Ağalıda ilk kitab təqdimatı

post-img

“Böyük Qayıdış”ın rəmzinə çevrilmiş Zəngilan rayonunun Ağalı kən­dində daha bir ilkə imza atılıb: kənd tam orta məktəbində gənc şair, AYB-nin üzvü, Prezident mükafatçısı Elvin Əlizadənin “-29” adlı şeirlər kitabı­nın imza günü keçirilib.

Zəngilanın tanınmış ziyalısı Ceyhun Həsənov tədbiri açaraq əslən bu kənd­dən olan müəllifin həyat və yaradıcılığı barədə məlumat verib. Sonra Azərbay­can Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza Şərqi Zəngəzurun Azər­baycan ədəbi mühitinə bəxş etdiyi şəxs­lərdən, ölkənin ictimai həyatındakı əhə­miyyətindən söz açıb və təqdim olunan kitabın bədii məziyyətlərindən danışıb. 

Tanınmış yazıçı Əyyub Qiyas 29 il Sumqayıtda məcburi köçkün həyatı ya­şamış ailənin övladı olan Elvin Əlizadə­nin vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərdən söz açıb və onun “Zən­gilan” şeirini səsləndirib. Mədəniyyət İş­çiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Şahin Şəfiyev, şairin qələm dostları Vüqar Rahi və Babək Məmmədli yeni kitab haqqında fikirlərini oxucularla bölüşüblər. Tanınmış xanən­də, "Xalq ulduzu" yarışmasının qalibi Tural Salmanovun müəllifin şeirlərinə bəstələdiyi mahnıları ifa etməsi də ma­raqla qarşılanıb. 

Daha sonra çıxış edən Ağalı kənd sa­kini Nurəddin Əliyev oğlu Elvinin yeni ki­tabının təqdimatına qatılan qonaqlara və həmkəndlilərinə minnətdarlığını bildirib. Elvin Əlizadə isə 2021-ci ilin aprelində ilk “Ağıllı kənd” layihəsinin dövlətimizin baş­çısı tərəfindən təməliqoyma mərasimin­də iştirakını xatırlayıb və yeni şeirlərini həmyerlilərinə ərməğan edib. 

Tədbirin sonunda yeni nəşrin müəllif imzası ilə nüsxələri oxuculara paylanıb, qonaqlar da öz kitablarını Ağalı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə ediblər.

Ə.ƏLİYEV
XQ

Sosial həyat