Gəncənin ekoloji parkı, idman sarayı...

post-img

Bu sosial obyektlərin hərəsi şəhərin müxtəlif yerlərində ucaldılıb. Biri Gəncəçayın sağ sahilində, hazırda son tamamlama işləri aparılan, ölkəmizin hələlik yeganə Ekoloji Park Kompleksidir. Bu unikal obyekt yerli və xarici turistlərin ən sevimli məkanına çevrilməklə yanaşı, həm də istənilən mövsümdə öz yaşıllığı ilə göz oxşayacaq.

Kompleks MKTİB-nin yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində salınıb və 11 hektar ərazini əhatə edir. Ümumi sahəsi 2100 kvadratmetr olan üçmərtə­bəli oranjereya binasının hündürlüyü 22 metrdir. Tikilinin əsas hissəsi dəmir-be­ton, metal və şüşə-vitraj konstruksiyalar­la yığılıb. Fərqli dizaynı ilə seçilən komp­leksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılıb. Burada istənilən fəsildə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinqləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya bi­nasının daxilində bitkilərin normal inkşa­fını təmin edəcək xüsusi isitmə və hava­landırma sistemləri quraşdırılıb.

Ekoloji Park Kompleksin ərazisində əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektlərinin yerləşdirilməsi də planlaş­dırılıb. Bura gələn ziyarətçilər həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinqlərinin yetişdirilməsi işləri ilə tanış ola biləcəklər. 

Parkın ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji parkın Gəncə çayı tərəfdəki ərazisində hasar­lama 540 ədəd sərv ağacı əkilib, binası­nın ətrafına isə mozaika daşları döşənib. Kompleksin girişində Ekoloji parkın rəmzi hesab olunan "Zeytun ağacı insan ov­cunda" abidəsi qoyulub. 

Qeyd edək ki, Azərbaycanda pilot layihə olaraq ilk dəfə Gəncə şəhərində reallaşdırılan Ekoloji Park Kompleksində hazırda qazon salınır, mövcud yaşıllıq zolağına aqrotexniki qulluq göstərilir və tikilinin daxilində son tamamlama işləri həyata keçirilir.

Başqa bir nəhəng obyekt də şəhərin çox görməli və səfalı guşəsində ucaldı­lıb. Bu, Heydər Əliyev Park Kompleksin giriş hissəsinə yaxın ərazidə salınan nəhəng İdman Sarayıdır. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, in­şasında son tamamlama işləri sürətlə aparılan kompleksdə, yerli və beynəlxalq yarışların keçirilməsi üçün hərtərəfli şəra­it yaradılıb. 

Ümumi sahəsi 16 hektar olan Gəncə İdman Sarayı ölkəmizdə beynəlxalq olim­piya normaları çərçivəsində inşa edilən ən böyük idman qurğusu hesab edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev obyektdə tikinti işlərinin ge­dişi ilə yaxından tanış olarkən “bu çox böyük layihədir. Deyə bilərəm ki, Azər­baycanda bu boyda İdman sarayı yoxdur, hətta Bakı şəhərində”, – deyə bildirib. İki­hissəli saray 4 və 5 mərtəbədən ibarət­dir. Beynəlxalq turnirlərin keçirilməsi üçün bu məkanda 3 min tamaşaçı tutum­lu böyük idman zalı, üzgüçülük hovuzu, ümumilikdə isə idmanın 14 növü üzrə zal və məktəblər fəaliyyət göstərəcək.

Gəncə İdman Sarayında kafe və restoranların, 160 idmançı üçün otel kompleksinin olması da yerli və xarici komandaların məşq etməsinə, burada gecələməsinə və istirahətinə imkan ya­radacaq.

…Gəncə Şəhər Stadionunun ərazi­sində salınan Gəncə Futbol Akademiyası da qapılarını açmağa hazırdır. Hazırda burada mebellər yerbəyer edilir, digər avadanlıqlar quraşdırılır, inzibati binanın ərazisinə yeni yaşıllıqlar salınır, abadlıq işləri görülür. Bu günlərdə Akademiyada aparılan işlərin gedişi ilə yaxından tanış olmaq üçün obyektdə olduq. Avqust ayın­dan Akademiyaya rəhbərlik edən Cabir İbrahimov burada yaradılan şəraitlə bizi tanış etdi və iftixarla bildirdi ki, belə bir Akademiya binası heç Bakı şəhərin­də, eləcə də digər şəhər və rayonlarda yoxdur.

Uşaq və yeniyetmə idmançıların peşəkar futbolla yaxından məşğul olması üçün hər cür şərait yaradılıb. Gözəl ya­taq, məşğələ, istirahət otaqları, akt zal­ları və digər otaqlar müasirliyinə görə də diqqəti cəlb edir, göz oxşayır.

Gəncə Azərbaycanın ikinci böyük şəhəri olması ilə həmişə fəxr edir və ça­lışır ki, bu adı daim doğrultsun. Hazırda şəhərdə geniş abadlıq-quruculuq, yaşıl­laşdırma işləri həyata keçirilir, illər uzunu asfalt üzünə həsrət qalan yollar öz görkə­mini dəyişir, içıqlandırma sistemi yenilə­nir, müasir səviyyəyə çatdırılır. Doğrudur, bir ara şəhərdə su və kanalizasiya xətti­nin çəkilişi layihəsində müəyyən işlər lən­gidiyindən, yolların və küçələrin abadlaş­dırılmasında da fasilələlər yaranmışdı. Lakin həmişə olduğu kimi, bu dəfə də ölkə Prezidentinin böyük qayğısı nəticə­sində Gəncə yenə geniş tikinti meydanını xatırladır. Elə yuxarıda haqqında söhbət açdığımız 3 nəhəng obyekt dediklərimizə əyani sübutdur.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri 

Gəncə

Sosial həyat