Tanınmış jurnalist Qalib Rəhimlinin, sanki, öz həyatının reportajı olan “Dedim, bəlkə, sözüm qala” kitabında müəllifin yarıməsrlik bir dövrü əhatə edən publisistik yaradıcılığından nümunələr toplanıb.
“Klass Print” nəşriyyatında işıq üzü görmüş kitab 7 fəsildən ibarətdir. Qalib Rəhimli imzalı yazıları oxuduqca görürük ki, müəllifin ilk qələm təcrübələrindən tutmuş son illərə qədər qələmə aldıqları onun bir jurnalist kimi sənətin çətin və mürəkkəb yollarında necə inkişaf edərək püxtələşdiyini izləməyə imkan verir. Kitabın ilk fəsli xalqımızın xilaskarı, azadlıq və müstəqilliyimizin baş memarı, öz adını tarixə qızıl hərflərlə yazmış ulu öndər Heydər Əliyev haqqında maraqlı yazılarla zəngindir.
Digər fəsillərdə Qarabağ uğrunda savaşda öz qələmini süngüyə çevirərək daim əsgər və zabitlərimizin yanında olan müəllifin vətənpərvərlik mövzusunda və qəhrəman oğullarımızın döyüş hünərindən bəhs edən silsilə oçerkləri toplanıb. Onun “reket” jurnalistika, müasir ədəbi proses və sair barədə məqalələri, “Məhəbbət olmayanda” və “İki mollanın bir hekayəti” adlı nəsr əsərləri də maraqlı üslubları ilə seçilir.
Ə.DOSTƏLİ
XQ

