Müəllim və şagirdi yanaşı döyüşdülər...

post-img

Samir müəllim universitetin tarix fakültəsinin məzunu idi, həqiqi hərbi xidmətin son üçüncü ayında zabit hazırlığı kursunu bitirmişdi. Düşmənlə təmas xəttində xidmət edən tağımın əsgərləri ondan hərbi biliklərlə yanaşı, Vətənə sevgini də öyrənirdilər. Bu sevgi Qorqud dədənin deyimlərinin, ana öyüdlərinin, ata tövsiyələrinin, min illərdən gələn milli ruhun işığı idi. Qüdrət işığıydı...

Anasının ili çıxmamış atasının da dünyasını dəyişməsi, bacısının tək qalması onun ruhunda qara yellər əsdirmişdi. Qəlbinə qan sızmışdı, dərd üstünə dərd gəlmişdi. “Dünyanın ən ağır dərdi çıxılmazlıq dərdidi. Orduya döyüşçü olmaq niyyətiylə gəlmişdim, qardaş olaraq borcumu yerinə yetirənə kimi Tanrı mənə ömür versin, döyüşlər başlayanda döyüşənlərin sırasında mən də olacam...”  – raportunu bu niyyətlə yazmışdı. Ailə vəziyyətinə görə tərxis edilmişdi.                                                                        

Samir müəllim orta məktəbdə tarix  müəllimi işləyirdi. Şagirdləri dərsdən sonra onunla söhbətləşməyi sevir, onu maraqla dinləyirdilər. Bu söhbətlər bəzən saatlarla uzanırdı. Hərdən şagirdlərinə Birinci Qarabağ müharibəsindən, atasının xatirələrindən də söz açırdı.

Atasının xatirələrindən: – Beş döyüşçü idik. Sursatımız azalırdı. Gizir tapşırdı ki, döyüşə-döyüşə geri çəkilin, dərəni keçib sağa dönün. Mən Kərimlə sizi himayə edəcəm. Bir-bir sağdakı daşlığa sarı süründük. On-on beş addımdan sonra dönüb atışacaqdıq. Ona kimi gizirlə Kərim daşlığın solunda mövqe tutacaqdı. Döyüşə-döyüşə xeyli uzaqlaşdıq. Düşmən bizi himayə edən iki döyüşçümüzlə – Gizir və Kərimlə atışmağa macal tapmadı. Gizir himayə atışını hücum atışına çevirmişdi ki, düşmənin başı qarışsın. Onlar yedd-səkkiz düşmənlə 
döyüşürdülər...                                                                                                                                  

Kərim şəhid oldu. Gizir döyüşə-döyüşə Kərimi oradan uzaqlaşdırmağa çalışıb. Gün yaxa-yaxda gizirin də barmağı avtomatın tətiyindən üzülüb...

Belə söhbətlərdən sonra Samir müəllim də, şagirdləri də vaxtdan gileyli qalardılar, O, çarəsizliklə əlini yelləyib yanındakı şagirdin kürəyinə toxunur, “Gedin, sabahkı dərslərinizi öyrənin, söhbətimizi sonra davam etdirərik...” – deyirdi. Vaxtın bunca tez ötüşdüyünə görə özü də sıxılırdı...

İlk dərs günü idi. Samir müəllim müharibədən, döyüşlərdən, qəhrəmanlardan, şəhidlərdən danışırdı:

– Atam döyüşlərin birində yaralanıb, sürünə-ürünə bir tərəfə çıxmaq istəyib. Şahpələng adlı döyüşçü onun qoltuğunun altından yapışıb arxaya çəkməyə başlayıb. Bu zaman atam görüb ki, torpağa qan sızır. Şahpələng yaralı ola-ola atamı döyüşdən çıxartmaq istəyib...

Atam hospitalda özünə gəlib, toxdayanda Şahpələngi soruşub. Ona mərkəzi hospitala təxliyyə edildiyini deyiblər. O, xilaskarını bir daha görə bilməyib...

Samir müəllim Bəhruzun gözlərinin dolub-boşaldığını sezdi. Ona yaxınlaşdı, əlini ahəstəcə kövrəlmiş şagirdinin çiyninə qoydu, heç nə soruşmadı. 

Bəhruz qəhərlə: “Şahpələng mənim babamdı, müəllim”, – dedi. Samir müəllim şagirdini köksünə sıxdı. Dərsin sonuna kimi heç kim dillənmədi. Nə onlar, nə də şagirdlər. Bəhruzun kürəyinə, Samir müəllimin köksünə yaş damlaları düşürdü...

Bəhruz orta məktəbi bitirmişdi. Hərbi xidmətə gedəcəyi günün axşamı atası  babasının döyüşçü dostu olmuş Samir müəllimlə vidalaşmağa getmişdi.

– Uğur olsun, Bəhruz. Ali Baş Komandan döyüş əmri verəndə birlikdə döyüşərik. Mən atamın döyüş yolunu davam etdirərəm, sən babanın....

Vətən müharibəsi başladı. Samir müəllim böyük israrla döyüşə gedə bildi. Kəşfiyyat tağımında xidmət edirdi. Füzuli istiqamətində növbəti hücum ərəfə-sində hərbi hissəyə gələn döyüşçüləri görəndə Samir müəllim həyəcanla səslədi: “Bəhruzzz!”. Bəhruz babasının döyüş yoldaşının oğlunu – Samir müəllimi tanıdı. Həsrətlilər kimi qucaqlaşdılar.

– Sizinlə burada, cəbhədə görüşəcəyimə inana bilmirəm, müəllim, – Bəhruzun gözlərində sanki sevinc çiçəkləmişdi...

– Razılaşmışdıq ki, birlikdə döyüşəcəyik. Samir müəllim şagirdinin avtomatının qundağından yapışdı: –Barmağın tətikdə titrəməsin...

O gün müəllimlə şagirdin döyüş yoldaşı olması hərbi hissədə hamını duyğulandırdı...

Kəşfiyata gedirdilər. Samir müəllim və beş döyüşçü. Bəhruz da onların arasında idi.

Düşmənin mövqelərinə yaxınlaşmışdılar. Samir müəllimlə Tahir beş-altı addım qabaqdaydı, o biriləri iki-iki arxada, sağda və solda. Qarşı yaxanı müşahidə etmişdilər. Düşmən döyüş texnikalarını sazlayırdı. Döyüşçülərin vurnuxmasından hiss olunurdu ki, tapşırıq üçün vaxt azlığı var...

Qayıtmağa hazırlaşırdılar. İki-üç addım atmamış atəşə tutuldular. Samir müəllimlə Səfər himayə atışı aparırdı, digərləri isə atışa-atışa uzaqlaşırdılar. Düşmən atəşı getdikcə sıxlaşırdı. Samir müəllimin əmri ilə Tahir məlumatları çatdırmaq üçün döyüşün içindən sıyrılıb uzaqlaşmışdı.

...Bəhruz yaralanmışdı. Samir müəllim onu təhlükəsiz yerə çıxarmaq istəyirdi. Dikələ bilmirdi. O biri döyüşçülər atışa-atışa geri çəkilməkdəydilər. Samir müəllimin Bəhruzu döyüşün içindən çıxarda bilmədiyindən xəbərsiz idilər...

Gün  bir çatı boyunca qalxmışdı.

Köməyə gələnlər gördüklərindən heyrətləndilər: Samir müəllimin sağ qolu Bəhruzun başının altındaydı, Bəhruzun sol qolu Samir müəllimin kürəyində...

Çöldə çalpaşıq yel əsirdi... 

Rəşid FAXRALI,  
hərbi jurnalist

 

Sosial həyat