudur desək, qətiyyən yanılmarıq. Ötən 28-30 il ərzində ölkəmiz vətəndaş müharibəsindən vətəndaş cəmiy­yəti quruculuğuna doğru çətin və şərəfli tarixi yol keçib. Məhz ulu öndər 2001-ci ildə Azərbaycanda QHT-lər haqqında qa­nunun qəbul edilməsinin səbəbkarı oldu və bu qərar o dövrdə bütün MDB ölkələrinin tarixində ilk addım idi. Bu gün gözümün qarşısında Ulu öndər Heydər Əliyevin şah əsəri – adı ilə fəxr etdiyimiz müasir müstəqil Azərbaycan dövləti var. Özü də dövlətimi­zin ideya əsaslarını da azərbaycançılıq ideo­logiyası təşkil edir.Ümummilli liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Heydər Əliyevin əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin böyük məharətlə davam et­dirdiyi siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir. 

Ramil Əliyev, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri:

– Bu gün Ulu öndərə mənəvi borcumuzu verməyə gəlmişik və burada olmaqdan qürur duyuruq. Bu il bu dahi şəxsiyyətin 100 illiyi və bizlərdən cismən ayrılmasının 20 illiyidir. Əlbəttə, onun xarirəsi bizim üçün çox dəyər­lidir. Ən çətin anlarında Ümummilli lider xalqından güc aldı, ona arxalandı. Xalq da ona dəstək verməkdən çəkinmədi. Ulu öndə­rin dövlət, ordu, təhsil, mədəniyyət, elm qu­ruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar tezliklə bəhrəsini verdi və Azərbay­can görünməmiş sürətlə inkişaf etdi. Ümum­milli lider yeri ona görə ürəyimizin başında­dır ki, Azərbaycanın o dövrkü ağır, mürəkkəb və gərgin vəziyyətinə baxmayaraq, bütün hə­yatını xalqa sədaqətlə xidmətə həsr etdi.

Azərbaycan xalqının əbədi məhəbbətini qazanmış Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi hər zaman yaşa­yacaqdır. Bütün həyatını xalqa sədaqətlə xid­mətə həsr etmiş dahi lider öz titanik fəaliyyə­tində Azərbaycanı ucaltdı və özündən sonra ən layiqli liderə Vətəni əmanət etdi. Tanrıdan rəhmət diləyirik, ruhu şad olsun!

Bəli, müsahiblərimizin də vurğuladıqla­rı kimi, Türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində əbə­diyaşar liderin məzarı xalqımızın əbədi zi­yarətgahına, gənclərin müqəddəs and yerinə çevrilib. 

Nə qədər Azərbaycan,

Nə qədər bu millət var

Heydər xalqım deyəcək,

Xalq Heydər söyləyəcək!

 

Əli NƏCƏFXANLI,
Anar TURAN,
Ayşən AZADOVA
XQ









Sosial həyat