“Rusiya Ermənistanı bağışlamayacaq” – Ekspert detalları açıqladı

post-img

Xəbər verdiyimiz kimi, Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Hazırda istehsal mərhələsində olan eyni tipli daha 26 texnika da Ermənistana yola salınacaq. Ermənistan bu yaxınlarda “Thales” şirkətindən üç GM2-200 radarına dair sifariş imzalayıb və 3 “Mistral” zenit-raket komplekslərinin tədarükü üçün danışıqlar aparılır.

Məsələ ilə bağlı “Xalq qəzeti”nə açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov bildirdi ki, Fransanın son vaxtlar Ermənistanı silahlandırmaqda aktivləşməsinin bir sıra məqsədi var: “Məqsədlərdən biri Rusiyanı regiondan sıxışdırmaq, bu ölkənin İrəvana silah, texnika satışının qarşısını almaqdır. Fransa bununla düşünür ki, Rusiyadan qisas almaqla yanaşı, güc balansını ələ ala bilsin”. 

Telman Qasımov “Bastion” tipli zirehli texnikaların dağlıq ərazilər üçün əlverişli olmadığını diqqətə çatdıraraq qeyd etdi ki, Fransanın hərəkəti onu göstərir ki, bu ölkə Ermənistanı qorumaq məqsədilə addımlar atmır. İrəvan sadəcə yağlı tikə rolundadır. Bu gedişlə Ermənistan Rusiya və Qərbin arasında poliqona çevriləcək.

“Rusiya Ermənistanın üz döndərməsini, Qərbə boylanmasını bağışlaya bilməz. Hadisələrin gedişindən İran da xeyli narahatdır. Çünki bu ölkə NATO qüvvələrilə mühasirəyə alınır”, - deyə T.Qasımov fikirlərini yekunlaşdırıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat