Rektor: Əhali ilə sosial iş xüsusi əhəmiyyət kəsb edir

post-img

“Son zamanlar mövcud münaqişə ocaqlarına yenilərinin əlavə olunması, o cümlədən ekoloji və təbii fəlakətlər dünyada ciddi sosial problemlərin mövcudluğunu və onların elmi nöqteyi-nəzərdən araşdırılmasının zəruriliyini ortaya qoyur”. 

XQ xəbər verir ki, bunu Sosial İş və Sosial Tədqiqat beynəlxalq elmi konfransında çıxışı zamanı Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva deyib.

Rektor bildirib ki, yeni sosial-iqtisadi və siyasi şəraitdə əhali ilə sosial iş xüsusi əhəmiyyət kəsb edir. Getdikcə daha çox ölkə özünü əsas fəaliyyət parametrləri ilə sosial yönümlü olaraq qəbul edir. Bu mənada Azərbaycan da ölkə Prezidenti səviyyəsində sosial siyasət sahəsinə xüsusi diqqətini dəfələrlə elan edib. Ölkədə həyata keçirilən böyük sosial layihələr, ölkə büdcəsinin əhəmiyyətli hissəsinin sosial sahəyə yönəldiməsi də bunu sübut edir. Bu istiqamətdə Azərbaycanın birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir.

Səadət Əliyeva əlavə edib ki, konfransın təşkili prosesində beynəlxalq elmi mühitin göstərdiyi diqqət onun mövzusunun doğru seçildiyini göstərir. Göstərilən marağı nəzərə alaraq universitetin elmi şurasının qərarı ilə növbəti il konfransın ikincisi təşkil olunacaq. Rektor əldə edilmiş nəticələrin bütün iştirakçılar üçün faydalı olacağına və təklif olunan tövsiyələrin praktiki fəaliyyətdə öz tətbiqini tapacağına ümid etdiyini bildirib, konfrans iştirakçılarını bir il sonra keçirilməsi nəzərdə tutulan növbəti görüşə dəvət edib. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat