Azərbaycan Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” sərgisi açılıb. Sərgidə Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunur.
Bunlar doğma yurdlarından didərgin salınmış soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır.
Sərgidə Əməkdar rəssam Tarıyel Bəşirovun eskizi əsasında muzeyin əməkdaşları tərəfindən toxunan “Tarixin salnaməsi” xalçasının hazırlanmasında 100-ə yaxın rəng çalarında yun və ipək saplardan istifadə olunub.
Muzeydə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film də nümayiş etdirilir. Filmdə Lətif Kərimov, Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında kadrlar, həmçinin 1983-cü ildə Bakıda keçirilmiş Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpoziumundan görüntülər yer alır.
Xatırladaq ki, sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.
Fidan SALMANOVA
XQ

